Martın 24-də Bakıda iki yanğın hadisəsi olub. Bir nəfər dünyasını dəyişib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda 1942-ci il təvəllüdlü Roşkova Svetlana Anatolyevnaya məxsus, ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzildə 3 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğın kəşfiyyatı zamanı ev sahibinin cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Digər yanğın hadisəsi isə Nərimanov rayonu ərazisində baş verib. Çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabelləri 80 p.m yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 6 sakin təxliyə, 1 hamilə qadın ilə azyaşlı uşağı isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.