“Mən niyə qorxmalıyam ki? Yalan danışmadım. Olanları, yaxın tarixi xatırlatdım. Mən sözümü dedim. Sözümün də ağasıyam. Mən məmur deyiləm. Millətimin vəkiliyəm”.
Bunu “Bizim yol” qəzetinin parlamentdəki son çıxışından sonra hər hansı təzyiqlə üzləşib-üzləşmədiyi ilə bağlı sualını cavablandıran xalq artisti Zeynəb Xanlarova deyib.
Qeyd edək ki, Z. Xanlarova Milli Məclisin son iclasında Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı çıxış edib və ad çəkmədən Prezident Administrasiyasında oturan bəzi şəxsləri Heydər Əliyevə səmimi olmamaqda ittiham edib: “Sirus Təbrizli mənə deyirdi ki, biz YAP-ı yaradanda o adamların yanına gedirdik. Amma Heydər Əliyevin adı gələndə üz döndərirdilər. Lakin bu gün həmin insanlar vəzifədədirlər”.
Xalq artisti qəzetin “Prezident Administrasiyasında kimləri nəzərdə tuturdunuz” sualına belə cavab verib: “Ad çəkməyə nə ehtiyac var. Söz ünvanına çatdı. Yaxşı bilirlər ki, söhbət kimdən gedir”.