Ötən gün Bakıda burunundan əməliyyat olunan 48 yaşlı kişi ölüb.
Bu barədə mərhumun qardaşı ANS PRESS-ə məlumat verib.
Belə ki, 48 yaşlı Qalib Əsədullayev burnundakı çəpərliyin əyriliynə görə əməliyyat olunub. Xəstə 6 ay bundan əvvəl Biləcəridəki Dəmiryolu xəstəxanasında əməliyyat olunub. Lakin əməliyyat uğursuz keçib və, həkim yenidən əməliyyat olunmağı vacib bilib. Təkrar əməliyyat isə 17 aprel tarixində yenidən dəmiryol xəstəxanasında olub. Əməliyyatdan sonra xəstədə tez-tez qanaxma baş verib. Xəstə yenidən xəstəxanaya yerləşdirilib və dünən axşam saatlarında dünyasını dəyişib.
Qalib Əsədullayevin qardaşı Həsənağa Əsədullayevin ANS PRESS-ə dediklərinə görə, əvvəllər qardaşının heç bir xəstəliyi olmayıb. Sadəcə burnunda əyrilik olub. Nəfəs almaqda çətinlik çəkirmiş. “6 ay əvvəl qardaşım əməliyyat olundu. Lakin əməliyyat uğursuz oldu və qardaşımın burnu şişdi və nəfəs ala bilmədi. Onu təkrar əməliyyat etdilər. Qardaşımın əməliyyatdan sonra halı daha da pisləşdi və burnundan dəfələrlə qan açıldı. Dünən gecə isə qanaxmadan dünyasını dəyişdi. Həkim bizdən əməliyyata görə 2 min manat pul alıb. Bundan əlavə də, min manata yaxın xərcimiz çıxıb. Üstəlik qardaşım da öldü. İndi həkim deyir ki, mənlik deyil”, – deyə Həsənağa Əsədullayev şikayətlənib. Həsənağa Əsədullayevin sözlərinə görə, xəstəxana da xəstənin ölümü ilə bağlı heç nə deməyib. Deyiblər ki, həkim xəstəxananın rəhbərliyinin icazəsi olmadan əməliyayt edib. İndi Həsənağa qardaşının ölümündə həkimin günahlandırılmasını istəyir və buna görə də, müvafiq orqanlara şikayət edib.
Məsələ ilə bağlı həkimin özü də açıqlama verib. Onun dediyinə görə, Qalib Əsədullayevin ölümündə onun heç bir günahı yoxdur. “Qalib Əsədullayev 3 dəfə Moskvada əməliyyat olunmuşdu. Lakin burnunda əyrilik vardı. Onu 6 ay əvvəl əməliyyat etdim. Əməliyyatdan sonra bəzi kiçik nöqsanlar qalmışdı. Onu da aradan qaldırmaq üçün aprelin 17-də təkrar əməliyyat etdik. Sonra xəstə özünü yaxşı hiss edirdi. Sonradan burnuna toxunmuşdu. Özünü dediyinə görə, asqırmışdı. Ona görə, burnundan qan açılırdı. Sonradan qanaxmanın dayandırılması üçün müalicə olnurdu”, – deyə həkim bildirib. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti sonradan pisləşib və onda xəstəlik yaranıb: “Müalicədən sonra onda ağ ciyəri arteryasının embalisiyası, yəni qan dövranının pozulması və ürək fəaliyyətinin dayanması baş verdi. Xəstə də bu səbədən öldü”. Həkim deyir ki, xəstədə əvvəllər heç bir problem olmayıb.
Səhhəti qaydasında olub və əməliyyat üçün heç bir təhlükə olmayıb. Xəstənin əməliyyat olunması ilə bağlı isə Dəmiryolu xəstəxanasının rəhbərliyinin məlumatı olub.
P.S. Yaxın günlərdə əməliyyat aparan həkimin nümayəndəsi redaksiyamıza gələrək, işlə əlaqədar Binəqədi rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Xəyalə Aslanova tərəfindən araşdırma aparıldığını və həkimin günahının sübuta yetmədiyi qənaətinə gələrək çinayət işinin açılmasının rədd edilməsilə barədə qərar verdiyini bidirib.