Kitab satıcısı: “Yaşlı və qiymətli kitab vərəqlərinə ya “semiçka” büküb satırlar, ya da alça”
Kitab oxumaq insanı rahatladan bir məşğuliyyətdir. Kitab bəzi insanlar üçün baş qarışdırmaq vasitəsi, bəziləri üçün isə xəstəlik halına gəlib. Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma bu gün çoxumuz nəinki istirahət mövsümündə, heç bekarçılıqdan, ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmürük. Günümüzün çoxunu ya çayxanada, ya kompüter arxasında, ya da televizor qarşısında keçiririk. Kitaba çox pul xərcləyənlərə isə cəmiyyətdə o qədər də xoş baxmırlar. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var.
Bakıda elə mağazalar var ki, orda 100 illər əvvəl nəşr olunmuş kitabları tapmaq mümkündür. Bu kitabların həvəskar alıcıları kifayət qədərdir. Keşlə qəsəbəsində yerləşən kitab mağazasında da belə kitablara rast gəlmək mümkündür. Kitablar olduqca qədimi, görünüşləri, üz qabıqları isə indiki kitablara nisbətən olduqca qalındır. İri səhifələri, xüsusən vərəqlərindən gələn sirkə qoxusuna bənzər qoxu insanı sanki başqa aləmə salır. Amma belə kitablar azdır. Bunlarla yanaşı yeni çap olunan ən yeni tərcümələr də yer alır. Satıcı Aruz Talıbovun sözlərinə görə, belə qədimi kitabları tapmaq çox çətin, satmaq isə olduqca asandır. “Amma mən qədimi kitabları satmağı sevmirəm. Buna həm sağlamlığım imkan vermir, həm də onlardan ayrılmaq elə də asan deyil”, – deyən həmsöhbətimizin 54 yaşı var, astmadan əziyyət çəkir. Deyir ki, kitab satmaq asan olsa da, onların tozuna, qoxusuna dözə bilmir: “Boğuluram, nəfəsim çatmır. Amma əl çəkmirəm kitablardan. Nəfəsim yerinə gələn kimi yenə kitablar arasında oluram. Dükanı açanda məktəb ləvazimatı kimi işlətməyə başladım. Sonra ən yeni tərcümələrə olan marağı gördüm. Aldım, özüm, uşaqlarım oxuduqca oxuduqlarımı satışa qoydum. Bir müddət sonra isə əlimə Dostayevskinin kitab toplusu düşdü. Satışa qoydum. Tez də satıldı. O gündən qərara gəldim ki, tapılmayan kitabları tapım”.
A.Talıbov artıq 6-cı ildir ki, qədimi kitabların alınıb-satılmasına maraq salıb. Artıq alıcılar da zaman-zaman məhz bu dükanda belə qiymətli kitabların olduğunu bilir. Buna görə də onu ziyarət edənlər çoxdur: “Elə alıcı var ki, kitabın yaşına baxır. 70-80-ci illərin kitablarını görən kimi götürür. Bundan daha çox yaşı olsa, dediyim qiymətdən də artıq verir”.
Kitablara nəzər salırıq. Bir hissə tamamilə ən yeni tərcümələrdir. Digər tərəfdə isə Aruz dayının oxuduqları və qiyməti endirilmiş kitablar. Yeni kitablardan fərqli olaraq köhnə kitabların, satıcının dili ilə desək, “xəzinələr”in qiyməti üstündə yazılmayıb. Onlar xüsusi şkafa yerləşdirilib. Soruşduqda isə “alacaqsınızsa, marağınız varsa, deyəcəm” cavabını verir. Kitablara əl vurmaq, vərəqləmək olmaz. Satıcının sözlərinə görə, kitabları hər baxan vərəqləsə kitablarda kitablıq qalmaz ki… Deyir ki, kitab da uşaq kimi baxım tələb edir. “Vaxtlı vaxtında havalandırmaq lazımdır. Çox bağlı qalan, illərlə üzü açılmayan kitabları kiçik cücülər basır. Vərəqləri korlayır. Havalanmayan kitabların səhifələri saralır, bərkiyir. Toz kitabı zamanla keyfiyyətsiz, tanınmaz edir. Buna görə də müştərilərin kitabı vərəqləməsinə icazə vermirəm”.
