“Daş yuxular” ətrafında yaranmış ajiotajda məni bircə sual düşündürür: Əkrəm Əylislinin bu əsəri yazmaqda əsl məqsədi nə olub?
“Daş yuxular”ı yazdığına, bizim, təkcə bizim deyil, elə tarixin də, zamanın da, ürəyin də, vicdanın da, ağlın da bildiyi həqiqətləri erməni “həqiqətlərinə” qurban verdiyinə görə əksəriyyət qınadı və qınamağa davam edir onu. Bu qınağın rəngi bəzən tünd, bəzən yersiz, bəzən bayağı, bəzən ucuz olur, bəzən əndazəni aşır. Əkrəm Əylislini müdafiə edənlərin də arqumentləri elə yazıçının özünün mövqeyi kimi çox zəif təsir bağışlayır, inandırıcı gəlmir. Bu kampaniyalar, “zəhmətkeş məktubları”, kitab yandırma, söyüş söymə aksiyaları, eləcə də əkrəmsevərlərin canıyananlığı ilə işim yoxdur, kim necə istəyir, elə də qiymət versin bunlara. Mənim sualım başqadır; axı niyə bu əsər belə yazıldı?
Yazıçı özü izahat verir ki, düşündüyünü, gördüyünü yazıb, vəssalam. Başqa şeylər də deyir, amma o başqalarla işim yoxdur (“xalqlar dostluğu” və digər bu kimi pafoslar).
Bəziləri onun Orxan Pamukun yolu ilə getdiyini, Nobel almaq istədiyini deyirlər. İnandırıcıdır, amma inanmayanları da qınamayaq.
Bir qisim deyir ki, Əkrəm Əylislinin erməni qarışığı var, içində birdən-birə milli hissləri oyanıb. Hər halda, bunu əylislilərdən soruşmaq lazımdı – bu kişinin soyunda, kökündə erməniliklə bağlı nəsə olubmu, ya varmı – onlar daha düzünü bilərlər. Əkrəm Əylisli özü də buna cavab verə bilər, verir də, amma ona qulaq asan, inanan çox azdı, çünki dedikləri etibarlı sayılmır artıq, çünki “Daş yuxular”ıyla əksəriyyətin etimadını və etibarını itirdi bu ağsaqqal vaxtında.
Hərdən ağla gəlir ki, Əkrəm müəllimin ahıl yaşında postmodernistliyi tutub, fərqli görünmək istəyib. Axı bizdə dəbdi – yerli-yersiz əksəriyyətin doğru bildiyi bir şeyin əleyhinə çıxıb, əksini söyləyirsən və deyirsən ki, postmodernistəm. Bizdə posmodernistlik “Ağ qarğa”lıqla eyni mənanı daşıyır çox vaxt.
“Daş yuxular”ın bədii cəhətdən də zəif olduğunu, Əkrəm Əylisli qələminə, istedadına yaraşmadığını deyir ədəbiyyatşünaslar.
Onda nə? Nədi bu əsəri yazmaqda məqsəd? Bu sualın səmimi cavabı nədi?