“Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır”. ANS PRESS-in məlumattına görə, bu sözləri Rusiyanın “Rosbalt” İnformasiya agentliyinə müsahibəsinə “Milyaderlər İttifaqı”nın üzvü, tanınmış kinematoqraf Rüstəm İbrahimbəyov bildirib. Onun sözlərinə görə, hər iki tərəf – həm Azərbaycandakı, həm də Ermənistandakı əhali köçmək məcburiyyətində qalıb: “İnsanları orduya çağırırlar və onlar öz Vətən borclarını yerinə yetirməlidirlər. Mən onları bu borcu yerinə yetirməyə çağırmıram. Daha vacib olanı kitabları yandırmamaq və iki millətin bir-birini əbədi olaraq düşmən olaraq görməməsidir”.
R. İbrahimbəyov daha sonra bildirib ki, Azərbaycan və Ermənistan vaxtilə bir dövlət olublar: “Nə qədər ki, biz bir dövlətdə yaşayırdıq, heç bir torpaq iddiaları yox idi. Bunlar yalnız arzu xarakteri daşıyırdı, nəinki hərbi əməliyyat məqsədi”.
Rüstəm İbrahimbəyov Ermənistanın Qarabağı öz torpağı saydığından danışıb: “Onlar Qarabağı özlərininki, biz də öz torpağımız sayırıq. Məncə, bu müzakirə mövzusudur. Bu, danışıqlar və elmi araşdırmalar mövzusudur”.
Redaksiyadan: Doğrusu, ötən ilin əvvəlindən sırasında biz də olmaqla bir sıra mətbuat orqanlarının müdafiə etdiyi görkəmli kino xadimimizdən belə fikirlər eşitmək adamı bir qədər naqolay duruma salır. Sözü gedən müsahibəsində xalqlar dostluğundan gen-bol bəhs edən Rüstəm müəllim nəyə görəsə 20 faiz ərazisi işğal olunmuş və 20 ərzində işğal altında saxlanılan, 1 milyona yaxın əhalisi didərgin düşən öz xalqı ilə xarici aqressorun arasında bərabərlik işarəsi qoyur. Sanki ermənilər də azərbaycanlılar kimi Qarabağ müharibəsinin zərərçəkənləridir.
Bundan başqa, jurnalistin Avrasiya İttifaqı barədə sualına geniş cavab verən yazıçımız Altaydan Avropaya qədər iki etnosun – türklər və slavyanların dominant olduğunu, uzun illər birlikdə, yanaşı yaşayaraq qaynayıb-qarşdıqlarını əsas gətirərək dolayısı ilə Avrasiya İttifaqı ideyasını dəstəklədiyini bildirir. R.İbrahimbəyov bu xüsusda deyir: “Görək ğlkələrin öz İttifaqlarını yaratmaqdan qorxmadıqları birləşmiş Avropada nə baş verəcək”.