Azərbaycanda avtomobillərin sayı son illər xeyli artıb. Onların əksəriyyəti ikinci əl olsa da, qiymətlər yetərincə yüksəkdir. Təzə avtomobillərdən heç danışmağa dəyməz. Paytaxtda dəyəri bəzən bir neçə yüz min olan avtomobillərə rast gəlmək adi hala çevrilib və maşınların da bəlli sahibləri var. Sıravi vətəndaşlar isə ya yerli, ya da qonşu Gürcüstanın avtomobil bazarlarında nisbətən ucuz maşınlar almağa üstünlük verir. Ancaq gömrükdəki rəsmi və qeyri-rəsmi ödənişlər maşının qiymətini xeyli artırır.
Qiymətlərin bahalığı bir çoxlarını avtomobili kreditlə almağa vadar edir. Ancaq bank faizlərinin yüksək olması da ciddi problemlər yaradır. Bir sözlə, Azərbaycanda maşınların qiyməti qonşu ölkələrlə, həmçinin Avropaya ilə müqayisədə çox bahadır. Onu da qeyd edək ki, ikinci əl avtomobil alan şəxslər əsasən Almaniya istehsalı olan maşınlara üstünlük verir. Bu da həmin avtomobillərin daha keyfiyyətli və Azərbaycanda ildə bir neçə dəfə təmir edilən yollarında daha dözümlü olması ilə izah olunur. Bu avtomobillərin də əksəriyyəti ya Gürcüstandan, ya da elə Almaniyanın özündən gətirilir. Ancaq Azərbaycana çatınca qiyməti xeyli artır. Bunu göstərmək üçün kiçik müqayisə də apardıq. Müqayisə edilən avtomobillərin motoru və yürüşü təxminən eynidir.
Almaniyada istifadə edilmiş avtomobillərin qiyməti olduqca aşağıdır. Bəzi modellər Azərbaycanla müqayisədə 10-15 min avro ucuzdur. Ölkəmizdə populyar olan bəzi maşınların qiymətində fərqi göstərək. Məsələn, 2004-cü il istehsalı olan BMW x5 (mühərrik – 4800 sm3) markalı avtomobil Almaniyada 10-12 min dollar olsa da, eyni komplektasiyalı avtomobilin ölkəmizdə qiyməti 35000 dollardır. Hətta 2000-2001-ci il istehsalı olan avtomobillərin də qiyməti 18-20 min dollar civarındadır.
2009-cu il istehsalı 1-ci seriya BMW-nin (mühərrik – 2000 sm3, yürüş – 55 min km) Almaniyada qiyməti 13 min dollardırsa, Azərbaycanda 2005-ci il istehsalı olan (yürüş – 78 min km) bu avtomobilin qiyməti 18 min dollardır.
2010-cu ilə istehsalı olan Opel Astra 1.6 Turbo avtomobili (yürüş 25 min km) Almaniyada 12 min dollardır. Bu qiymətə ölkəmizdə 2004-ci il istehsalı olan (yürüş 115 min km) Opel Astra almaq olar.
2009-cu il istehsalı olan Volkswagen Golf (mühərrik – 1600 sm3) istehsal olduğu ölkədə 8000 min dollaradır. Azərbaycanda isə 2002-2003-cü il istehsalı olan bu avtomobili təxminən 8-10 min dollara almaq mümkündür.
2012-ci il istehsalı olan Volkswagen Passat 1.8 TSI (yürüş – 0 km) Almaniyada 23 min dollardısa, Azərbaycan bu maşının qiyməti 35 min dollardan başlayır.
2011-ci il Volkswagen Tiguan (mühərrik – 2000 sm3, yürüş – 12 min km) vətənində 23 dollaradırsa, Azərbaycanda bu avtomobilin bir qədər köhnəsini (2009-cu il, yürüş – 65 min km) təxminən 30 min dollara almaq olar.
