Azərbaycanda çoxuşaqlı ailələrə möhtəşəm güzəştlər ediləcək
Bir xəbər çoxuşaqlı ailələri xeyli sevindirib. Xəbər yayılıb ki, tezliklə çox uşağı olan ailələrə dövlət sosial yardım edəcək. Bu, əlbəttə ki, təkcə çoxuşaqlı ailələr deyil, hamı üçün ürəkaçan xəbərdir. Əgər bu baş versə, belə ailələrin sosial vəziyyətləri xeyli yaxşılaşar, yaşayış şəraitləri də yüngülləşər. Bundan başqa, həmin ailələr övladlarının təhsili və sağlamlığına da diqqət ayırmağa imkan tapa bilərlər. Çoxuşaqlı ailələrə yardım layihəsinin həyata keçməsi xüsusilə də rayon yerlərində yaşayan vətəndaşların problemlərinin həllində yardımçı ola bilər. Çünki rayon yerlərində çoxuşaqlı ailələrin gündəlik dolanışı çox çətindir və problemlərini həll edə bilməyən ailələr ya yaşadıqları rayonu, ya da ölkəni tərk edirlər. Əlqərəz, bu qanun işləsə, problem həllini tapa bilər. Lakin bütün bunlar hələki təklif olaraq irəli sürülüb və rəsmi dairələr tərəfindən müzakirə edilir.
Amma çoxuşaqlı ailələrə yardım təkcə sosial təkliflərlə bitməyəcək. Onların xüsusi ipoteka şərtlərinə də malik olacaqları bildirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov açıqlayıb ki, belə ailələrə ipoteka imkanlarının yaradılması “Çox uşaqlı ailələrə dövlət dəstəyinin təmin olunması haqqında” qanun layihəsində öz əksini tapıb. Bu qanun layihəsini isə Azərbaycan Respublikası Prezident Administrasiyası və Nazirlər Kabineti hazırlayıb. Elnur Sultanov həm də bildirib ki, belə ailələrdəki valideynlər iş üçün dövlət qurumlarına müraciət etdikdə onların bu statusları rəsmi şəkildə nəzərə alınacaq. Belə ki, 3 uşaqdan sonra doğulan uşaqlar üçün əlavə olaraq aylıq və birdəfəlik müavinətlər veriləcək ki, bu da minimum aylıq əmək haqqının 12 mislini təşkil edəcək.
Əslində, bu praktika Azərbaycana qonşu olan ölkələrdə çox uğurla həyata keçirilir. Ailədə 3-dən artıq uşağı olanlara dövlət hərtərəfli şəkildə dəstək olur. Məsələn, Rusiyada çoxuşaqlı ailələrə yardım ölkənin şəhər və rayonları üzrə müəyyənləşdirilir. Misalçün, Moskvada çoxuşaqlı ailələrə uşaqların hər birinə görə ayda 870 rubl məbləğində ödəniş və kompensasiya ödənilir. Bundan başqa, 16 yaşına qədər (uşaq təhsilini ümumtəhsil müəssisəsində davam etdirirsə, 18 yaşadək) hər ay 150 rubl ödənilir.
Moskva rəhbərliyi uşaqların qidalanmasını da nəzərə alır. Bunun üçün 3 yaşa qədər olan hər bir uşağa aylıq olaraq 150 rubl verilir. Ümumtəhsil müəssisəsində təhsil alan uşaqların hər birinə görə ildə 1000 rubl həcmində məktəb forması və geyimə subsidiya ayırır. Bundan başqa, 5-dən artıq həddi-buluğa çatmayan uşaqları olan ailələrə nəqliyyatda gediş haqqı olaraq hər ay 300 rubl, 190 rubl telefon danışığına, 900 rubl isə uşaq malları almalarına ayrılır. 10 və daha artıq uşağı olan analara isə hər ay 3000 rubl kompensasiya verilir.
