“Azərbaycandakı sionist media İranda yaşayan müxtəlif etnik tayfalar arasında ixtilaf yaratmaq məqsədilə özlərini “Traktor” futbol komandasının hüquq müdafiəçisi kimi göstərməyə çalışırlar”. APA-nın “AranNews” saytına istinadən məlumatına görə, bunu İran parlamentinin deputatı Məhəmməd İsmayıl Səidi deyib.
O, Bakıda fəaliyyət göstərən KİV-in İranın daxili işlərinə qarışdığını iddia edərək, buna görə Azərbaycan səfirinin İran Xarici İşlər Nazirliyinə çağırılmasını istəyib: “Bu KİV-lər öz siyasi və qərəzli məqsədləri üçün əsasən “Traktor” futbol komandasından sui-istifadə edirlər. Halbuki təbrizlilər bütün həmvətənlərini sevirlər və bu duyğu İranda qarşılıqlıdır. “Traktor” İranın sevimli komandalarından biridir və bütün İran xalqı bu komandanı sevir. Təbriz əhalisi İranın müqəddəs bayrağının aşiqidir. Azərbaycan Respublikası öz mediasına nəzarət etməlidir. Çünki belə davam edərsə, bu, Azərbaycana baha başa gələ bilər. Azərbaycandakı sionist medianın daxili işlərimizə müdaxilə etməsinə sərt reaksiya veriləcək”.
Sayt yazıb ki, Azərbaycan mediası “Traktor” komandasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” komandası ilə oyunu zamanı stadionda bəzi qafil və qərəzli azarkeşlərin hərəkətlərini şişirdərək, İran əleyhinə geniş təbliğatlar aparıb.
Qeyd edək ki, fevralın 26-da Təbrizdə “Traktor” komandası ilə BƏƏ-nin “Əl-Cəzirə” klubu arasında keçirilmiş görüşdə “Traktor” azarkeşləri üzərində ingilis dilində “Güney Azərbaycan İran deyil” və “1992 Khojali Genocide” yazılmış plakatlar qaldırıblar. Plakatlar İranda ciddi narazılığa səbəb olub, yüzdən çox azərbaycanlı azarkeş həbs edilib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.