“Bir sıra qüvvələr var ki, vəziyyəti destabilləşdirməyə cəhd göstərir”
Gürcüstan prezidenti Mixail Saakaşvili növbəti dəfə Azərbaycana jest edib. M.Saakaşvili Abxaziyadan keçən dəmiryolunun açılmasına dair təşəbbüsü təhlükəli adlandırıb. “İmedi” telekanalına müsahibəsində Saakaşvili deyib ki, dəmir yolun açılması Gürcüstanın və Azərbaycanın maraqlarına ciddi təhlükə təşkil edir. Eyni zamanda o bildirib ki, İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi Gürcüstanın uzunmüddətli inkişafının zəmanətidir.
“Trend” in məlumatına görə, Saakaşvili deyib ki, Bakıdan qayıtdıqdan sonra verdiyi açıqlama hələ də qüvvədədir və bir sıra qüvvələr var ki, Azərbaycanda vəziyyəti destabilləşdirməyə cəhd göstərir. “Mənim sözlərim bir çoxlarının xoşuna gəlmədi, lakin bütün məlumatlar təsdiqini tapır və ehtiyatlı olmaq lazımdır” deyə, Saakaşvili əlavə edib.
Qeyd edək ki, Gürcüstan prezidentinin növbəti dəfə Azərbaycana təhlükə olması ilə bağlı açıqlaması maraqla qarşılanıb. Bir sıra ekspertlərə görə, Qərbin siyasi dairələri ilə yaxın əlaqələri olan Gürcüstan prezidentinin açıqlaması konkret faktlara əsaslanır və ciddi təhlükə mövcuddur.
Mövzunu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Saakaşvilinin Rusiyadan Azərbaycana ciddi təhlükənin olduğunu ikinci dəfə səsləndirməsini təsadüfi hesab etmir. Ancaq E.Şahinoğlunun fikrincə, Saakaşvili məsələni özü istədiyi kimi bir qədər şişirib: “Çünki bu illərdə İlham Əliyev Saakaşvilinin xarakterini yaxşı mənimsəyib və hər düşündüyünü detallarına qədər gürcü həmkarına söyləməzdi. Həm də hamıdan çox elə İlham Əliyevə məlumdur ki, hətta bağlı qapılar arxasında söylənilənlər də gizli qalmır”.
Elxan Şahinoğlu deyir ki, Gürcüstan prezidentinin İ.Əiyevlə görüşdə edilən söhbətin məzmununu şişirtməsinin arxasında gürcü liderin öz maraqları dayanır: “Məsələ burasındadır ki, Saakaşvili Rusiyanın Gürcüstanı ələ keçirməsi prosesini narahatlıqla izləyir. Baş nazir İvanişvili çox təhlükəli xarici siyasətə girişib. O, Rusiya ilə dostluğa çalışarkən, Abxaziya və Cənubi Osetiya məsələlərini, yəni ölkəsinin torpaq bütövlüyünün bərpasını arxa plana atıb. Rusiya və Abxaziya üzərindən Ermənistana istiqamətlənən dəmir yolunun açılması müzakirələri də bundan xəbər verir”.
Ekspertin fikrincə, Saakaşvili həm Rusiyanın Gürcüstanla fəallaşmasından, həm dəmir yolunun açılmasından, həm də ölkəsindən yenidən erməni separatizminin güclənəcəyindən ehtiyatlanır. Eyni zamanda bu narahatlığı Azərbaycanın da bölüşdüyün qeyd edən E.Şahinoğlu deyir ki, Rusiyanın Gürcüstana təsir imkanlarını bərpa etməsi, Ermənistana istiqamətlənən dəmir yolunu bərpası, o cümlədən erməni separatizminin fəallaşması Azərbaycanın da təhlükəsizlik maraqlarına toxunur: “Bunu Saakaşvili də başa düşür və bu maneələrə qarşı mübarizədə Azərbaycanı yanında görmək istəyir. Saakaşvilinin hər dəfə təkrarlanan ”Rusiya Azərbaycanı hədəf alıb” ifadəsinin məqsədi də budur. Yəni Saakaşvilini məntiqinə görə, rəsmi Bakı onun siyasətini müdafiə etməklə faktiki öz maraqlarını müdafiə etmiş olur. Bu yanaşmada həqiqət payı var. Ancaq Saakaşvili onu da anlamalıdır ki, Tiflisin yeni xarici siyasəti bizi qane etməsə belə Azərbaycan hakimiyyəti Gürcüstanın daxili işlərinə qarışa bilməz. Özü də o yerdə ki, Gürcüstan parlamentin son qərarları prezidentin səlahiyyətlərini azaldıb, həm də Saakaşvilinin özü bir neçə aydan sonra hakimiyyəti ilə sağollaşmaq üzrədir. Əlbəttə, Saakaşvili prezident seçkisində öz tərəfdarından kimisə irəli sürə bilər. Ancaq açığı Gürcüstandan gələn son xəbərlərə görə, Saakaşvilinin rəhbəri olduğu partiyanın prezident seçkisində qələbə çalmaq şansı yüksək deyil. Onun ən yaxın tərəfdarı və varisi Tiflisin meri Uluqavanın özü məhkəmə çəkişmələri ilə üz-üzə qalıb. Odur ki, rəsmi Bakı bir müddət İvanişvili ilə ortaq siyasət yürütmək məcburiyyətindədir. Ancaq bu o demək deyil ki, biz İvanişvilini hər şıltaqlığını qəbul etməliyik. O xarici siyasətdə yolunu azacağı halda, Bakıya verdiyi vədləri yerinə yetirmədiyi halda ona Gürcüstana hansı ölkənin daha çox aşağı faizlərlə kreditlər verdiyini, investisiyalar qoyduğunu, boru xətlərinin istifadəsindən əldə etdiyi gəlirlərini xatırlatmaq lazım gələcək. İvanişviliyə Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycan, Türkiyə və elə Gürcüstanın özü və regional əməkdaşlıq üçün necə böyük əhəmiyyət daşıdığını da hər dəfə diqqətinə çatdırmaq vacibdir”.
musavat.com