“Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır”. ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin bu sahədə də təcrübəsini nəinki öyrənilməli, eyni zamanda, tətbiq edilməlidir: “Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcək. Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaq. Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. “Elektron xidmət”, “Elektron hökumət” layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır”.
İlham Əliyev bəyan edib ki, məmur-vətəndaş ünsiyyəti bu istiqamətdə minimuma endirilməlidir: “Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular var, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcək”.
“Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim Əsas Qanunumuz – Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz”, – İlham Əliyev bildirib.