Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev vəzifəsini böyütmək üçün ciddi fəaliyyətə keçib. Gunxeber.com-un bu haqda mötəbər mənbədən aldığı xəbərdə bildirilir. Mənbənin iddiasına görə, xidmət rəisi hakimiyyət qarşısında indiyədək göstərdiyi xidmətin müqabilində daha yüksək posta irəli çəkilməsini istəyir. Buna görə də onun indidən ciddi fəaliyyətə keçdiyi deyilir.
Bəs generalın gözaltı etdiyi, hədəflədiyi vəzifə hansıdır? O, bundan da böyük hansı posta getmək istəyir?
Məlumatı verən mənbənin bildirdiyinə görə, M. Quliyev daxili işlər naziri olmaq istəyir. Deyilənə görə, bu istəyi haqda o, siyasi hakimiyyətdəki himayəçilərinə də müəyyən mesajlar verib. Ona müəyyən müddət gözləmək tövsiyə olunub. Mənbəmizin iddiasına görə, Misir Mərdanovun işdən çıxarılmasından sonra M. Quliyevin nazir olmaq həvəsi daha da artıq. Çünki M.Mərdanov hakimiyyətdəki “qocaları” təmsil edirdi. Görünür, M.Quliyev düşünür ki, “köhnələrin” yarpaq tökümü başlayıb və bu dalğada hazırkı daxili işlər naziri Ramil Usubov da vəzifədən çıxarıla bilər. Bu zaman isə həmin posta onun aparılması şansı yaranar.
Mənbəmiz iddia edir ki, M. Quliyev nazir olmaq üçün çox şaxəli fəaliyyət göstərir. Generalın media orqanı təsis etməsi (təbii ki, başqasının adına), sayt, hətta qəzet yaratması istiqamətində işə başladığı da söylənilir. O, bununla həm rəqiblərinə indidən zərbələr endirib onları zərərsizləşdirmək istəyir, həm də əlindəki media vasitəsilə yeri gələndə müxalifəti hədəfə alıb siyasi hakimiyyətin rəğbətini qazanmağa, diqqətini çəkməyə çalışır.
Xatırladaq ki, Mədət Quliyev uzun illər Daxili İşlər Nazirliyi sistemində yüksək vəzifələr tutub. Hazırkı posta da DİN sistemindən gətirilib.