Xəbər verildiyi kimi, Gürcüstan prezidenti Mixail Saakaşvili Qars-Axalkalaki dəmir yolu tikintisilə yanaşı Türkiyə ilə bağlı bir sıra layihələrin dayandırıldığını bəyan edib. Məsələ ilə bağlı ANS PRESS-ə açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzmməmədov bildirdi ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı bir problem yoxdur. Sadəcə olaraq Türkiyə tərəfindən sözügedən dəmir yolu xəttinin tikintisilə bağlı prosedur qaydalar səbəbindən ləngimələr olub. May ayının əvvəlindən başlayaraq dəmir yolu xəttinin tikintisi sürətləndirilib. “Artıq Türkiyə tərəfi 3 tunelin tikintisini yekunlaşdırıb. Hazırda tikinti işləri qrafikə uyğun olaraq aparılır”, – deyə o vurğulayıb.
Politoloq Qabil Hüseynli isə ANS PRESS-ə bildirdi ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi layihəsi təkcə Azərbaycanla bağlı məsələ deyil, bu, beynəlxalq əhəmiyyətli məsələdir. “Bu çür məsələlər təkcə Gürcüstan dövlətinin siyasi iradəsi ilə həll olunmur. Gürcüstanın Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisini dayandırmağa nə siyasi, nə də iqtisadi gücü çatar”.
Q. Hüseynlinin sözlərinə görə, adıçəkilən layihənin həyata keçirilməsi üçün Azərbaycan Gürcüstana cüzü faizlə külli miqdarda kredit verib. “Əgər bu hal baş verərsə, o zaman Azərbaycan təkcə maliyyə itkisi ilə üzləşməyəcək, eyni zamanda Qərbə çıxışı da itirəcək. Əslində bunu Gürcüstanın Azərbaycana təzyiqi kimi qiymətləndirmək olar. Bu, Gürcüstanın Azərbaycana qarşı siyasi nankorluğu və yaramazlığıdır”.
İqtisadçı-ekspert Vüqar Bayramlı isə qeyd edib ki, Mixail Saakaşvilinin bu bəyanatı daha çox Azərbaycan və qonşu ölkələr arasında həyata keçirilən regional layihələrdə müşahidə olunan yubanmalarla bağlıdır. “Hazırda Gürcüstanın baş naziri Bidzina İvanişvili qonşu ölkələrlə həyata keçirilən layihələrin reallaşmasına ciddi maraq göstərmir. Praktiki olaraq Bakı-Tiflis-Qars dəmir yolu xəttinin başa çatması Azərbaycan və Gürcüstan iqtisadi maraqlarına uyğundur. Bu layihənin ilk dəfə həyata kecirilməsi təşəbbüsünü Azərbaycan tərəfi irəli sürüb. Hətta Azərbaycan Gürcüstanın layihə ilə bağlı yaranan maliyyə sıxıntısını da aradan qaldırmaq məqsədi ilə Gürcüstana iki dəfə dəyəri 700 mln. ABŞ dolları məbləğində kredit ayırmışdı”.
V. Bayramlının sözlərinə görə, Gürcüstana bu addımı atmaqla qonşu ölkələr təzyiq etmək istəyir. “Regional layihələrin Gürcüstandan keçməsi sadəcə olaraq Gürcüstanın bir tranzit ölkə kimi əhəmiyyətini artırıb. Təəssüflər olsun ki, Gürcüstana da tranzit ölkə kimi qonşu ölkələrə təzyiq göstərməyə çalışır. Amma buna baxmayaraq bu layihələrin reallşması ehtimalı böyükdür”.
Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci ildə imzalanıb. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən maliyyələşdirilir. Azərbaycan tikinti üçün Gürcüstana kredit şəklində ümumilikdə 1 milyard 500 milyon dollar həcmində vəsait ayırıb.
Bakı-Tiflis-Qars dəmiryolu üzrə isə ilk qatarın 2014-cü ilin ilk rübündə xəttə buraxılması planlaşdırılır. Bakı-Tiflis-Qars-Axalkalaki dəmiryolunu “Dəmir İpək yolu” da adlandırırlar. Layihənin bütün Avrasiya üzrə yükdaşımaya xidmət edəcəyi bildirilir.