“Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə ən böyük hədələrdən biridir”. Bunu prezident İlham Əliyev Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bəyan edib. Onun sözlərinə görə, bu münaqişə dünyada ən böyük ədalətsizliklərdən biridir. Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, qətnamələr icra edilmir: “ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatlar da qətnamə və qərarlar qəbul ediblər. Təəssüf ki, bütün bu qətnamələr kağız üzərində qalır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri iyirmi ildən artıqdır ki, işğal atındadır”.
İlham Əliyev əlavə edib ki, bu məsələ beynəlxalq, həmçinin regional sabitliyə və təhlükəsizliyə ən böyük hədə yaradır: “Bu məsələ beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Biz münaqişənin dinc yolla həllinə göstərdiyimiz səyləri davam etdiririk. Lakin əfsuslar olsun ki, Ermənistan “status-kvo”nun mümkün qədər uzun müddət saxlanmasına və bacardığı qədər münaqişənin dondurulmasına çalışır. Lakin bu, mümkün olmayacaq. Çünki dünya dəyişir, regional tarazlıq dəyişir. Azərbaycan siyasi və iqtisadi inkişaf baxımından güclənir, Azərbaycanın qlobal miqyasda oynadığı rol artır. Buna görə mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna mümkün qədər tez nail olmaq istəyirik. Çalışırıq ki, bunu sülh yolu ilə edək”.