Zamin HACI
zaminhaci@gmail.com
Sonsuz meymunlar
Ehtimal nəzəriyyəsində “Sonsuz meymun nəzəriyyəsi” deyilən bir maraqlı söhbət vardır. Deyir ki, hər hansı bir meymun çap maşınında hərfləri döyəcləməklə Şekspirin “Hamlet” əsərini yaza bilər. Sadəcə, meymuna şərait yaratmaq lazımdır o, bu döyəcləməni az qala sonsuz sayda edə bilsin. Milyardlarla, trilyonlarla dəfə. Məsələn, bir meymunun klaviaturanı şappıldadaraq tam təsadüfən “Hamlet” ortaya qoyması üçün bizim indiki Kainatın yaşından qat-qat çox illər lazımdır. Ancaq mümkündür! Söhbət elə bu mümkünlükdədir.
İmkanlar sonsuzdur, hər bir meymun da bu sonsuz imkanlardan yararlanmağa çalışmalıdır. Məsələn, hansısa şimpanze Bakı şəhər icra hakimiyyətinin başçısı ola bilər. Bunun ehtimalı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində test üsulu ilə işə düzəlmiş oranqutanqın “Hərb və sülh” romanını yazmaq ehtimalından olduqca yüksəkdir. 10 üstündə filan qədər. Siz riyaziyyatda bir çox uzun rəqəmlərin nədən “10 üstündə filan şey” şəklində hesablanması üzərində heç düşündünüzmü? Bunu kökü 10 maya gedir çıxır. Zarafat edirəm, qorxmayın.
Bəli, bu gün vətənimiz üçün olduqca müqəddəs gündür – 90 il öncə Azərbaycanda da sərnişin və yük daşımaları həyata keçirən “Zakavia” dövlət şirkətinin əsası qoyulmuşdur. Şirkət Azərbaycan, Gürcüstan və Ermənistanda hava nəqliyyatı sahəsində çalışmışdır. Sonradan, 1929-cu ildə bu Zaqafqaziya avia şirkəti fəaliyyətini dayandırsa da, onun işini “Aeroflot”, müstəqillik illərimizdə isə “AZAL” uğurla davam etdirir. Hamınızı təbrik edirəm.
Ortada başqa maraqlı süjetlər də var. Məsələn, Umberto Eko “Qızılgülün adı” romanında Aristotelin heç vaxt olmayan bir əsərinin guya tapılmasından bəhs edir. Həmin əsər komediya, satira, gülüş haqda imiş, yumor və tənqidin insanlar üçün önəmini göstərirmiş. Ancaq əsər kitabxanada yanır və yox olur. Bizim postmodernist süjetimizdə isə Balıq Hafizin əmisi oğlu, İmişlinin icra hakimi Vilyam Hacıyev digər əmioğlu Bəxtiyar Hacıyevlə birləşib Harvardda oxumağa gedirlər… Yox, bu ayrı süjetdir. Demək, Vilyam Hacıyev (bu adam Ekonun romanındakı Vilyam Baskervilli-nin prototipidir) və Hacıbala Abutalıbov heç vaxt gül bitməyən səhralıqda Gül bayramı keçirdirlər, bunun üçün Hollandiyadan 250 ton xiyar-pomidor alınır. Niyə pomidor soruşsanız, o zaman niyə gül bayramı da soruşun. Mən bilmirəm.
Mən ümumiyyətlə, heç nə bilmirəm. Bildiyim bir-iki söz də Azərbaycanda yaşadıqca yadımdan çıxır. Getdikcə ağlımı itirdiyimin fərqindəyəm. Tam dəli və idiot olduqdan sonra söz verirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinə namizədliyimi irəli sürəcəyəm. Əmin olun.
Gülün yeni ölçü vahidi – ton qeydiyyata alınmalıdır. Deyirlər Bakıya 250 ton gül gətirilib. Qabaqlar gülü ədədlə sayırdılar. Alla Puqaçova “Milyon qızılgül” mahnısı oxuyurdu. Gülü də kilo ilə ölçən ölkədə yaşayırıq, fəxr edin. Yaxın zamanlarda kəpənək və arılar da kilo ilə olacaq. “Qaçdım sənin dalınca mən, yarım kilo kəpənəyim”…
Bu güllərə sərf edilən pulla 7500 mənzil tikmək olarmış. Adamlar belə hesablamaları necə aparırlar? Gülməyim tutur bu cür işlərlə məşğul olan jurnalistləri görəndə… Axı onlar neft pullarını zibil kimi havaya sovura bilərlərsə, nə üçün sizə ev tikməlidirlər? Azərbaycan xalqının evə ehtiyacı yoxdur. Evimiz vətənimizdir. Harda istəsən uzan, yat. 1993-cü ildə xilaskar gəlib hər cür şərait yaradıbdır. Cəbhəçilərin vaxtında evə ehtiyac var idi, çünki gecələr küçədə gəzmək olmurdu. Lənət olsun…
Axırda hər birinizi dünənki Qələbə bayramı – faşizm üzərində qələbə münasibətiylə təbrik edirəm. Faşizm üzərində hər gün qələbə çalmaq lazımdır, yoxsa o yenə ortaya çıxır. Bəzən böyük, bəzən balaca. Bəzən ədədlə, bəzən kilo ilə…
musavat.com