Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib. Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev dövlət başçısına məlumat verib ki, Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Tikintisinə ötən ilin iyun ayında başlanılan Qəbələ atıcılıq klubunun birinci mərhələsinin inşası tam başa çatdırılıb.
Bildirilib ki, 25 hektar dağlıq ərazidə klubun inzibati binası, atıcılıq yerləri üçün tirlər, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxana inşa olunub. Klubun ərazisində abadlaşdırılma işləri aparılmış, yaşıllıq salınıb, müasir işıqlandırma sistemi, əlavə generator quraşdırılmış və qazanxana inşa olunub.
Prezident İlham Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açıb.