“Gülər Əhmədovaya cadu ediblər, amma onun…”
Almaz Yolçuyeva siyasətçiləri və məşhurları gələn il gözləyən hadisələrdən danışdı
Tanınmış ekstrasens Almaz Yolçuyeva “Yeni Müsavat” qəzetinə müsahibə verib. Onunla 2013-cü ildə ölkə siyasətçilərini və məşhur adamları nələrin gözlədiyi barədə, o cümlədən ekstrasensin Azərbaycan haqda verdiyi proqnozlardan danışdıq.
– Almaz xanım, müğənnilər yanınıza nə üçün gəlir?
– Ancaq öz işləri ilə bağlı müraciət edirlər. Ayrı heç bir şey.
– Tanınmışlardan kimlər xidmətinizdən istifadə edir?
– Ad açıqlamağı sevmirəm. Əgər kimsə sirrini mənə verirsə, bunu necə açıqlaya bilərəm? Müştərilərimin anonimliyini saxlayıram. Mən heç vaxt heç yerdə “klient”imin adını açıqlamamışam, heç açıqlamaram da. Daha çox, gecə saat 2-4-dən sonra yanıma gəlirlər. Gecə gəlirlər ki, onları görən tanıyan olmasın. Özləri də yalvarır ki, heç kimə heç nə deməyim, amma səhəri günü efirlərə çıxıb deyirlər ki, biz belə şeylərə inanmırıq.
– Sizə yalnız müğənnilər müraciət edir, yoxsa başqa sahədə çalışan insanlar da?
– Əlbəttə ki, bütün sahələrdən gələnlər var. Siyasətçi də var, sadə insan da.
– Bəs 2013-cü ildə şou-biznes əhlini nə gözləyir?
– Şou-biznesdə çox ağır itkilər baş verəcək. Çoxlu zəifləmələr olacaq. Xəstələnən, fəaliyyətində zəifləyənlər də olacaq. Bir dəfə də demişdim, indi də deyirəm ki, 2013-cü ildə 5 kişi, 3 qadın müğənni öləcək.
– Elza Seyidcahanın heç vaxt ərə getməyəcəyini demişdiniz. Yeni ildə də onun “bəxti açılmayacaq”?
– Mən onun ailə həyatı quracağını görmürəm. Yalandan nə deyim?!
– Flora Kərimova deyir heç bir falçı deyə bilməz ki, mən onun yanında olmuşam. Sizcə, Flora xanım falçı yanına gedir?
– Flora xanım haqda yalnız onu deyə bilərəm ki, ona çox hörmətim var. Ailəmiz o insanı çox sevir. Onun səsinin vurğunuyam. Demirəm ki, o, mənim yanımda olub. Onun haqqında nəsə deyə bilmərəm. Hissiyyatımla deyirdim ki, o, falçı yanında olub. Bəlkə də o, heç vaxt falçı yanına getməyib.
– Yeni ildə müğənnilərdən kimlər uğura imza atacaq?
– Aygün Kazımova üçün uğurlu il olacaq. Manaf Ağayev də çox sürprizli həyat quracaq. Onların çoxlu şansları olacaq. Müğənni Üzeyir Mehdizadə üçün də çox uğurlu il olacaq.
– Bəs hansı müğənnilər uğursuzluğa uğrayacaq?
– İstəməzdim həmin müğənnilərin adını açıqlayım. Amma belələri çox olacaq.
– Bəs Rəqsanəni nə gözləyir?
– Mən Rəqsanə üçün ölürəm. Xahiş edirəm bunu yazın. O xanımı hədsiz dərəcədə çox istəyirəm. Bəziləri onun haqqında pis düşünür. Amma çox yaxşı qızdır. O, qabağa getdiyi üçün ayağından çəkməyə çalışırlar. Mənim müğənnilər içində daha çox istədiyim, mahnılarını sevdiyim Manaf Ağayev və Rəqsanədir. Qazaxlı Eldar adlı bir müğənni də var. O da gələn il böyük uğurlara imza atacaq.
