Tozanaqlı roman haqda
Səs-küyün yatmasını gözləyib Əkrəm Əylislinin “Daş yuxular” romanını axır ki oxudum. Yersiz qalmaqalın romanı bədii cəhətdən qiymətləndirməyə mane olacağını zənn edirəm, o üzdən belə səs-küylü romanları adətən çox gec oxuyuram.
Əkrəm bəyin bu romanını bəyənmədim. Əkrəm bəy 50 ildir eyni söhbəti yazır: gilas belə yetişdi, tülkü balasını öldürdülər, Allah günahı adamın uşağına yazır və sairə. Mən başa düşürəm, hər yazıçının sevimli obrazları, səhnəcikləri, qəhrəman tipləri ola bilər. Ancaq bunlara yeni əsərlərdə heç olmazsa yeni detallar əvəz etmək lazım deyilmi? Hətta mən Əkrəm bəyin bütün ədəbi fəaliyyətini bir cümlədə əks etdirə bilərəm: “Şəhərdə özünə yer tapmayan adam kəndə gəlib gilas ağacının üstündəki işığa baxır”. 70 il eyni şeyi necə yazmaq olar axı? Bu cür aqrar, bostan mövzularıyla dünya ədəbiyyatına çıxmaq mümkün deyil.
Romanın estetik tərəfləri, süjeti xüsusilə məyusedicidir. Bütün roman demək olar 3 süni qonaqlıq səhnəsində əks olunub. Birində doktor Fərzani ilə artist Nuvoriş xəstəxanada araq vurub dərdləşirlər. İkincidə doktor Abasəliyev və Saday Sadıqlı Zöhrə arvadın limonlu çayından vurub Əylisin tarixi haqda laqqırtı edirlər. Üçüncüdə teatrda Mopassan Mirələmovla Saday Sadıqlı konyak guplayıb yersiz və uydurma publisistik söhbətlər danışırlar.
Adam istəyib bir romanda min mövzudan yazsın, hamısını da şil-küt eləyib. Bəlkə də yazıçının vaxtı az olub. Hər halda məndə belə təəssürat yarandı ki, Əkrəm bəy bunu çox tələsik yazıb.
Yəni vaxt ötəcək, bu əsərdən yalnız Əkrəm bəyin cığallığı və yersiz, gecikmiş cəsarəti qalacaq. Ayrı heç nə. Yazıçı səmimi olmalıdır, təəssüf ki, bu romanda mən Əkrəm bəyin səmimiliyini demək olar çox az yerdə hiss elədim. Bir qədər izah edim, yoxsa nə dediyim anlaşılmaz.
Söhbət ondadır ki, Əkrəm bəy əsərində ermənilərdən müsbət mənada bəhs edir və humanist yazıçı olaraq savaşı, qan tökməyi pisləyir. Necə deyərlər, əla, gözəl, alqışlar! Amma çox qəribədir, biz bu müsbət xasiyyətli ermənilərə Əkrəm Əylislinin SSRİ dövründə yazdığı əsərlərdə niyə rast gəlmirik? Tutaq ki, Əkrəm bəy erməni tacir Zəkəriyyə Aqulislinin gündəliyini indi tapıb, Əylis kəndindəki kilsə axı həmişə onun gözü qabağında olub! Bədii əsərə tarixi kontekstdə yanaşmağı həmişə yanlış saymışam, ancaq “Daş yuxular”dakı bir çox detallar həyatdan götürülüb, özü də qədim həyatdan. Lap hesab edək Əkrəm bəy onları təhrif edib – bunu dartışmıram, çünki yazıçı sərbəstdir, təhrif edə də bilər. Amma Əkrəm bəy bu obrazları o vaxt da yarada bilərdi axı! O zaman səmimi görünərdi. Yoxsa müharibədən sonra, qan sel kimi axandan sonra yazmaq elə də çətin deyil. (Paradoksal olsa da. Burada çətinlik fiziki çətinlikdən getmir, Əkrəm bəyin həyatına romandan sonra gerçək təhlükələr yaranmışdı və ola bilsin indi də qalır. Mən ədəbi çətinliyi, yazıçının əsər yaradarkən üzləşdiyi texniki çətinlikləri, estetik baryerləri və önəmlisi, yazıçı uzaqgörənliyini nəzərdə tuturam).
Mən bunu özümdən yazmıram, bunun örnəyi var. Hələ ötən əsrin 60-70-ci illərində böyük erməni yazıçısı Hrant Matevosyanın bir çox əsərlərində erməni-türk davasının eybəcərliyi, “Böyük Ermənistan” söhbətinin absurdluğu təsvir edilib. Ancaq bayaq yazdığım kimi, mən Əkrəm bəyin yaradıcılığını bəlkə tam oxumuşam, ancaq onun əvvəlki əsərlərində hansısa parlaq erməni obrazına (lap mənfi də olsa) rast gəldiyimi xatırlamıram. Bəlkə hansısa epizodik obraz olub.
Sözümün canı odur ki, yazıçı yaradıcılığında ardıcıl olmalıdır. Həyatında olmasa da olar. Şəxsən məni Əkrəm bəyin gah deputat olması, gah iqtidarın düşməninə çevrilməsi, ümumiyyətlə şəxsi və publisistik anlamda metamorfozları narahat eləmir, düşündürmür. Məni onun yaradıcılığı maraqlandırır. Çünki Əkrəm bəy Azərbaycanda dünya ədəbiyyatından, yazıçı peşəsinin mətbəxindən, söz yaradıcılığı fəndlərindən xəbərdar olan tək-tük şəxslərdən biridir. Ancaq bu romanda o, öz qələminə məğlub olub.
Necə deyərlər, hadisələrin arxasıyca sürünən yazıçının toza batması təbiidir.