Nalbəndyanın əlindəki kozır
Gözlənildiyi kimi də oldu və bu, hələ jurnalıdır. O biri gözlənilənlər də olacaq: ermənilər Əkrəm Əylislini öyməkdən, onun yazdığı əsərə istinad edərək təbliğat aparmaqdan əl çəkməyəcəklər.
Əkrəm Əylisli, bu sətirlərin müəllifi, bu yazını oxuyanlar – müasirlərimizin hamısı dünyalarını dəyişəcəklər, çox şey unudulacaq, ermənilər öz yazıçılarını belə unudacaqlar, amma Əkrəm Əylislini unutmayacaqlar. Onun haqqında kitab yazacaqlar, heykəlini yonacaqlar, onu simvola çevirəcəklər.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Oksford Universitetində Əkrəm Əylislidən və onun bədnam əsərindən söz açması boşuna deyil, mabədi mütləq olacaq. Bu barədə Ermənistanın prezidenti, baş naziri, parlament spikeri də yeri gəldikcə danışacaqlar. Bu, son illərdə ermənilərin əlinə düşmüş ən böyük və ən parlaq fürsətdir, məşhur kart oyunu ilə identikləşdirsək, “kozır tuz”dur və ermənilərin bu kartla oynamaması mümkün deyil.
Nalbandyan deyib ki, erməni talanları ilə bağlı yazdığına görə Əkrəm Əylisli Azərbaycandan xaricdə sığınacaq tapmaq məcburiyyətində qalıb.
Elə bu günlərdə Əkrəm Əylisli özü demişdi ki, heç yerə getmək fikrində deyil, camaat arasına çıxmaqdan da qorxmur və utanmır.
Əlbəttə, hakimiyyət məqsədli şəkildə yazıçıya bir tələ qurmasa, təzyiq göstərməsə, cəmiyyət bu sayaq məsələlərdə gerçəkdən də tolerantdır, olub-keçənləri unutmağa meyllidir, bir müddətdən sonra hər şeyi unudacaqlar. İndinin özündə Əkrəm Əylislini qınayanlarla yanaşı, müdafiə edənlər də var.
Görkəmli yazıçımız öz xalqının, dövlətinin ümdə mənafeləri baxımından böyük strateji səhvə yol verib, buna söz yox. Ancaq ikinci böyük səhvə bu mövzu ətrafında həşir qoparan hakimiyyət yol verdi.
Əkrəm Əylislinin yazdığı romanın bədii cəhətdən zəif, bəşəri dəyərlər baxımından qüsurlu olduğunu 3 jurnalist, 2 yazıçı asanca sübut edəcəkdilər və demək olar ki, etmişdilər. Deputatlar, hakimiyyət adamları, növbətçi ziyalılar, “əmək kollektivləri”, “yaradıcı adamlar” bu məsələyə nahaq qoşuldular.
Nəticədə haray-həşir kampaniyası əmələ gəldi, məsələni bilən, bilməyən, hər kəs danışdı, yalançı patriotlar meydanda cövlan elədilər, ağızları köpüklənə-köpüklənə əsdilər, coşdular… Dünya bizə baxırdı. Soyumuza düşmən kəsilmiş qonşular da marıqdaydı, baş verənləri izləyir, qeydlər aparırdılar.
Hələ Əkrəm Əylisli ölkədədir, görürük, ermənilər hansı dillər danışırlar, bir də o, doğrudan da ölkədən qovulmuş olsaydı, yaxud mühacirət etməyə məcbur qalsaydı, görün, necə olardı, nələr danışardılar.
Yazıçının orden-medallarının, fəxri adının əlindən alınması, pensiyasının kəsilməsi də yanlış idi. Buraxılmış məşum bir səhvin düzəldilməsi mümkün olmasa da, onu neytrallaşdırmaq, yumşaltmaq, məcrasını dəyişdirmək mümkün idi. Bundan ötrü 75 yaşlı yazıçının qoparağını götürmək lazım deyildi, əksinə, o, dövlət rəhbərliyi səviyyəsində qəbul edilməli və ortaya ona dözümlü münasibəti sərgiləyən videokadrlar qoyulmalıydı. Bu, ümumi işin daha çox faydasına olardı, nəinki bu cür.
Əslində Əkrəm Əylisli o cür total pisləmə-qınama kampaniyasının qarşısında fenomenal bir dəyanətlə duruş gətirdi. Kim olsaydı, dözməz, başını götürüb gedər və bu addımı ilə ölkəyə ikinci bir böyük zərbə vurardı. Ancaq yazıçı aldığı zərbələrə dözməklə, ölkəni tərk etməməklə ölkəsinə heç olmasa bu yaxşılığı etdi.
Onun həyat yoldaşının və oğlunun məruz qaldığı təzyiqlər də normal və qanuni əsasa malik deyildi. Ata oğluna cavabdeh olmadığı kimi, oğul da ataya cavabdeh deyil və olmamalıdır. Məgər ata qətl törədəndə onun oğlunu da mühakimə və həbs edirlər?
İndi Nalbandyan və qeyriləri əllərinə düşən bu fürsətdən yararlanırlar və yuxarıda dediyimiz kimi, bu yolda davam edəcəklər. Amma biz yazıçımıza qarşı kəskin mövqeyimizdə qalsaq, yanlış hərəkət edəcəyik. Bir qədər yumşalmalı, onun şəxsiyyətinə və yaradıcılığına qiymət verməyi gələcək nəsillərə buraxmalıyıq.
Gələcək nəsillər ya Əkrəm Əylislinin bugünkü mövqeyinə haqq qazandıracaq, ya da bundan yüz qat artıq lənət yağdıracaqlar.