İpoteka əldə etməkistəyənlərə şadxəbərvar. İpoteka şərtlərinə yeni dəyişikliklər ediləcək. Rəsmi strukturlar bildirir ki, dəyişikliklər ipoteka şərtlərinin yüngülləşdirilməsinə yönəlib.
Dövlət başçısının sosial ipotekanın yuxarı həddinin 50 min manata çatdırılması ilə bağlı sərəncamından sonra Mərkəzi Bank adi ipoteka şərtlərinin dəyişdirilməsi haqqında təkliflər hazırlayıb. Yeni təkliflər qəbul olunarsa, bunun vətəndaşların mənzil təminatına əhəmiyyətli təsir edəcəyi gözlənilir.
Mərkəzi Bankın sədr müavini Xaqani Abdullayevin dediyinə görə, hal-hazırda klassik, yəni bazar ipotekası üzərində intensiv işlər aparılır: “Onların şərtlərinin yumşaldılması və bütövlükdə ipotekaya çıxış imkanlarının yaxşılaşdırılması təklifləri işlənilir, dəqiqləşdirilir. Ümid edirik ki, yaxın vaxtlarda bu sahədə mühüm irəliləyişlər olacaq”.
Xatırladaq ki, bu gün Azərbaycanda İpoteka Fondunun xətti ilə adi ipoteka maksimum 50 min manat olmaqla, 8%-lə 25 illiyə verilir. Bu zaman ilkin ödəniş olaraq məbləğin 20%-nin ödənməsi tələb olunur. İqtisadçıların dediyinə görə, ipoteka kreditlərinin vətəndaşlara daha əlçatan olması üçün ilk növbədə məhz bu şərt dəyişilməlidir.
İqtisadçı Samir Əliyev hesab edir ki, ilkin ödəniş azaldılmalıdır: “Sənədlər çox tələb olunur. Bu sənədlərin sayı azaldılmalıdır”.
İpoteka almaq istəyən vətəndaşların qarşılaşdığı ən əsas problemlərdən biri də gəlirlərinin rəsmiləşdirilməsidir. Xüsusilə bu, şəxsi biznes və təsərrüfatla məşğul olan insanlara aiddir.
İpoteka kredilərinin faiz dərəcəsinə gəlincə isə, dövlət xətti ilə verilən adi ipotekanın faizi nisbətən əlverişli 8% olsa da, kommersiya bankları 15-20%-lə təklif edirlər. Dövlət İpoteka Fondunun xətti ilə imtiyazlı şəxslərə tətbiq olunan güzəştli ipoteka isə 4%-lə verilir. Müqayisə üçün bildirək ki, dövlət tərəfindən verilən ipoteka kreditlərinin faizi qonşu Türkiyədə 1,5%-dir.
Xatırladaq ki, mənzilə daha çox ehtiyacı olan gənc ailələr üçün ipoteka şərtlərinin yumşaldılması təklifini Gənclər və İdman Nazirliyi də Nazirlər Kabinetinə təqdim edib.