Türkiyədə isə çoxuşaqlı ailələrə sağlamlıq və hamiləlik yardımlarını da nəzərdə tutan sosial yardımlar paketi verilir. Türkiyədə də bu məsələ şəhər və rayonlar üzrə aparılır. Bu sosial yardımla qadınlara hamiləlik dövründən etibarən başlayır. Çoxuşaqlı ailələrə təhsil yardımı göstərilir. Ümumiyyətlə, Türkiyədə artıq hər ailəyə 3 uşaq prinsipi tətbiq olunmağa başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanovun sözlərinə görə, hələ ki, layihə üzərində iş gedir və yeniliklər bununla bitmir. Güzəştlər uşaqların sayından asılı olaraq artacaq. Bu güzəştlərə səhiyyə, təhsil, kommunal xidmətlər də daxil ediləcək: “Qanun layihəsinin müddəalarında belə ailələrin övladlarına ödənişli təhsil ocaqlarında təhsil haqqının 50%-nin ödənilməsi, iş məsələsində isə mövcud vakansiyalar olduqda, onlar əvvəlcə çoxuşaqlı ailələrin valideynlərinə təklif olunsun”.
Bundan başqa, çoxuşaqlı ailələrdə qadınların analıq məzuniyyət müddətinin uzadılması da təklif olunub. Lakin müddətin nə qədər olacağı hələlik müzakirə edilir. Həmin qadınların analıq məzuniyyəti onlara əmək stajı kimi yazılacaq.
3 və daha çox uşağı olan analara isə birdəfəlik müavinətin verilməsi planlaşdırılır. Bu da hələ ki, müzakirəyə saxlanılan məsələlər arasındadır. Amma bəzi təkliflərə görə, bu məbləğ minimum əmək haqqının 12-16 misli qədər, başqa sözlə 1200-1600 manat ola bilər.
Elnur Sultanov bildirib ki, bu qanun qəbul edilsə, ondan yaşı 18-i keçməyən 3 və daha çox uşağı olanlar, 2 və daha çox əkiz uşaqları olan ailələr yararlana biləcəklər. Amma yenilik bunlarla bitməycək. Nazirlik “Qəhrəman ana” statusunu da bərpa etməyi nəzərdən keçirir. Bu isə 5 və daha çox uşağı olan qadınlara veriləcək.
Ən sevindici xəbər isə odur ki, nəzərdə tutulan güzəşt və imtiyazlar təkcə qanunun qəbulundan sonraya deyil, ondan əvvəl də 3 uşağı olan ailələrə şamil ediləcək. Qanunla bağlı müzakirələrin ilin sonuna başa çatması gözlənilir.
Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, qanun layihəsinin nə icra olunacağı hələ bilinmir. Onun sözlərinə görə, hələlik qanun layihəsi müzakirəyə çıxarılmayıb. Məhz bundan sonra qanun layihəsinin dəqiq icra olunma vaxtı bilinəcək.
Sosioloq Turan Əliyev hesab edir ki, bu qanun qəbul edilsə, o, çoxuşaqlı ailələrə böyük motivasiya vermiş olacaq: “Çünki belə bir təcrübə müharibə vaxtı da var idi. Amma o vaxtı hər bir uşağı olan qadına birdəfəlik yardım edirdi. Bir sözlə, soğan olsun, nağd olsun məsəli tətbiq olunurdu. Layihə kənd yerlərinə də böyük imkanlar verəcək”.
Ekspert təklif edir ki, ölkədə çox uşağı olan qadınlara birdəfəlik olaraq maaşlarının 10 misli qədərində müavinət verilsin. Bundan başqa, aylıq uşaq pulu müavinətlərinin də bərpası bu baxımdan mütləqdir.
Turan Əliyevin sözlərinə görə, Azərbaycan Rusiya modelindən faydalana bilər.
“Həm də indi insanlar 2 uşaqla kifayətlənirlər. Lakin 1 uşağı və sonsuz olan ailələr də var. Ona görə də 3 uşaq siyasəti tətbiq olunmalıdır. Çünki ailədə uşaqların azalması millətin gələcəkdə konstruktiv inkişafına mane olacaq”,- deyə Turan Əliyev bildirib.