Pensiyaların yaxın günlərdə artacağı ilə bağlı anonslar verilir. Bu xəbərlər aztəminatlı şəxslər üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda hər dəfə maaş və ya təqaüdlər artırılandan dərhal sonra ərzaq məhsullarının da qiyməti bahalaşır. Ancaq bu dəfə təqaüdlər artırılmadan əvvəl ərzaq məhsullarının qiyməti bahalaşdı. Paytaxtdakı bir neçə ərzaq dükanında apardığımız monitorinq də qiymətlərin bahalaşması xəbərini təsdiq etdi.
İlk olaraq Nərimanov rayonu Təbriz küçəsində yerləşən ərzaq dükanlarından birinə baş çəkdik. Burada əvvəllər 90 qəpiyə satılan şəkər tozu indi 1 manata, kilosu 40 qəpiyə satılan un indi 50 qəpiyə, 8-9 qəpiyə satılan yumurta isə 10-12 qəpiyə idi. Bundan başqa yağların da qiymətində artım var. Nərimanov rayonu ərazisində yerləşən digər ərzaq mağazalarında da qiymətlərdə artım var idi.
Belə ki, hər bir ərzaq məhsulunun qiymətində 5-10 qəpik civarında artım müşahidə etdik. Satıcı Səbinə Heydərova əsas artımın pensiyalar qalxdıqdan sonra olacağını dedi: “İndi artım var. Amma elə də çox deyil. Əsas artım pensiyalar qalxdıqdan sonra baş verəcək. Bu hal isə hər dəfə eyni ilə təkrarlanır. Artıq bu bizə qeyri adi gəlmir”.
Məsələ ilə bağlı mağazada olan bir neçə alıcının da fikrini öyrəndik.
Pensiyaçı olduğunu deyən Heyran adlı alıcının fikrincə, pensiyalara cüzi artım etməklə camaatın başını aldadırlar: “Guya pensiyalar artacaq, bizə bir xeyri olacaq?! Pensiyaların artmasının nə mənası var? Dərhal ən zəruri ərzaq mallarının qiymətini bahalaşdıracaqlar. Pensiyaların artması həyatımızda heç bir müsbət dəyişikliyə səbəb olmayacaq. Pensiya artmadan əvvəlki vəziyyət necə idisə, artandan sonra da elə olur. Bu artımlar uşaq başı aldatmaq kimi bir şeydir”.
Digər alıcı Vahid Əsgərov isə ərzaqların qiymətinin daha da artacağından qorxduğunu dedi: “Pensiya ilə dolanan adamlarıq. Ərzaqlar pensiyalar artmadan artıb. Qorxuram ki, pensiyalar artandan sonra daha da bahalaşsın. Vallah, bütün bunlar boş söhbətlərdir”.
Rəsmi rəqəmlərə görə, ölkədə əksər məhsul və xidmətlərin qiymətində cüzi də olsa, davamlı artım müşahidə edilir. 2012-cü ilin birinci rübünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, xidmət tarifləri 3,4 faiz bahalaşıb.
İqtisadçı ekspert Qadir İbrahimli bahalaşmanın təqaüdlərin artacağı xəbəri ilə əlaqəli olmadığını bildirdi: “Bahalaşma əgər pensiyaların artması ilə əlaqədar olsaydı, bu artımdan sonra baş verərdi. Hazırda ərzaq məhsullarının qiyməti artıb. Bu artım xüsusən də əhalinin daha çox istifadə etdiyi süd və süd məhsullarının qiymətində müşahidə edilir. Ümumiyyətlə, qiymələrin artımı bazarın hansısa bir tələbi ilə bağlı deyil. Bunun xaricdən idxal olunan inflyasiya ilə də əlaqəsi yoxdu. Yəni qiymətləri artan məhsullar xaricdən istehsal olunan məhsullar deyil, yerli məhsullardır. Burada yeganə faktor ondan ibarətdir ki, hansısa monopolistlər qiymət artımına gedirlər. Ümumiyyətlə, ölkədə seçki ərəfəsində siyasi proseslər gərginləşəndə qiymətlərin bahalaşması artıq adət halını alıb. Bu da ki, həmin tendensiyanın davamıdır”.