Heç vaxt tükənməyən sərvət
Hakimiyyət Cümhuriyyətin 95 illiyini də yalnız xala xətrinə qutladı. Hər halda, bu kimi yuvarlaq təqvimlər yalnız bir günlə əhatələnmir, həmin günədək dövlət səviyyəsində silsilə tədbirlər keçirilir. Necə ki, YAP banisinin yubileyi ilə bağlı bunu gördük.
Cümhuriyyət sönük yubileylərə layiq deyil. Bu, öncəliklə bir millət, toplum olaraq özümüzə, yaxın və şanlı keçmişimizə laqeydlikdir. Yubiley münasibətilə heç olmasa, müstəqillik yolunda cəfa çəkmiş siyasi dustaqlarla bağlı əfv fərmanı verilsəydi, istiqlal deputatları ödüllənsəydilər yerinə düşər, istiqlalımızın şəriksiz banisi Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının, o böyük və işıqlı kişilərin ruhu bir azca təskinlik tapardı.
Bu da baş vermədi. Ancaq unutmayaq ki, 1918-20-ci illər Respublikası olmasaydı, nəinki indiki Azərbaycan və onun hazırkı hakim rejimi, heç Sovet Azərbaycanı da mövcud olmayacaqdı – biz hələ də Rusiyanın tərkibində onlarla muxtariyyətdən, sadəcə, biri idik…
AXC-nin il dönümlərini, yubileylərini layiqincə qeyd eləmək təbii ki, tək Müsavatın, müxalifətin missiyası deyil. Bu, ümummilli məsələ, milli sərvət olduğu üçün ən əvvəl hakimiyyətdəki siyasi qüvvə, üçrəngli bayrağı rəsmən təmsil edən iqtidar buna görə məsuliyyət daşıyır. Bizə dost-düşmən, erməni də baxır, unutmayaq…
Söhbət heç dost-düşməndən də getmir. Məsələ ondadır ki, Azərbaycanın fəlakətlərinin, irili-xırdalı problemlərinin, Qarabağsızlığın tək səbəbi millət, dövlət, hakimiyyət olaraq Cümhuriyyət dəyərlərinə, o əvəzsiz və qiymətli irsə tapına bilməməyimizdir. Halbuki, xilas yolu elə budur – həmin sərvətə, qızıldan qiymətli mirasa ləyaqətli şəkildə sahiblənmək. Bu dəyərlərə yiyə durmadan Qarabağa yiyələnmək qeyri-mümkündür!
Qızıl qızıldır, nəyə büksən də, zibilliyə atsan da qiyməti dəyişməz. Ancaq bəzən görürsən bu qiymətli metal da müvəqqəti ucuzlaşır. Yaxud görürsən ölkənin qır-qızılı, ləl-cəvahiratı, nefti-qazı tükənir. Cümhuriyyət dəyərləri, Cümhuriyyət mirası isə heç vaxt qiymətdən düşməz, çünki ümumbəşəri dəyərlərdən yoğrulub və bəşər durduqca, Azərbaycan xalqı və milləti var olduqca o da təzəliyini, təravətini qoruyub saxlayacaq.
Bütün bəlalarımızdan xilas resepti, ən düzgün milli strategiyanın tezisləri də onun içində, mirasda tapıla bilər. Zatən, bu resept müqəddəs bayrağımızın rəmzlərində əksini tapıb. Millət, dövlət olaraq sayılan xalqlar, dövlətlər cərgəsinə qoşulmaq istəyiriksə, çağdaş dünya ilə ayaqlaşmalı, demokratikləşməli, lakin bu zaman milli kimliyimizi, dinimizi, milli-mənəvi gələnəklərimizi unutmamalıyıq. Bu qədər sadə.
Nə yazıq ki, Azərbaycan hələ də SSRİ-nin mini formasını təcəssüm etdirir. Bu 21 ildə biz 100 il qabağa getmək əvəzinə, az qala 300 il geri getmişik YAPtokratiyanın hesabına. Ən qorxulusu, geriyə yuvarlanma prosesi davam edir. Amma Konstitusiya ilə Azərbaycan Respublikası 95 il öncəki Cümhuriyyətin hüquqi-siyasi varisi sayılır. Varislik beləmi olur? AXC-nin bayrağı, himni, gerbi nəzərə alınmazsa, yerdə nə qalıb ki.
Hərgah, qalıb: dünyanın mötəbər insan haqları təşkilatları Azərbaycanı demokratiya indeksinə, siyasi, iqtisadi, biznes azadlıqlarının səviyyəsinə görə Belarusdan da geri qalmış ölkə hesab edir. AXC qurucuları isə müsəlman Şərqində qardaş Türkiyədən də qabaq (!) ilk demokratik, şəffaf idarəçilik sisteminə malik bir dövlət yaratmışdılar! ABŞ-dan öncə qadınlara seçib-seçilmək hüququ vermişdilər. Həqiqi mənada azad və ədalətli seçkilər keçirmiş, çoxpartiyalı parlament formalaşdırmışdılar.
O dövr üçün bunlar olduqca möhtəşəm uğurlar, islahatlar idi. Gəl ki, bir əsr sonra bunların heç 1/10-i müstəqil Azərbaycanda bərqərar deyil. Olanımızı artıra bilmədik, heç olmasa qoruya biləydik…