Ötən gün səhər saatlarında Kürdəxanı kəndində sünnət olan və sonradan dünyasını dəyişin 2 aylıq Hüseyn Qurbanlının hemofiliya xəstəliyinin olması ehtimal olunur. Bu barədə 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Cəfər Ağayev ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, körpə xəstəxanaya gətirilərkən artıq həyatını itiribmiş.
“Uşaq saat təqribən 13:30 radələrində xəstəxanaya gətirilib. Onu müayinə edərkən artıq öldüyünü gördüm. Rəngi ağarmış, dodaqları göyərmişdi, göz bəbəkləri işığa heç bir reaksiya vermirdi. Lakin ona tibbi yardım göstərdik ki, bəlkə nəfəsi qayıda. Lakin heç bir nəticə olmadı. Uşağın anası hemofiliya xəstəsidir. Çox güman ki, onun xəstəliyi uşağa irsən keçib”, – deyə Cəfər Ağayev bildirib.
Həkimin sözlərinə görə, uşaq sidiyə gedə bilmədiyi üçün onu dünən saat 10 radələrində ev şəraitində dəllək sünnət edib. Lakin sonradan uşağın qanaxması dayanmayıb. Daha sonra isə uşağın halı daha da pisləşib. Hüseyn Qurbanlını dərhal xəstəxanaya çatdırsalar da, körpənin həyatını xilas etmək mümkün olmayıb.