Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərhum aktyorla vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək uzun illər unudulmaz rollarla səhnəsinə çıxdığı Akademik Milli Dram Teatrında baş tutacaq. Azərbaycanın əvəzolunmaz sənətkarlarından olan Yaşar Nuri son mənzilə məhz ən çox sevdiyi məkandan yola salınacaq.
***
Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru Yaşar Nuri bu gün səhər saatlarında vəfat edib. Bu barədə ANS TV-yə mərhumun həyat yoldaşı xəbər verib.
Xatırladaq ki, 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. Aktyor 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində İstanbulun “Memorial” xəstəxanasında müalicə alıb. Ötən ilin noyabrında onun səhhəti yenidən pisləşib. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib, Bakı Mərkəzi Gömrük Hospitalında müalicə alıb.
Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, məşhur Azərbaycanlı artist M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.
1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. “Yaramaz”, “Yol əhvalatı”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama” kimi məşhur filmlərdə, “Yarımştat”, “Göz həkimi”, “Kişilər” kimi teletamaşalarda rol oynayıb.
Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!