Müsahibimizin bildirdiyinə görə, elə insanlar olur ki, onlar belə qədimi kitabları mənasız sayır. Saxlamır, dəyər vermir: “Belə kitabları alıram, saxlayıram. Vaxt gəlir ki, o mənasız sayılan kitabı istəyirlər. Onda elə sevinirəm ki. Bilirəm ki, alan sahib çıxacaq, təmiz saxlayacaq. Kitablar onu sevənlər üçün sadəcə kağız parçası olmur. Kitaba öz balası kimi baxanlar da var, cırıb tum, alça töküb satanlar da”.
Hansı dəyərli kitabların olduğunu soruşduqda isə həqiqətən dəyərli xəzinə ilə qarşılaşırıq. A.Talıbovun sözlərinə görə, bu kitabları oxumaq səbr tələb edir. Oxuduqca isə əl çəkmək istəmirsən. Əllərinə neylon əlcək geyinən satıcı kitabları açır və göstərməyə başlayır. Deyir ki, bu kitabların içində saya-hesaba gəlməyəcək qədər mikrob var. İllərə söykənən kitabların qoxusu da bir başqadır. Sirkə, kif, təzə ayaqqabı qoxusu verən kitablara maraq və heyrətlə baxmamaq mümkün deyil. Satıcının dediyi kimi, çox cildli və olduqca səliqəli, təzə görünən kitablar kitab həvəskarları üçün əsl xəzinədir. Amma o ən dəyərli xəzinəsini satmaq fikrində deyil: “Lev Tolstoy. Onun kitabı mənim xəzinəmdir. 2014-cü ildə kitabın 100 yaşı olacaq. Bu xəzinəni satmıram. Balalarım qədər sevirəm. Yaşlı rus qadından almışdım bu kitabları. Ona söz verdim ki, mənim ən dəyərli sərvətim bu kitablar olacaq”.
Satıcı deyir ki, bu gün qədimi kitablara maraq azdır. Çünki gənclər rus dilini bilmir. Bilmədiyi üçün belə qalın kitablar onlara çıxılmaz yol kimi görünür. Bu kitablar 1 manat olsa belə dili bilməyənlər almaz. Bilənlər isə kitabların dilinə heyran olur: “Kitab son illər oxunmağa, alınmağa başlayıb. Dünya yazarlarının kitabları Azərbaycan dilinə tərcümə olunur. Ona görə də satış yaxşıdır. Düşünürəm ki, bu kitabları da tərcümə etmək olar, amma orijinalından oxumaq qədər xoş təsir edərmi bilmirəm. Təəssüf edirəm, indiki gənclərin rusdilli kitablara meyl etməməsinə, oxumaq istəməməsinə”.
Qeyd edək ki, bahalı kitablar dəyərli olmaqları ilə yanaşı olduqca təhlükəlidir. Rusiya Tibb Elmləri Akademiyasından olan mütəxəssislər köhnə və antikvar kitab həvəskarlarını onları gözləyən böyük və gizli təhlükələrdən dolayı xəbərdar edirlər. Məsələ burasındadır ki, burada yalnız toz deyil, sizin xəstələnmənizə səbəb ola biləcək çox müxtəlif sayda ibtidai parazit yumurtaları da toplanmaqdadır. “Xəzinə” nə qədər uzun müddətə toplanırsa, orada törədicilərin say çoxluğu və yoluxuculuğu da artır. Belə ki, mütəxəssislərin rəyinə əsasən bu infeksiya mənbəsi güclü və kəskin allergik reaksiyalara səbəb və hətta güclü ödemlərin, o cümlədən Kvinke ödeminin də formalaşmasına bais ola bilər. Mövcud antiallergik və antihistamin preparatlar kitabqurdu dişləməsindən sonra onu zəhərinin təsirilə formalaşan allergiyanın qarşısını almaqda kifayət qədər acizdir. Təcrübədə dəfələrlə kitabxanaçıların və arxivçilərin məhz bu zəhərin effekti altında dünyalarını dəyişdiklərini göstərir. Profilaktika üçün onları həfətədə ən azı bir dəfə “nəzərdən keçirmək” və mümkün səviyyədə 10 il və daha artıq bir müddətdə toplanmış kitablardan imtina etməkdir. Əgər buna məcbursunuzsa mütləq birdəfəlik əlcək və respiratordan istifadə etməyi unutmayın.