“Qarşımızda duran əsas vəzifələrdən biri medianın siyasiləşmə tendensiyasından xilas olmasıdır”. Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə deyib. O qeyd edib ki, bu gün Azərbaycan mediası siyasi düşərgələr arasında qruplaşıb: “Belə təsnif edək: iqtidar, müxalifət, müstəqil yönlü və “reket” media. “Reket” media cəmiyyətin probleminə çevrilib. Neqativ düşüncəli insanlar mətbuata dolublar və ayrıca media orqanları təsis ediblər. Ayrı-ayrı media orqanlarında yerləşmiş bu insanların bir məqsədi var ki, insanları təhdid edərək, bu və ya digər məqsədlərinə nail olsunlar. Yəni təhdid yolu ilə yaşamaq. Bu da bizim cəmiyyətin reallığıdır”.
Ə. Həsənovun sözlərinə görə, iqtidar mətbuatı çalışır ki, hakimiyyətin fəaliyyətinin ancaq yaxşı tərəfini göstərsin və təbliğ etsin, müxalifət yönümlü medianın fəaliyyəti isə hakimiyyətin fəaliyyətini yalnız qaralamağa, müsbət tendensiyaları göstərməməyə və cəmiyyət həyatında iqtidarın işini ifşa etməyə yönəlib: “Müstəqil media isə yavaş-yavaş formalaşmaqdadır. Azərbaycan hakimiyyətinin bu məsələdə əsas vəzifəsi medianı normal hala gətirməkdir. Medianın əsas meyarı ictimai rəy olmalıdır”.
PA təmsilçisi hesab edir ki, məsuliyyətsiz və etik prinsipləri nəzərə almayan jurnalistika ilə diffamasiya mühiti yaratmaq mümkün deyil: “Diffamasiya mühiti jurnalistdən indikindən qat-qat artıq məsuliyyət və peşəkarlıq, ictimai əxlaq, jurnalist etikası tələb edir. Əgər bir Azərbaycan jurnalisti qurultayda seçdiyi Mətbuat Şurasının əxlaq və jurnalist davranış normalarını qəbul etmirsə, deməli, cəmiyyətin o insana jurnalist deməyə haqqı yoxdur. Bu normanı qəbul etməyən insanları jurnalist siyahısından çıxarmalıyıq. O insan artıq jurnalistlərin müdafiəsi sisteminə daxil edilməməlidir və cəmiyyətdə jurnalist kimi təqdim olunmamalıdır. Jurnalist nəyi necə yazmağı bilməli, yazdığı sözün məsuliyyətini dərk etməli və ona uyğun hərəkət etməlidir. Azərbaycanın peşəkar və qocaman jurnalistləri var və onlardan istifadə etmək olar. Yəni bu istiqamətdə kurslar açmaq, redaksiyalarda da bu kurslar vasitəsilə peşəkarlığı artırmaq olar. Dövlət olaraq biz bu sahəyə istənilən qədər vəsait ayırmağa hazırıq. Bu kursları açın və seminarları təşkil edib, biz də sizə dəstək verək”.
Ə. Həsənov bildirib ki, Azərbaycan dövlətinin bugünkü inkişafı fonunda medianın maddi-texniki bazası yaxşı səviyyədə deyil və belə getmək olmaz: “Mediamız mütləq şəkildə imkanlarını genişləndirməlidir. Mediamız cəmiyyətin, ölkənin inkişafında öz yerini tapmalıdır. Əgər biznes mediadan kənar inkişaf edirsə, bu da normal hal deyil. Bu haqda dəfələrlə danışmışıq. Amma bu məsələ ilə bağlı media strukturlarından yetərli təkliflər, proqramlar almamışam. Mətbuat Şurasında media qurumlarının rəhbərləri ilə birgə bu məsələ ilə bağlı müzakirələr aparın və təkliflərinizi verin. Mən sizə dəstək verəcəyəm”.
Ə. Həsənov Azərbaycan dövlətinin media ilə bağlı siyasətinin əsas məqamlarını da açıqlayıb. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində sözün həqiqi mənasında inqilabi addım atıb: “Bu vaxta qədər mediaya yardım edilirdi. Amma nə cür edilirdi? Cibdən-cibə, qeyri-şəffaf şəkildə hərə birini kənara çəkib, cibinə pul qoyurdu. Prezident “Azərbaycan mediasına dövlət dəstəyi konsepsiyası”nı qəbul etdi və onun bazasında KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Hər il şəffaf şəkildə mediaya müxtəlif vaxtlarda birbaşa vəsaitlər, qrantlar verilir. İndi isə jurnalistlər üçün ev tikilir. Bunların hamısı şəffaf şəkildə həyata keçirilir. Mən sizin qarşınızda söz verirəm ki, bir nəfər də olsun bu və ya digər subyektiv mülahizələrlə ev almayacaq. Mənzillər şəffaf şəkildə cənab prezident tərəfindən Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olanlara paylanacaq. Bu üç prinsip nəzərə alınacaq. Əgər xidməti olanların sayı mini keçəcəksə, biz xidməti olanların içərisindən haqqı olanları arayacağıq. Əgər onların da sayı min nəfəri keçəcəksə ehtiyacı olanları araşdıracağıq. Yəni üç meyarı cəmləşdirib, bu mənzilləri jurnalistlərə paylayacağıq. Belə olan halda jurnalistlərin hüququ pozulur demək olarmı? Əlbəttə olmaz. Hansı hökumət başçısı istəyər ki, onun ölkəsində jurnalist təqib olunsun, problem yaşansın? Ona görə də bugünkü siyasətin məğzi bütün istiqamətlərdə Azərbaycan jurnalistikasına zəruri şəraiti yaratmaqdır. Bütün bunlar jurnalistin asılılığını azaltmaq məqsədi daşıyır”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.