Doğrusunu deyim ki, “The İndependent” qəzetinin qadın məsələlərindən yazan müxbiri Lavdi Morrisin məqaləsini oxuyanadək ingiliscə qısa şəkildə FGM (Female Genital Mutilation – qadın cinsi orqanının amputasiyası) adlanan ənənənin əsas etibarilə Afrikanın müsəlman ölkələrində yayıldığını güman edirdim.
Bu proses bəzən “qız sünnəti” adlansa da, ekspertlər bu sözdən nadir hallarda istifadə edirlər. Belə ki, oğlan sünnətindən fərqli olaraq, “qız sünnəti”ində söhbət qadının mühüm seksual orqanının qismən və ya tam ləğvindən gedir.
Əsas məqsəd qadının intim əlaqədən həzz almasını azaltmaq və ya tamamilə ləğv etməkdir.
Məhz buna görə də, İslamla birbaşa əlaqəsi olmayan bu ənənə daha çox elə müsəlman icmalarında yayılıb.
Bu da qeyd olunmalıdır ki, “qız sünnəti” məsələsi İslam ruhaniləri arasında da fikir ixtilaflarına səbəb olur.
Mühafizəkar din xadimləri bu adətə müsbət yanaşırlar, çünki o şəriətin qadına baxışı ilə üst-üstə düşür.
BMT: “OĞLAN SÜNNƏTİ YAXŞIDIR, QIZ SÜNNƏTİ YOX”
Digər tərəfdən oğlan sünnəti xüsusən də isti ölkələrdə, hətta BMT kimi mötəbər təşkilatlar tərəfindən dəstəklənsə də, elə həmin BMT “qız sünnəti”nə qarşı kampaniya aparır.
Əslində, “The İndependent” qəzetinin müxbiri Morrisin yazısı da bu kampaniya barədədir.
Lakin FGM-in kürdlər arasında geniş yayılması mənim üçün bir növ təzə xəbər oldu.
Müxbirin qəhrəmanı kürd qadınlar arasında FGM-ə qarşı kampaniya aparan 31 yaşlı şairə Avezan Nuridir.
Nuri İraq kürd qızlarının zorla ərə verilməsinə, onlara qarşı ər zorakılığına və başlıcası “qız sünnəti” adətinə qarşı kampaniya aparır.
O deyir ki, anası 12 yaşında olarkən “sünnət” edilib. Qəribədir ki, bunun nəticəsində iztirablar çəkməsinə baxmayaraq, öz 6 qızının da bu adətdən keçməsini istəyirmiş. Çünki bu, əsrlərdən gələn dədə-baba adəti sayılır.
Kərküklü şairə Avezan Nuri sünnət edilməkdən möcüzə ilə xilas olub.
Ona görə möcüzə yazıram ki, Avezan Nurinin və bacılarının sünnət edilməsinə ataları etiraz edib.
BAKİRƏLƏRİN QƏTLİ
Lakin hər evdə həmişə sözü keçən kişi o qədər də tez-tez tapılmır. Ənənəvi “kişilər” başqa cür davranırlar.
Qəzet yazır ki, ötən il Kərkük yaxınlıığındakı kəndlərdən birində ata üç qızının seksual həyat yaşadıqlarından şübhələnərək, onları qaynar su çəninə atıb, sonra isə güllələyib.
Bu müdhiş cinayətdən sonra qurbanların autopsiyası göstərib ki, qızların üçü də bakirə imiş.
“Qeyrətli” ata cəmi iki il həbs cəzası alıb, çünki bir çox müsəlman ölkələrində cinayət məcəlləsi qeyrətli kişilər üçün yazılır.
Müsəlman icmalarında çoxluq bu qənaətdədir ki, FGM elə bu cür cinayətlərin qarşısını almaq üçün də yaxşıdır.
MURDAR ADƏTLƏRİ AVROPAYA DA GƏTİRİRLƏR
Ümumiyyətlə, etnik və dil baxımından azərbaycanlılara çox yaxın olan İraq türkmənlərinin də sıx yaşadığı Kərkükdə qadınların 38 faizi bu sayaq “sünnətə” məruz qalır.
Lakin etnik kürd qadınların arasında bu rəqəm 65 faizdir.
Müxbir yazır ki, İraq Kürdüstanı adlanan ərazidə (hərçənd kürdlərin istəyinə rəğmən Kərkük rəsmən bu əraziyə daxil edilməyib) qız sünnəti 4-12 yaş arasında həyata keçirilir.
Bu qızlar gələcək həyatlarında intim və seksual həzz hissindən tamamilə məhrum olurlar.
Lakin problem bununla bitmir. Qız sünnəti nəticəsində ölümcül infeksiyalar baş verir və hətta gələcəkdə sonsuzluq təhlükəsi yarana bilir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün “qız sünnəti”nə məruz qalmış 140 milyon qadın var.
Böyük Britaniyada “qız sünnəti” qanunla qadağandır. Belə bir qanuna ehtiyac var, çünki bir çox mühacir icmalar mühacirətə bəzi “murdar” adət-ənənələrini də gətirirlər.
Britaniya cinayət məcəlləsinə bu maddə əlavə olunandan sonra bir çox ailələr “milli qeyrət prosedurunu” həyata keçirmək üçün öz xarabalarına qısa səfər edirlər.
Britaniya Səhiyyə İdarəsi bildirir ki, ölkədə hər il 15 yaşından aşağı ən azı 20 min qız bu prosedura məruz qalmaq təhlükəsi ilə üzləşir.
Ekspertlər deyirlər ki, əslində bu rəqəm qat-qat böyükdür, lakin qızlar ailələrinin xətrinə belə sirləri faş eləmirlər. Necə deyərlər, “ev bizim, sirr bizim”.
Əh, kül belə sirrin başına.
publika.az