İranda səfərdə olan Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb.
APA-nın “Mehr news”a istinadən xəbərinə görə, görüşdə Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivləri müzakirə olunub.
R.Mehdiyev İran parlamentinin sədri Əli Laricani ilə də görüşüb.
Qeyd edək ki, R.Mehdiyevin səfəri S.Cəlilinin dəvəti ilə gerçəkləşir.
****
APA-nın məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin İRNA-ya bildirib ki, səfər İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin dəvəti əsasında həyata keçirilir: “Səfərdə məqsəd iki ölkə arasında etimadın yüksək səviyyədə olmasını nümayiş etdirməkdir. Azərbaycan və İran prezidentləri iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlıdırlar”.
Səfir deyib ki, R. Mehdiyev səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, həmçinin İranın digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.