Qiyamdan qaçmağın tək yolu
Yaxud ölkədə seçki ənənəsi olsaydı…
İqtidar qırğılarının hər yeni yaranan müxalifyönlü qurumu lağ-lağı predmetinə çevirməsi, ona vedrə qoşub gözdən salmağa çalışması təzə məsələ deyil. Halbuki demokratik, mülki və güclü cəmiyyətlərin, dayanıqlı dövlətlərin atributlarından biri məhz elə vətəndaşların müxtəlif ictimai, siyasi qurumlarda birləşməsidir; nə fərqi, 5-5 olsun, yoxsa min-min.
Avropa Şurasının üzvü olan bir ölkənin rəsmilərinin bu demokratik prosesə belə ikrahedici formada yanaşması təbii ki, onların geridə qalmışlığının, təfəkkürlərinin köhnəlmiş olduğunun göstəricisidir. Təzə-təzə yaranmağa başlayan və ölkə siyasi səhnəsinə uğurla çıxmaqda olan Milli Şuraya da iqtidar mənsublarının qısqanc, qəzəbli və isterik reaksiyası bu xüsusda əsla gözlənilməz olmadı. Onlardan, Siyavuş Novruzovdan demokratik davranış gözləmək canavardan vegetarianlıq gözləmək qədər absurd olardı.
Mövcud rejim avtoritar yox, demokratik mahiyyətli olsaydı, Milli Şura çətiri altında demokratik müxalifət qüvvələrinin geniş koalisiyanın yaranmasına hamıdan çox özü sevinərdi. Ona görə ki, Milli Şura hakimiyyətə top-tüfənglə, üsyan-qiyamla deyil, sırf seçki yolu ilə, dinc yolla gəlməyi hədəfləyib. Məramnaməsi, strategiyası, taktikası – hamısı ortada.
Qurumun başında duran liderlərin milli maraqlara sədaqəti, keçdikləri siyasi mübarizə, həyat yolları da öz yerində və heç bir sual doğurmur. Toplum onları çox yaxşı tanıyır. Onlardan xəyanətkar çıxmaz. Xəyanət hakimiyyətdən iki əlli yapışan, hər şeyi mənsəbə qurban verən vəzifə, var-dövlət hərislərindən gəlir adətən.
Günün sualı da belədir: daha nə istəyirsiniz? Qalır babat, ədalətli bir seçki yarışmasına şərait yaratmaq. Əgər doğrudan da xalqın iradəsi dediyiniz kimi, sizin üçün əsasdırsa, Rusiyanın, Amerikanın guya burda hakimiyyət çevrilişi etməsini istəmirsinizsə, ölkənin maraqlarını zümrə maraqlarından üstün tutursunuzsa, onda buyurun – bu da meydan. Ən optimal, ən təhlükəsiz (elə özünüz üçün də) yol bəlli: normal çeki keçirin və Rusiyanın, Qərbin deyil, xalqın seçdiyi qüvvənin hakimiyyətə gəlməsinə, məhz xalqın ssenarisinin reallaşmasına şərait yaradın!
Söz düşmüşkən, dünən Almaniyadakı siyasi yönümlü “Focus” jurnalı da bu mövzuya toxunaraq Rusiyanın Azərbaycanda İlham Əliyev əleyhinə qiyam hazırladığını yazıb. Jurnal Bakının enerji resursları uğrunda iqtisadi müharibə getdiyini qeyd edərək əlavə edib ki, Moskva Qərb bazarlarına alternativ marşrutlarının yaradılmasının qarşısını almağa çalışır və bunun üçün bütün kartları ortaya qoyub, hətta Cənubi Qafqaz marşrutunu təhlükəli etmək üçün bölgədə münaqişələri, o sırada Qarabağ ixtilaflını qızışdırmağa səy edir.
Ola bilsin. Amma axı bütün bu kolliziyalardan yayınmağın, dövləti xarici təhdidlərdən qorumağın hamı üçün – iqtidar üçün də, müxalifət və xalq üçün də etibarlı yolu məlumdur. Mədəni millətlər, normal dövlətlər çoxdan bu qəbildən təhlükələri seçki ənənəsi, dinc yolla hakimiyyət dəyişikliyi ənənəsi yaratmaqla tarixin arxivinə veriblər. Bu üzdən dəfələrlə olub ki, seçki ilə iqtidardan salınan qüvvə 1-2 seçki sonra təzədən hakimiyyətə qayıdıb. Çünki siyasətdə, idarəçilikdə “qırmızı xətt”i heç vaxt keçməyiblər, bunu ağla belə gətirməyiblər.
Azərbaycan hakimiyyəti isə “qırmızı xət”i dəfələrlə adlayıb. Bununla belə, bircə azad və ədalətli seçki yetər ki, xalq onun günahlarını bağışlasın. Çevriliş, qiyam, inqilab, xarici təhdidlər söhbəti də gündəmdən birdəfəlik çıxsın.