– Əli Mirəliyev tez-tez efirdə olan müğənniləri yıxıb-sürüyür. Ona fəxri ad verilməməsindən gileylənir. Ümumiyyətlə, nə vaxtsa Əli Mirəliyev də fəxri ad ala biləcəkmi?
– O, bu il xəstələnməsə yaxşıdır. O, çox qalmaqallara girişir. İstəyir ki, məşhurlaşsın. Təbii ki, tanına bildi. Fəxri ad almağına gəlincə isə o, buna layiq görüləcək. Amma xəstələnənə yaxın. Yaxın gələcəkdə onun həyatında ciddi problem yaşanacağını görürəm.
– İlhamə Quliyeva haqda nə deyə bilərsiniz?
– İlhamə xanım ürəyi təmiz insandır. Onda kin deyilən şey yoxdur. Qəlbi çox təmizdir. O insanın ürəyini oxuya bilirəm. Onun da uğurları olacaq.
– Bu yaxınlarda İbrahim Tatlısəs müalicə almaq üçün həmkarınız Nuridə Küskünün yanına gəlmişdi. Sizcə, Nuridə xanım onu sağalda bildi?
– Nuridə Küskün İbrahim Tatlısəsə nə edəcək ki?! Güllə vurulmuş insanı necə sağaltmaq olar? Nuridə Atəş adlı ekstrasensin adını isə təzə eşidirəm (biz belə ad çəkmədik-red.). Onu tanımıram. Mən şəxsən İbrahim Tatlısəsin güllə yarası almağını 15 gün əvvəlcədən demişdim. Şahidlərim də var. Onlar da Qurana and içə bilər ki, bu, belədir. Allaha and olsun ki, 15 gün əvvəldən mən onun xəsarət alacağını demişdim. Düzünü deyim ki, güllə yarası yox, bıçaq yarası alacağını demişdim. Onsuz da hər ikisi soyuq (?-red.) silahdır. Allaha and olsun, bunu dilimdən eşidən adamlar rayondan zəng edib mənə dedilər ki, sənin proqnozun düz çıxdı, İbrahim Tatlısəsi güllə ilə vurublar.
–
Deməli, sizin proqnozunuz düz çıxıb…
– Bəli. Mən öz dediklərimə inanıram. Kənardakıları məcbur etmirəm ki, mənə inansınlar. Mən öz qohumlarıma – anama, bacıma, qardaşıma baxmağa qorxuram. Onlardan xahiş edirəm ki, bunu məndən istəməsinlər. Çünki dediklərim düz çıxır. Onların gələcəyini görməkdən qorxuram. Mən hadisələri əvvəlcədən görə bilirəm. Özümə çox inanıram.
– Deməyinizdən belə çıxır ki, İbrahim Tatlısəsi heç bir ekstrasens sağalda bilməz…
– Bir var cadu-əməl, bir də var həkim. İbrahim Tatlısəsə cadu edənlər o qədərdir ki… Amma onu sağaltmaq həkimin öhdəsinə düşür. Bu, ekstrasensin işi deyil. İboya heç bir ekstrasens kömək edə bilməz. Onun bura gəlməyinin də mənası yox idi. Onun cadularını təmizləmək olar, amma sağaltmaq işi yenə də deyirəm ki, həkimlikdir.
– “Qiyamət günü” ilə bağlı nə deyə bilərsiniz?
– Qətiyyən heç bir şey olmayacaq. Xarici dövlətlərin telekanalları da bununla bağlı məndən rəy öyrənib. Sizi əmin edirəm ki, həmin gün adi bir gün olacaq. Qorxulu heç bir hadisə olmayacaq. Yalnız hansısa bir təbiət hadisəsinə görə müvəqqəti olaraq işıqlar sönə bilər. Təbii ki, hər bir insanın sonu gələcək. Amma bunun konkret tarixini Allah bilir.
– Almaz xanım, özünüzə rəqib görürsünüzmü?
– Özümdən güclü ekstrasens heç kimi görmürəm.
– Bəs ölkə siyasətçilərini 2013-cü ildə nə gözləyir?