Ölkəmizdə ən populyar avtomobil markalarından olan Mersedes Benz-lərin də qiymətində xeyli fəiq var. Əgər Mercedes-Benz E 200 Kompressor (2010-cu il, mühərrik – 1800 sm3) Almaniyada 17 min dollaradırsa, Azərbaycanda eyni avtomobili 43 min dollara almaq olar.
2000-ci ildən əvvəl istehsal olunan avtomobilləri isə bir neçə yüz dollara əldə etmək olar. Azərbaycana gəlib çatanda isə qiyməti bir neçə min dollara çatır.
Bu siyahını uzatmaq olar. Ancaq kiçik müqayisə fərqi ortalığa qoymaq üçün kifayət edir.
Təbii ki, avtomobillərin istehsal olunduğu ölkədə daha ucuz olmasında qeyri-adi heç nə yoxdur. Ancaq ikinci əl maşınlar Almaniyada xeyli ucuz olduğu halda Azərbaycana iki dəfə, bəzən hətta bir neçə dəfə baha qiymətinə gəlib çıxması normal hal deyil. Bunun səbəbi isə hər kəsə, əsasən də ölkə xaricində avtomobil alıb gətirənlərə yaxşı məlumdur.
Avropanı şoka salan qiymətlər
Köhnə maşınlarla yanaşı yeni avtomobillərin də qiymətində fərq çoxdu. Avropada qiymətlər eyni olduğundan avtmobillərin dəyərinə ümumi nəzər salaq. Məsələn, əksər ölkələrdə populyar olan Ford Focus Avropada 16 min dollara olduğu halda Azərbaycanda 22-23 min dollaradır.
Yeni Volkswagen Golf 1.4 Avropada 16 min, Azərbaycanda isə 28 min dollaradır.
Bir qədər bahalı modellərə gəldikdə, Volkswagen Touaregin qiyməti köhnə qitədə 39-44 min dollardısa, ölkəmizdə bu avtomobilin qiyməti 74 min dollardan başlayır.
Azərbaycanda qiyməti təxminən 160-180 min dollardan başlayan Maserati Quattroporte S Avropada 100 min dollaradır.
Qiymətlərin bahalığını bəzən yolun uzaqlığı və nəqliyyat xərcləri ilə də izah edirlər. Ancaq bu əsas deyil. Çünki Almaniya istehsalı olan avtomobillər uzaq ABŞ-da Azərbaycandan xeyli ucuzdur. Həmin Volkswagen Touareg okeanın o tayında 47 min dollaradır.
3.5 V6 mühərrikli Toyota Highlander ABŞ-da 30 min dollara olduğu halda Azərbaycanda 55 min dollardan bahadır. ABŞ-da yığılan modellər isə bir qədər də ucuzdur.
Avropa və ABŞ-da avtomobil yürüşündən asılı olmayaraq istehsal ediləndən bir il sonra qiymətində xeyli ucuzlaşma olur.
Əgər yeni BMW 745d avtomobilinin qiyməti 81 min 300 avrodursa, bir il sonra qiyməti təxminən 12 min 100 avro ucuzlaşır. 102 min 544 avroya olan Mercedes SL 500-i bir il sonra 11.500 avro ucuz almaq olur. Lexus LS 430-un təzəsi 72 min avroya olsa da, bir il sonra 11 min 500 avro ucuzlaşır. BMW 750i istehsal olunduğu ildə 78 min avroya, bir il sonra isə 10 min 550 avro ucuzlaşır. Audi A8 3.7 Quattro-nun təzəsini 69 min 300 avroya, bir yaşı olan avtomobili isə 10 min 400 avro ucuzuna almaq olar. Azərbaycanda qiyməti 150-200 min arasında dəyişən Yaguar XC6 3.0 Avropada 40 min 450 avroya olsa da, bir ildən sonra 10 min 300 avro ucuzlaşır. VW Phaeton V6 4Motion markalı maşınların təzəsi 65 min 700 avrodur. Ancaq bir il sonra qiyməti 10.200 avro düşür. Təzə Mercedes S 350 70 min 760 min avrodursa, bir il sonra 8 min 950 avro ucuz olur. 67 min 050 avroluq Mercedes S 320 CDI də bir il sonra təxminən o qədər, 8 min 050 avro ucuzlaşır. Porsche Cayenne S-in təzəsinin qiyməti 63 min 285 min avrodursa, bir il sonra onu 7 min 600 avro ucuz almaq mümkündür. 62 min 550 avroluq Range Rover Sport V8 bir il sonra 7 min 500 avro ucuzlaşır.
