Seçkini boykot hakimiyyətə hədiyyə ola bilər
Ermənistanda fevralın 18-də keçirilmiş prezident seçkilərində müxalif iddiaçılardan heç biri iştirak etmədiyinə görə Serj Sərkisyan güclü olmayan rəqiblərlə üz-üzə qaldı. S.Sərkisiyana ən güclü rəqib ola biləcək Levon Ter-Petrosyan seçkidə iştirak etmədi, prezidentə ikinci ən güclü rəqib oliqarx Qaqik Sarukyan ola bilərdi, ancaq o da namizədliyini vermədi, Daşnak Partiyası da güclü rəqib irəli sürə bilərdi, ancaq sürmədi. Nəticədə formal xarakter daşıyan seçkilərdə prezident Sərkisyan qələbəsini təmin etdi. Bu vəziyyət beynəlxalq birliyi də fakt qarşısında qoyduğu üçün Sərkisyanın legitimliyi tanındı.
Ekspertlərin fikrincə, əgər Ermənistanın əsas müxalifət partiyaları və liderləri seçkidə iştirak etsəydilər, indikindən fərqli vəziyyətin yaranacağı istisna deyildi.
Bəzi ekspertlər hesab edirlər ki, Ermənistanda keçirilən seçkilər, onun nəticələrindən doğan təcrübə oktyabr ayında Azərbaycanda keçiriləcək seçkilərlə bağlı veriləcək bir sıra qərarlara təsirini göstərməlidir. Xüsusilə də bəzi qüvvələr seçkini boykotun hakimiyyətə hədiyyə olduğunun yəqin ki, Ermənistan təcrübəsindən sonra fərqinə vardılar.Bu mövzuda fikirlərini bölüşən politoloq Zəfər Quliyev bildirdi ki, həm seçki prosesi, həm daxili siyasi məsələlərlə bağlı iki Cənubi Qafqaz ölkəsi – Azərbaycan və Ermənistan arasında çox oxşarlıq var. Lakin buna baxmayaraq, fərqlər də var. Birincisi, Azərbaycandan fərqli olaraq Ermənistan birmənalı Rusiyanın siyasi təsiri altındadır. Ermənistanda həm iqtidarda, həm müxalifətdə olan siyasi qüvvələrin əksəriyyəti Moskva ilə bağlıdır. Eyni zamanda seçki prosesinin özü birbaşa Moskvanın nəzarəti altında gedir. Ona görə də seçkilərdə heç bir sürpriz baş vermir: “Bu amil hətta Ermənistanın bəzi qüvvələrinin builki seçkilərdə iştirak etməməsinə təsir etdi. Başa düşdülər ki, seçkidə iştirakın mənası yoxdur. Onsuz da Moskva Serj Sərkisyanı seçib. Azərbaycanda isə builki seçkilər ilk dəfə olaraq hakimiyyət üçün daha çətin bir vəziyyətdə gedir. Ona görə ki, iqtidara nə Rusiyanın, nə də Qərbin birmənalı dəstəyi hiss olunmur. Eyni zamanda daxili dəstək də yoxdur. Sosial narazılıq güclənib, hakimiyyət daxilində də ziddiyyətli proseslər gedir. Ermənistandakı vəziyyətdən daha bir ciddi fərq ondan ibarətdir ki, Serj Sərkisyan ikinci dəfə prezidentliyə namizəd oldu və seçildi. Bütün beynəlxalq, qəbul olunan ənənələrə görə ikinci dəfə prezidentliyə namizəd olmağa və seçilməyə onun ixtiyarı var. Bunun üçün ona qarşı heç bir beynəlxalq irad, etiraz yoxdur, çünki ikinci dəfə namizəd olurdu. Ermənistanda fevralın 18-də keçirilən prezident seçkilərini 2008-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə müqayisə etmək daha uyğundur. 2008-ci ildə İlham Əliyev ikinci dəfə namizədliyini verdi, əsas müxalifət qüvvələri seçkidə iştirak etmədi və hakimiyyət asanlıqla seçkini keçirib istəyinə nail oldu. Necə ki, indi Sərkisyana beynəlxalq dəstək müşahidə olunur, o zaman da İlham Əliyevə dəstək oldu. İlham Əliyevin real müxalifət qüvvələrinin qatılmadığı seçkidə qalib gəlməsini həm Rusiya, həm Qərb normal qəbul etdilər”.
2013-cü ildə Azərbaycanda prezident seçkilərinə isə politoloq hesab edir ki, bir az fərqli münasibət ola bilər: “Birinci ona görə ki, İlham Əliyev üçüncü dəfə seçilmək istəyir. Gözləmək olar ki, əsas müxalifət qüvvələrinin iştirak etdiyi seçkidə İlham Əliyev üçüncü dəfə namizədliyini versə və seçki saxtalaşdırılsa, beynəlxalq münasibət Ermənistandakı seçkilərə münasibətdən fərqli ola bilər. Hakimiyyət daha sərt münasibətlə üzləşə bilər. Ona görə də əsas müxalifət qüvvələri, mütləq seçkidə iştirak etməlidirlər. Ermənistan təcrübəsi də göstərdi ki, əsas müxalifət qüvvələrinin seçkiyə qatılmaması hakimiyyətə yaxşı hədiyyədir. Belə vəziyyət hakimiyyətin işini asanlaşdırır, manevr imkanlarını genişləndirir ”.
Z.Quliyev vurğuladı ki, seçkidə aktiv iştirakı həm daxildə gedən proseslər, həm də yaranmış beynəlxalq fon diktə edir. Birincisi, seçkidə iştirak etməmək cəmiyyət tərəfindən qınanılacaq, ikincisi, hakimiyyətin xeyrinə olacaq. Hakimiyyət çox istəyər ki, 2008-ci ildəki kimi rəqabətsiz seçki keçirsin.
Etibar SEYİDAĞA