Azərbaycanda Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına (2008-2015-ci illər) uyğun olaraq istər bitkiçilik, istərsə də heyvandarlıq sahəsində istehsal göstəriciləri maksimum həddə çatdırılmalıdır.
APA-nın xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev jurnalistlərə açıqlamasında bidirib.
Nazir müavini qeyd edib ki, dövlət proqramına uyğun olaraq, ölkədə taxıla olan illik tələbat 2,8 mln. ton təşkil edir və 2015-ci ilin sonuna bu həcm yerli istehsal hesabına təmin olunmalıdır. Onun sözlərinə görə, ətə olan illik tələbat 340 min tondur: «Quş ətini 80 mln. tona çatdırmalıyıq. Bu gün 45-50 min ton quş əti istehsal olunursa, biz onu 80 mln-a çatdırmalıyıq. Bu istiqamətdə işlər davam etdirilir».
B.Əliyev qeyd edib ki, Nazirlər Kabineti 2012-ci ildə imzaladığı müvafiq sərəncama əsasən, Ağcabədi rayonunun ərazisində 3 300 hektar sahədə ilk iri fermer təsərrüfatı yaradılıb. Onun sözlərinə görə, artıq orada tamamlama işləri gedir və 1 875 hektarlıq sahə yaz əkinləri üçün hazırlanır: «Beyləqan rayonunda da həmin sərəncama uyğun olaraq 1 500 hektardan artıq sahə hazırlanıb. Bu sahədə meliorasiya işlərinə hazırlıq gedir. Nazirlər Kabinetinin digər sərəncamına uyğun olaraq, Şəki rayonunda 5 500 hektar sahə qış otlaqları üçün ayrılıb. İcra başçısına bu istiqamətdə tapşırıqlar da verilib».