İndi orqan köçürülməsi üçün xaricə getməyə ehtiyac yoxdur. Nəinki Bakıda, hətta bölgələrdə də bu əməliyyatlar uğurla həyata keçirilir. Problem donorların tapılmamasındadır. Belə şəxslərin sayı yüzlərlədir. Problemdən çıxış yolu kimi meyitdən xəstəyə orqan köçürülməsi təklif olunur. Lakin indiyədək ölkəmizdə belə bir praktika olmayıb. Çətinlik ondadır ki, ölən şəxsin qohumları onun orqanlarının bağışlanmasına razı olmurlar. Dünya təcrübəsində isə bu sistem özünü doğruldur. Hətta bəziləri sağ ikən orqan çatışmazlığından əziyyət çəkənlərin həyatını xilas etmək üçün vəsiyyət edir.
Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Şirvan Müalicə Diaqnostika Mərkəzində canlıdan canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib. İki xəstə üzərində aparılan əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası tərəfindən yerinə yetirilib.
“Əməliyyatlar normal keçdi, hal-hazırda bir problem yoxdur. İnşallah, 3-4 gün sonra donorlar normal şəkildə evlərinə yazılacaq. Bölgələrdəki əhaliyə də xidmət eləmək lazımdır, çünki bölgələrdə də bizim transplantasiyaya ehtiyacı olan çox sayda xəstələrimiz var və bu cür əməliyyatların bölgələrdə olunması Azərbaycan tibbinin inkişafı üçün təkan verir”, – deyə cərrah-transplantoloq Eldar Əhmədov bildirib.
Uzun müddətdir ki, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdən biri Qarabağ müharibəsi iştirakçısı, digəri isə 5 aylıq körpəsi olan gənc ana olub.
Şirvan müalicə diaqnostika mərkəzində ilk dəfə təşkil olunan bu əməliyyatlarda xəstələrin donorları da kənar şəxslər deyil. Xəstələrdən birinin donoru anası, digərininki isə xalası oğludur.
Təxminən 6 saat davam edən əməliyyat müddəti xəstələrin yaxınları üçün də rahat keçməyib.
Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsindən verilən məlumata görə, bu aksiya çərçivəsində ölkənin müxtəlif regionlarında yerləşən diaqnostika mərkəzlərində həyata keçirilən artıq 20-ci əməliyyatdır. Bu cür əməliyyatların bundan sonra da davam etdiriləcəyi gözlənilir.
http://www.youtube.com/watch?v=OpNVga2jmww