“Azərbaycanda 15-49 yaşlı kişilərin yarısı siqaret çəkir. 35-69 yaşlı kişilər arasında ağciyər xərçəngindən ölənlərin 85 faizi tütün çəkmə ilə bağlıdır”.
Bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “Ümumdünya Tütünsüz Günü”nə həsr olunan tədbirdə deyib. O bildirib ki, kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i isə evdə tütün tüstüsünə məruz qalırlar. Şöbə müdirinin sözlərinə görə, 40% insan siqareti evdə çəkir: “Ölkədə tütün çəkməyə başlamanın orta yaş həddi 19 yaşdır. Siqaretdən daha çox 35-44 yaş arası kişilər istifadə edir”.
Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin tütün çəkməsi ilə bağlı məsələyə gəlincə,
T. Musayev bildirib ki, ölkədə yeniyetmələrin 10,6%-i nə vaxtsa siqaret çəkib, 6,8%-i isə hazırda siqaret çəkir. Siqaret çəkənlərin 36,6%-i on yaşadək siqaret çəkməyə başlayıb. Heç vaxt siqaret çəkməyənlərin 10%-i növbəti ildə siqaret çəkməyə başlaya bilər. 30% siqaretçəkənlərin daha çox dostları onları bu məsələyə cəlb edirlər. 40% yeniyetmənin isə bir və ya hər iki valideyni siqaret çəkir. Tütün çəkmən 90% hallarda ağciyər xərçənginə, 75% hallarda xroniki bronxit, 25% hallarda isə ürəyin işemiyası kimi xəstəliklərə səbəb olur.