– İstəməzdim onlar haqda nəsə deyim. Bunu özləri desələr yaxşıdır.
– Sizcə, İsa Qəmbər və Əli Kərimlinin 2013-cü ildə prezident olmaq şansı varmı?
– Onları hələ ki, prezident kimi görmürəm. Onların gələn il də uğuru olmayacaq.
– Bəs prezident kürsüsündə kimi görürsünüz?
– Bunu deməyəcəm. Amma gördüyümü görürəm. O insanı prezident kimi görürəm. Amma adını soruşmayın, açıqlamaq istəmirəm. Çünki siyasətdən danışanda bizə hədə-qorxu gəlirlər. Əlbəttə, məni öldürən günahlarımı öz boynuna götürəcək. Mən heç kimdən qorxmuram. Amma mən Azərbaycan haqda çox şeylər görürəm. Bəzən mənə deyirlər, sən kimsən ki, Azərbaycan haqqında danışırsan. Amma biz də insanıq. Brejnev ekstrasensin məsləhəti ilə pişiklə hərəkət edirmiş. Onu pişik qoruyurmuş. Mən demirəm ki, biz tanrıyıq. Amma bizə də inanmaq lazımdır. Bizə ehtiyac həmişə olub və olacaq. Ekstrasenslər Azərbaycanı nə gözlədiyini çox yaxşı görürlər.
– Bizim əməkdaşımız Azər Rəşidoğlu da maraqlanır ki, onu 2013-cü ildə nə gözləyir?
– O, qarabuğdayı insandır. Ona deyin ehtiyatlı olsun. Çünki ona hədə-qorxu gəlmək istəyirlər. Mən bir şeyi qeyd etmək istəyirəm. Turan İbrahimov efirdən kənarlaşıb deputatlığa namizədliyini verdi. Mən bilirdim ki, o, deputat olmayacaq. Yatsa da yuxusunda bunu görə bilməzdi. Turana dedim ki, sən efirlərə çıxsan, mən adımı dəyişərəm. Mənə dedi sən peyğəmbərsən, yoxsa Allah. Dedim əstəğfürullah, dəymə qəlbimə, dəyməzlər qəlbinə. Məndən üzr istə. Ondan sonra Turan yoxa çıxıb.
– Deputat demişkən, sabiq deputat Gülər Əhmədova barədə nə deyə bilərsiniz?
– Mən onun haqqında konkret nəsə deyə bilmərəm. Amma hakimiyyətdə olanların çoxu həbs olunacaq. Mən bunu görürəm. Çoxları da işini itirəcək. Gülər xanıma gəlincə, demək istəyirəm ki, əməl-cadu ilə insanın yolunu bağlayırlar. İnsan şeytan cildinə girir. Onun cin-şeytanla ağlını başdan alıblar. Gülər Əhmədovaya əməl-cadu ediblər. Buna baxmayaraq, Gülər xanım haqqında qorxulu heç bir şey görmürəm. İnanıram ki, onun üçün gələn il çox yaxşı olacaq.
– Gələn il ölkədə qanlı hadisələr olacaqmı?
– Bəli, olacaq. Mən Neft Akademiyasında baş verən terror hadisəsindən bir gün əvvəl efirə baxan vaxt qəfildən ağladım. Bunun olacağı mənə agah olmuşdu. Belə hadisənin biri də 2013-cü ildə ola bilər. Mən belə qanlı hadisənin olacağını görürəm. Bilirsiniz, bunu edənlər ölkəmizin paxıllığını çəkənlərdir. Bizim dövlət irəlidə gedir. Bəzi inkişaf edən ölkələrdən də öndə gedirik. Bizim ölkəmiz artıq inkişaf edib. Qeyri-dövlətlərdən gözü götürməyənlər belə bir qanlı hadisəni edə bilərlər.
– Xarici ölkələrdən necə, sizə müraciət edənlər olurmu?
– Mənə hər yerdən müraciət edənlər var. Xarici ölkələrdən tanınmış simalar – aparıcı, aktyor, aktrisa, müğənni, iş adamları və başqaları müraciət edir və nəticəni görürlər.
musavat.com