“Ərəb baharı” əvəzinə “ərəb qripi”
SPİD, Hepatit C kimi sağalmaz virus xəstəlikləri azmış kimi, indi də şərti adı “ərəb qripi” olan yeni qorxunc virus peyda olub. Bəzi ehtimallara görə, ölümcül qrip bir gün Azərbaycana da keçə bilər. Virus sərhədə-filana baxmır ki. Gələr və hələ o yana – Dağıstana, Rusiyaya da keçər.
Hərçənd “ərəb qripi” olmasa belə, xalq-toplum olaraq biz illərdir onsuz da müsibət içindəyik. Ölkə 20 ildir qat-qat təhlükəli YAP virusuna mübtəla olub və çarəsi tapılmır ki, tapılmır. Hətta yeni nəsil “antibiotik”lər, “peyvənd”lər də kara gəlmir. Xəstəlik uzun sürəndə isə xroniki hal alır və müalicəsi qəlizləşir, kimyaterapiya effektsiz olur. O üzdən daha radikal, bəzən isə cərrahi müdaxiləyə ehtiyac yaranır.
Azərbaycanı böyük, makro orqanizmə bənzətsək, indi bu makro-orqanizm ağır xəstədir, artıq hətta yatağa düşüb. Xilası isə əfsuslar olsun ki, daha “tabletka”lıq, siropluq, zərdablıq deyil. Azərbaycanı bu dərd-qəmdən məsələn, “ərəb baharı” qurtara bilərdi. Bir vaxt elə hamı buna görə “ərəb baharı”nın gəlişini səbirsizliklə gözləmirdimi?
Hakimiyyət də təlaşlanmağa başlamışdı ki, birdən həqiqətən “bahar” sərhədimizi keçər və məmur-parazitlər Azərbaycanın qanını sormaq zövqündən həmişəlik məhrum olarlar. Bu səbəbdən dövlət səviyyəsində sümürgəçilik, talançılıq, korrupsiya-rüşvətin qarşısı bir ara qismən alınmışdı. Amma sonra baxıb görəndə ki, “bahar” gələnə-zada oxşamır, təhlükə uzaqlaşıb, yenə əvvəlki ziyankarlıqlarına qayıtdılar, hələ üstünə bir az da qoydular…
Əslində Azərbaycana nə “ərəb baharı” lazımdı, nə də ələlxüsus “ərəb virusu”. Çünki hər ikisi qan-qada, ölüm-itim deməkdir. İnqilab hər nə qədər avtokratiya adlı xroniki mərəzə qarşı effektli müalicə üsulu sayılsa da, radikal variantdır və ondan sonra xeyli problemlər, qəfil fəsadlar ortaya çıxa bilər. Bəs qansız çıxış yolu yoxmu?
Var, əlbəttə ki. Azad və ədalətli seçki! Cəmi bircə demokratik parlament və ya prezident seçkisi, yəni dinc hakimiyyət dəyişikliyi yetər ki, o zaman Azərbaycan böyük bir xətadan-bəladan qurtulsun və hətta bu xəta-bəlanın mənbəyi olan qüvvənin özü də siyasi meydandan urvatlı şəkildə uzaqlaşsın.
Keşkə, zamanın belə bir ciddi imperativini ölkə sükanı arxasında duranlar, nəhayət, ciddiyə alıb, ayrı heç bir dinc dəyişiklik yolunun qalmadığının fərqinə varaydılar. Əks halda, “radikal” müalicənin ən böyük zərbəsi, ağrısı təbii ki, hakimiyyətə dəyəcək. Çünki o zaman siyasi müxalifət iqtidarla xalqın arasına girib bufer (zərbəni udan, azaldan) rolu oynaya bilməyəcək. O xalq ki, hazırkı iqtidara işğalçı ermənidən də çox nifrət bəsləyir. Sadəcə, içindəki xof hələ ki bu qəzəbi məntiqi sonluğa çatdırmağa imkan vermir.
Nə yazıq ki, bu müvəqqəti ictimai xof iqtidarı yalançı eyforiyada saxlamaqda davam edir, ona ayağının altını görməyə mane olur. Halbuki cəmiyyətdəki qorxu xofu hər an dağılıb gedə bilər. O zaman iqtidardakı qüvvə dinc hakimiyyət dəyişikliyinə razı olsa belə, xalq qoymaz, ona şans tanımaz – məsələ bundadır.
Hadisələrin bu cür spontan inkişafı avtokratiyanın, diktaturanın hökm sürdüyü, eyni zümrənin on illərlə hakimiyyətdə qaldığı, yəni seçkilərin xroniki şəkildə saxtalaşdırıldığı, milli sərvətlərin talandığı və əhalisinin güzəranı milli gəlirlərə tərs mütənasib olduğu istənilən ölkədə realdır. Yaptokratlar özlərini o yerə qoymasalar da, başlarının üstündə bu təhlükə daim asılı vəziyyətdədir – Domokl qılıncı kimi.
Bunu görmək üçün yetər ki, özünə bir azca kənardan baxasan.