Porsche 911 Carrera 76 min 740 min avroya, bir il sonra isə 7 min 050 avro ucuzuna satılır. 58 min 530 avroluq Porsche Cayman S isə bir ilə 5 min 750 avro ucuzlaşır. Citroen C6 3.0 V6-nin təzəsi 42 min 500 avro, bir il sonra 6 min 800 avrodur. Yaguar X-Type 3.0 V6 39 min 700 avro, bir il sonra isə qiyməti 6 min 500 avro daha ucuzdur. 37 min 900 avroluq Alfa 166 3.2-nin qiyməti bir ilə 6 min 250 avro ucuzlaşır.
47 min 620 avroluq Mercedes CLK 350-in bir ildən sonra qiyməti 5 min 400 avro ucuz olur. Mercedes E 320 CDI 47 min 200 avrodur. Bir ildən sonra bu avtomobili 5 min 300 avro ucuzuna almaq mümkündür. Təzə Saab 9-5 2.3t 32 min 450 avroyadır. Bir il keçəndən sonra bu maşının qiyməti 5 min 300 avro aşağı düşür. 37 min avroya olan Alfa GT 3.2 V6 bir ilə 5 min 200 avro ucuzlaşır. Peugeot 607 HDi 205-nun təzəsi 38 min 300 avroya olsa da, bir ildən sonra qiyməti 5 min avro ucuzlaşır. 48 min 840 avroluq Mercedes ML 350 bir il sonra 5 min avro ucuzuna satılır. Land Rover Discovery TD 39 min 300 avroyadır. Bir ildən sonra isə qiyməti 4 min 700 avro aşağı düşür. 41 min 200 avroluq Volvo XC 90 D5 qiymətində isə bir ilə 4 min 500 avro ucuzlaşma olur. VW Touareg V6 TDI 44 min 550 avroya satılsa da, bir ilə 4 min 450 avro ucuzlaşır. Alfa 159 2.4 CTD 31 min 900 avroya olsa da, bir il sonra 4 min 450 avro ucuzlaşır. 30 min 250 avroluq Peugeot 407 V6ÿ210 bir il sonra 4 min 400 avro ucuz almaq mümkündür. Bir il ilə 4 min 400 avro ucuzlaşan avtomobillər arasında 40 min 720 avroluq Mercedes E 280 və 38 min 190 avroluq Mitsubishi Pacero 3.2 Di-D də var. Təzə Volvo S 80 2.4 isə 33 min 110 avroya satılsa da, bir ildən sonra 4 min 200 avro ucuzlaşır.
Sadalanan avtomobillərin hər birinin Azərbaycanda qiyməti xeyli, bəzi hallarda iki dəfə bahadır. Bunu bilmək üçün həmin avtomobilləri satan salonların saytlarına nəzər salmaq kifayətdir. Ötən il istehsalı olan avtomobillərin qiymətində isə demək olar ki, fərq yoxdur.
Apardığımız müqayisə göstərdi ki, Azərbaycanda istər yeni, istərsə də köhnə avtomobillər Avropa ölkələrindən xeyli bahadır. Rusiyada da qiymətlər Avropa ölkələrindən baha olsa da, Azərbaycandan ucuzdur. /Azadliq.info/