Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Örüşdə dövlət çevrilişi
Almaniyanın Heydelberq Universitetinin alimləri meymunların ağıl-kamal səviyyəsini öyrənmək üçün təcrübə aparıb. Onlar yerdə ocaq qalayır, ocağın yanına bir çəllək su, çəlləyin yanına da boş vedrə qoyurlar. Sonra meymunların gözü önündə boş vedrəni çəlləyə salıb su ilə doldurur, suyu ocağa töküb söndürürlər. Bunu eyni qaydada dəfələrlə təkrar edirlər. Meymunlar da nəyin necə olduğunu görür.
Sonra alimlər ocağı yandırır, vedrəni bu dəfə boş yox, su ilə doldurub çəlləyin yanına qoyurlar. Meymunları qəfəsdən buraxırlar ki, ocağı söndürsünlər. Bəs meymunlar nə edir?! Bu heyvanlar çəlləyin yanına qoyulmuş su dolu vedrəni əvvəlcə yerə boşaldır, sonra boş vedrəni təzədən çəlləyə salıb doldurur və özlərinin doldurduğu suyu ocağa töküb söndürürlər. Daha elə dolu vedrəni yerə tökməmək, hazır dolu vedrəni ocağa tökmək onların ağlına gəlmir. Çünki onların ağlı insanınkı qədər deyil. Alimlər bununla sübut edir ki, meymunun ağlı insanı uzaqbaşı yamsılamağa çatır…
Mən şükür ki, ateist deyiləm. İnsanın meymundan əmələ gəlməsi kimi çox zəif və sarsaq nəzəriyyəyə də həmişə gülmüşəm. Amma bəzən yan-yörəmə baxıram, içimdə Darvinə inanmaq hissi cücərir. Dedim axı, səbəb ətrafımızdakı bəzi-para kəmağıl əhvalatlardır.
Məsələn, bir də görürsən camaatı çoxdan boğaza yığan çala-çuxur yolları təmir edirlər. Yol əla düzəlir. Amma bir-iki ay sonra səhər durursan ki, təzə yola xeyli texnika töküb onu qazıb-dağıdırlar. Fəhlələrdən soruşursan ki, balam, nə olub. Deyirlər heç, telefon (işıq, qaz, su) xətlərini təmir edirik. Bir-iki gün işləyib gedirlər. Dağılmış yol isə qalır yerində.
Hamınız belə şeylə neçə dəfə rastlaşmısınız. Hər dəfə belə mənzərə görəndə mən söyüş-zad söymürəm. Sadəcə Darvin, meymun, insan, ağıl-kamal, şüur səviyyəsi barədə xəyala dalıb özümə çoxlu pul arzulayıram. Deyirəm Ziya Məmmədovun yoldan-körpüdən qazandığının yüzdə biri qədər pulum olaydı, heydelberqli fizioloqları, anatomları, psixoloqları gətirəydim bura, onlara bizim məmurlar üzərində elmi təcrübə aparmaq imkanı yaradaydım. Elmə bəlkə nəsə təzə şeylər məlum oldu…
Yol, məmur, ağıl-kamal dedimsə, gərək birini də deyəm. Bizim lotular Bakıda sıxlıq-tıxac problemini indi də radio ilə həll eləmək havası üstdə çalıb-oxuyur. İndiyədək yeraltı-yerüstü keçid, yolötürücü, körpü, tunel, iri avtobus, London taksisi, nəqliyyatın intellektual idarəetmə sistemi adları altında milyardlar ayırdılar, yarıdan çoxunu da oğurladılar. Amma görürlər ki, yox, tıxaclar getdikcə fəlakətə çevrilir. İndi də təzə fırıldaq işlədirlər. Deyirlər dövlət kalan pul ayırsın, sürücülər üçün radio açaq, şəhərin harasında tıxac olduğunu radio ilə deyək, onlar da tıxacdan yayına bilsin.
Mən bu təzə fırıldağa uğur arzulayıram. Amma şər deməsən, xeyir gəlməz, birdən bu da fıs çıxsa, onda Ziya müəllimə təklifim var. Radio da yaramasa, belə eləyin. Şəhərin müxtəlif yerlərində hündür qüllələr tikin. Hərəsinə də 5-6 nəqliyyat qoçusu, bir “Fanta” qabı ağ neft, iki şələ odun qoyun. Hansı qüllənin həndəvərində tıxac olsa, orada yekə tonqal qalayın. Sürücülər alovu uzaqdan görər, oralara üzüküb tıxaca düşməz, nəticədə nəqliyyat infrastrukturun işi optimallaşar. Mentalitet işimiz də düzələr. Odlar yurdu, oğuz ellərinin bəd ayaqda tonqal qalamaq ənənəsi, milli-mənəvi dəyərlər, azərbaycançılıq-filan…
Sonda Salyandan daimi oxucumuz Seyid bəyin iki qeydini yazaq. O deyir 80 yaşlı abonent Salyanın işıq idarəsi müdirinin qəbuluna şikayətə gedir. Görür müdir elə də savadlı danışmır. Deyir bala, bir sualıma cavab ver, şikayətimi geri götürüm. Müdir deyir buyur. Qocaman müəllim deyir de görüm Azərbaycan 1920-ci ildə sovet tərəfindən işğal ediləndən sonra ölkəmizin ilk rəhbəri kim olub. Müdir deyir ağsaqqal, bunu bilməyən varmı, əlbəttə, Məmməd Əmin Rəsulzadə. Qoca kişi idarədən deyinə-deyinə çıxıb…
Seyid deyir o gün televizorda İmişlidəki aksiyanı görüb. Kənd camaatının örüş yerini icra başçısından 100 minə satın alan bir sahibkar narazı kəndliləri TV-də ittiham edirmiş: “Bu camaat təxribatçıdır, bura (yəni örüşə-F.C.) da dövlət çevrilişi eləməyə yığışıblar…”
Seyid məmuru bu savadda, sahibkarı bu ağılda olan ölkənin halına yanıb-tökülür. Dilxor-dilxor deyir ki, gör bizə hansı ağıl-kamal sahibləri rəhbərlik eləyir də…
Buna da şükür, Seyid. Bunlar hələ dolu vedrəni dağıdıb təzədən doldurmursa, buna da şükür…