Xalid KAZIMLI
samir_sari@mail.ru
ERMƏNİLƏR SEÇDİ, QALDIQ BİZ
Ermənistandan gələn seçki xəbərləri ziddiyyətlidir. Seçkilərdə ciddi pozuntuların yer alması deyilir: yalan məlumatlar yayılıb, səsvermənin nəticələri saxtalaşdırılıb, səsverməyə bir gün qalmış təbliğat aparılıb və sair. Müxalifətçi namizədlər seçkinin ciddi şəkildə saxtalaşdırıldığını bəyan ediblər.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland isə bildirib ki, Ermənistanda keçirilən prezident seçkiləri bütövlükdə yaxşı təşkil edilib, əsas insan azadlıqlarına əməl olunub.
Beləliklə, dünya əhalisinin “demokratiyanın beşiyi, dayağı, hamisi” kimi qəbul etdiyi ABŞ fəaliyyətdə olan prezident Serj Sarkisyanın 58,64 faiz səs toplayaraq, qalib elan olunmasını müsbət qarşılayıb.
Nuland ATƏT-in müşahidə missiyasına da istinad edib, qurumun seçkilərin yaxşı təşkil edilməsi və əsas azadlıqlara, o cümlədən, sərbəst toplaşma və fikir azadlığına hörmət olunması ilə bağlı ilkin rəyini dəstəklədiklərini bildirib.
Söz yox ki, Dövlət Departamentinin sözçüsü seçki prosesinə müdaxilə hallarından da söz açıb, bir sıra ciddi nöqsanlar olduğunu qeyd edib və həmin halların araşdırılmalı olduğunu deyib.
Aydın məsələdir ki, bir sənədə kafi qiymət verəndən, onu qəbul edəndən sonra “araşdırılmalı olan hallar”ın qeyd olunması daha çox ədalətli görünmək istəyindən irəli gəlir.
Serj Sərkisyanın idarəetmə üsullarını, komandasını yaxşı tanıyan, Ermənistandakı gerçək vəziyyətə yaxından bələd olan şəxslər yaxşı bilirlər ki, nə Rusiyanın, nə Amerikanın, nə də Avropa dövlətlərinin Ermənistanda keçirilən seçkiyə verdikləri və əsasən üst-üstə düşən rəyləri həqiqəti o qədər də əks etdirmir.
Zatən, ABŞ və Rusiyanın müvafiq rəylərinin üst-üstə düşməsinin özü, prinsipcə, şübhəli məqamdır. Çünki bu iki dövlətin rəyi çox nadir hallarda üst-üstə düşür və bunun da bariz nümunəsi 2003-cü ilin payızında Azərbaycanda keçirilən prezident seçkilərindən sonra olmuşdu. O zaman Rusiya birmənalı olaraq seçkinin tam normal təşkil olunduğunu bəyan etmişdi, ABŞ isə seçkilərdə “müəyyən pozuntular” olduğunu qeyd edərək, prosesi “irəliyə doğru addım” kimi dəyərləndirmişdi.
Ancaq indi ABŞ-ın Ermənistandakı son seçkilərə münasibəti “irəliyə doğru addım” qiymətindən də bir addım irəlidir. Görünür, bu seçkilər ənənəvi seçkilərdən bir qədər fərqlənib. Bunu qismən seçkilərin nəticələrinə dair açıqlanan rəqəmlər də göstərir. Sarkisyanın 58, onun əsas rəqibinin isə 36 faiz səs topladığı sənədləşdirilib.
Total şəkildə saxtalaşdırılan seçkilərdə adətən “qalib”in səs faizi azı 76, çoxu 98 faiz olur. Elə bu rəqəmlərdən hamı başa düşür ki, orada seçki keçirilib, yoxsa seçki məzhəkəsi.
Avtoritar rejimlərdə seçkilərlə bağlı bir ənənəvi nüans da olur: namizədlərin sayı nə qədər çox olsa da, fərqi olmur, səsvermənin ikinci turu olmur, hər şey birinci turdaca həll edilir. Bunun özü də saxtakarlığa, əyinti-pozuntulara dəlalət edən faktdır. Bəlli olduğu kimi, bu dəfə də Ermənistanda seçkinin taleyi erkən həll olundu, demək, torbada pişik var.
Hər halda, qonşu ölkədə, Azərbaycana düşmən kəsilmiş dövlətdə keçirilən və dünya tərəfindən irəliyə doğru ciddi addım kimi dəyərləndirilən seçki ölkəmiz üçün bəlli bir ölçüdə problem yaradacaq.
İndi Azərbaycan iqtidarı çalışmalıdır ki, ən azı Ermənistandakı kimi, hətta ondan da yaxşı, dürüst, ədalətli seçki keçirsin. Bunun əksi olacaqsa, Azərbaycanın onsuz da son illərdə zədələnmiş reputasiyası daha bir sarsıdıcı zərbə alacaq.
Düzdür, hakimiyyəti əlində saxlayan, bu üsulla hüdudsuz var-dövlətə, şan-şöhrətə, komforta çıxış əldə edən güruh üçün ölkənin reputasiyasının hansı günə düşəcəyi elə də əhəmiyyətli deyil, ancaq bu durumun Qarabağ münaqişəsindəki mövqeyimizə necə geridönməz təsir göstərəcəyini proqnozlaşdırmaq çətin deyil. Dünya birliyi “demokratiya yolunda inamla irəliləyən Ermənistan”ı qoyaraq, orta əsrlərin avtorkartik monarxiya idarəetmə üsulunu yaşadan və inamla irəli aparan ölkənin yanında yer almaz.
Bu baxımdan Ermənistanda keçirilən seçkilər bizim ibrət dərsi götürməyimiz üçün faydalıdır. Biz ağırlıq qaldıran atlet kimi hərəkət etməli, daha ağır çəki sifariş edərək, onu qaldırıb, önə çıxmalıyıq – Qarabağın naminə.