Yuxu əslində insanlar üçün adi, sadə bir proses kimi görünsə də, əslində çox vacib və önəmlidir. Rahat yuxu yatmaq hər insana nəsib olmur. Bəzən yata bilməyən insanlar bununla bir növ fəxr edirlər. “1 sutka yatmadım”, “neçə gündür yata bilmirəm” və bu kimi cümlələrlə fərqli olduqlarını göstərirlər. Bu, xüsusən cavanlarda daha çox olur. Normal yata bilməmək özü böyük bir problemdir. İnsan gün ərzində yaşadığı hadisələri yuxu vasitəsi ilə yaddaşına həkk edir. Uzunmüddətli yuxusuzluqdan əziyyət çəkən insanlar gələcəkdə yaddaş problemləri yaşaya bilərlər.
Normal yatan, yuxusu bölünməyən və qorxulu, narahatedici yuxu deyil, əksinə sakit yuxu görənlər günə digər insanlardan daha fərqli başlayırlar və gün ərzində baş verəcək yeni hadisələrə beyin hazır olur. Yuxunun görülməsində beynin alt sapı deyilən bölgəsindəki kiçik bir hissə fəaliyyətə keçir. İnsan dərin yuxuya getdikcə beynin digər hissələri də fəaliyyətə başlayır. İnsan düşünür ki, yuxuya getdikdən sonra beyin sakitləşir, gündüz olduğu qədər gecə fəaliyyət göstərmir. Əksinə, beyin gecə yuxusu zamanı ən az gündüz qədər aktiv olur. Bunun ən sadə sübutu insanın yuxu gördüyü zaman qorxması, həyəcan keçirməsi, yaxud sevinməsidir. Yuxudan oyandığı zaman uzun müddət yuxunun təsirindən çıxa bilməyən insanlar beynin gecə fəaliyyət göstərmədiyini deməsi bir az gülünc səslənər.
Nevropatoloq Allahverdi Musayevin sözlərinə görə, bu gün əksər insanlar yuxularının yadda qalmamasından narahatlıq keçirirlər. Bir qisim insanlar səhər oyandıqları zaman nə gördüyünü nöqtəsinə qədər xatırladığı halda digər qisim insanlar nə gördüyünü, necə gördüyünü belə xatırlamır. Hətta yuxu xatırlamamağı da özlərinə problem edən insanlar az deyil:
“Bu, əslində təbii haldır. Hər insan hər gün mütləq yuxu görəcək deyə bir qanun yoxdur. Səhər oyandıqda xatırlanan yuxuların əksəriyyəti səhərə yaxın görülən yuxulardır. Səhərə yaxın olan yuxular daha uzun olduğu üçün insan oyandığı zaman həm yuxunu daha yaxşı xatırlayır, həm də bütün gecəni yuxu görmüş hissinə qapılır. Halbuki belə yuxular 6-7 saniyə çəkir. Yaxşı xatırlanması səhərə doğru görülməsinə görədir. Yuxu görməyən insanlar bunu problem halına gətirməməlidir. Əgər rahat yatan insan səhər oyandığı zaman heç bir yuxu xatırlamırsa, bu, gecə yuxusunun sağlam bir yuxu olduğunu göstərir. Yuxular hər zaman olduğu kimi xatırlanmaz. Kiçik bir hissəsi yaddaşda qalar. Əgər bir insan yuxusunu xatırlayırsa, bu, onu göstərir ki, yuxu görmə əsnasında o mütləq oyanıb. Bundan başqa, görülən yuxuların xatırlanması mümkün deyil”.
Yuxugörmə yuxunun ümumi və xarakteristika xüsusiyyətlərindən biri olub, yuxunun “sürətli göz hərəkəti” (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu və məqsədləri tamamilə aydın deyil.
Təkrarən eyni yuxunu görmək insana narahatlıq verir və kabus adını alır. Əksərən təkrar görülən yuxular daha narahatedici və daha qorxulu olur. Belə yuxular yaşanan pis təcrübə, hadisə, travmalardan sonra ortaya çıxır. Travma alan insanlar bunu beyinlərindən silə bilmədikləri müddətdə belə yuxuların görülməsi normaldır. Həyati travmalar yaddaşda yer etdiyi üçün insanın hər gün, yaxud fasilələrlə eyni yuxunu görməsi baş verir. Nevroloq bildirir ki, gecə səhərə kimi insan təxminən 4-5 yuxu görür. Bunlar müxtəlif aralıqlarla, fasilələrlə olur. “İnsan yuxusu iki yerə bölünür. Bunun birincisi yuxuya gedilən ilk saatlardır. Bu ərəfədə insan beyni və bədəni dincəltməyə yönəlir. İkincisi isə səhərə qarşı olan hissədir ki, yuxular əksərən ikinci hissədə daha çox görülür. İnsanın yuxu görüb-görmədiyini bilmək üçün onu yuxudan oyandırmaq lazımdır. Belə hallarda yuxu yaddaşda qalır. Lakin insanın öz istəyi ilə yuxudan qalxması hallarında yuxuların xatırlanması mümkün deyil”.
Həmsöhbətimizin sözlərinə görə, yuxuların gələcəyə aid nələrisə insana göstərməsi mümkün deyil: “Ən azından bu təsdiqlənmiş bir hal deyil. Xalq arasında belə bir inanc da var. Əksər insanlar gördükləri yuxunun həyata keçməsinə inanırlar, bunu sınadıqlarını deyirlər. Əslində yuxuda görülənlər insan beyninin məhsuludur. Bütün gecə bir hadisə haqqında düşünmək və sonra yuxuda onunla bağlı bir şey görülməsi çox təbii bir haldır. Bunu inanc formasına çevirmək, görülən hər yuxudan bir nəticə gözləmək düzgün deyil. Lakin istisnalar da ola bilər. Yuxuda görülən hadisələrin heç bir təhrif olmadan həyata keçməsi də mümkündür. Belə yuxuları yalnız yüksək həssaslığa malik insanlar görürlər. Məsələn, yuxuda hər hansı bir yaxınının başına gələcəkləri görmüş insanlar hadisə baş verdikdən sonra və ya öncə hadisəni olduğu kimi danışa bilər. Belə yuxular “gerçək yuxular” adlanır”.
Alimlərin uzunmüddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam aydınlaşmayıb. Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunu bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yazmaq lazım olur. İnsan ömrünün 3/1-ni yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Alimlərin fikrincə, yatmaq üçün qəbul olunmuş bəzi yuxu gətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş insanların yuxu görmə ehtimalı 90%-dir.