Rey Kərimoğlu
Məni bağışlayın…
Açığı, başlayanda bunu sona çatdıra biləcəyəmə inanmırdım. Çox narahat idim. Amma başladıq və bitirdik. Bu da son! Lent.az saytında ötən ilin oktyabrından başlayan “Kəşfiyyatçının xatirələri” adlı layihəmizin başa çatmasını deyirəm. İzləyənlər, oxuyanlar bilir, bu layihədə 1991-1993-ci illərdə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunda olan müddətdə yaddaşımda qalan müharibə xatirələrini qələmə aldım. Yazılanlar hamısı deyil, hər əsgərin, hər zabitin, hər bir müharibə iştirakçısının öz müşahidələri, qənaəti var. Bəlkə də gələcəkdə döyüşçü dostlarımdan kimlərsə yenə bu mövzuya müraciət edəcək, öz xatirələrini yazacaq. Ümid edirəm ki, bu, mütləq olacaq.
Mənim yazdıqlarım isə ancaq özümün gördüyüm, xatırlaya bildiyim, çox nadir hallarda isə üç-dörd mənbədən təsdiqini tapan eşitdiyim hadisələridir. Elə hadisələr var ki, onu tam qələmə almaq olmadı və ya tamamilə toxunmadıq o hadisələrə, amma bu o demək deyil ki, gələcəkdə bunları yazmayacaq.
***
Əslində bu ideya çoxdan var idi, dəfələrlə döyüşçü dostlarım, jurnalist həmkarım, qələm adamları məndən müharibə xatirələrimi yazmağı təkid edirdilər.
Amma nədənsə həm tənbəllik edirdim, həm də harada və hansı qaydalarla yazmaq məsələsi məni çox düşündürürdü. Bu dostlarımızın sırasında “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı daha praktik təkliflə çıxış etdi. Mən də böyük məmnuniyyətlə razılaşdım. Sonra məndən təkidlə yazıları yazmağı tələb etdi, hətta, sözün yaxşı mənasında arada məni utandırdı da. Başladıq və şükürlər olsun ki, bitirdik. Saytda gedən xatirələrim əvvəlcədən razılaşdırıldığı kimi, “Ədalət” qəzetində, Azərbaycanın, sözün əsl mənasında məktəb sayılan azsaylı jurnalistlərindən biri Yusif Rzayevin şəxsi təşəbbüsü ilə “525-ci qəzet”də çap edildi. Artıq cəbhə xatirələrimi bitirmişəm. İndi ortada 30 xatirə yazısı və xatirələrlə bağlı bir neçə yazı var. Qalır bunun kitab halında çap edilməsi. Hələ qəzetlərdə bu layihə başa çatmayıb, yəqin ki, bu ay tam bitəcək.
***
Bu xatirələr qələmə alınan müddətdə xeyli oxucu məktubu aldım. Onların fikirlərini iki dəfə Lent.az-da da verdik. Hamı dəstək olurdu, davamını istəyirdi. Əslində o məktublar, reaksiyalar olmasaydı, bəlkə də, mən bunları tamamlaya bilməyəcəkdim. Ən əsası da Qarabağ müharibəsində 18-20 yaşlarında şəhid olmuş tanıdığım əsgərlərin hekayətlərini qismən də olsa oxucuya çatdırmaq istəyi də mənə böyük dəstək oldu. Sözsüz ki, ən böyük dəstəyi də bu yazıların ilk oxucuları Səhər Əhməd və Qabil Abbasoğlu verdi. Qabil bəyin az qala hər yazıdan sonrakı mesajı, zəngi, görüşəndə səsləndirdiyi fikirlər məni növbəti xatirəni yazmağa ruhlandırırdı. Qabil Abbasoğlu həm oxucu idi, həm də redaktor…
İlk yazıdan başlayaraq sona qədər mənə foto, video göndərən, zəng edən bütün döyüşçü dostlarıma təşəkkür edirəm. Sona qədər, hər an dəstək oldular. Bu işdə mənə dəstək verən, yanımda olan hər kəsə təşəkkürlər!
Əlbəttə, bu xatirələrin yazılmasından narahat olan “qəhrəmanlar”da var idi. Onlar da sağ olsun, bəzən elə onların acığına davam etdirdim xatirələrimi. Ermənilər isə həmişə olduğu kimi, saxtakarlıq edib bundan öz xeyirlərinə istifadə etmək istədilər. Amma dostlarla, ələlxüsus da bu gün özünə, həm ölkəmizdə, həm də kənarda böyük oxucu auditoriyası yığmış Vesti.az saytının vasitəsilə vaxtında onların cavablarını verdik. Bir sözlə, dostlarımız, Azərbaycan mediası böyük diqqət göstərdi. Xeyli sayt və qəzetlər bu xatirələri davamlı olaraq dərc etdi. Bu arada əvvəldən axıra qədər bu xatirələri xüsusi formada öz saytında Lent.az-a keçid qoyaraq ( http://www.yalquzaq.com) təqdim edən dostumuz Azər Həsrətə də minnətdarlıq payı düşür.
***
Biz Şirin Mirzəyevin sağlığında Ağdamda ermənilərin bir qarış da olsun torpağımızı işğal etməsinə imkan verməmişdik. Ordudan tərxis olunandan sonra – 1993-cü ilin yayında kəndimizin ağır günlərinin biri idi. Qonşu kəndləri işğal edən ermənilər bizim Şıxbabalı kəndinə yaxınlaşıb durmuşdu. Mülki geyimdəydim, rəsmi silahım da yox idi, uşaqlar bir köhnə avtomat vermişdilər. Gecə uşaqlarla kəndimizdə qaldıq. Səhər çağı kəndimizin Ağdam şəhəri tərəfə çıxacağında – Qarqar çayının körpüsünü yanında camaatımızla qarşılaşdım. Arvad, uşaq, qoca-xeyli adam buradaydı. Bu ayrıca bir yazı mövzusudur, inşallah, bunu da yazacam…
Çox ağır bir səhnə idi. Kəndimizin mənə inanan 4-5 ağsaqqalı vəziyyətin nə yerdə olduğunu dəqiq bilə-bilə sual dolu baxışlarını üzümə zilləyib cavab gözləyirdilər, amma mən onlara cavab verə bilmirdim. Daha “yaxşı olacaq”ın da yeri yox idi… İkinci dünya müharibəsi zamanı Berlinə qədər gedib çıxmış Şirin müəllim, Ağdamda daha çox sınıqçı kimi ad çıxardan Lazım müəllim, Mürşüd əmi, Qasım əmi və adlarını unutduğum daha bir neçə nəfərlə üz-üzə gəldim… Baxışlarımı qaçırdıb yolun kənarındakı tənək bağına gedən yolda, qara bir daşın üstündə oturdum. O an istədim ki, onları bir-bir bağrıma basıb üzr istəyəm, üzr istəyəm ki, yurdumuzu qoruya bilmirik! Acizik, gücsüzük! Amma bunu da bacarmadım. Elə oturduğum yerdəcə məni ağlamaq tutdu…
Həmin gün yenidən kəndə qayıtdıq, Muğanlıya girdik, Ağdamlı balası qəhrəman Qarabalanın – Nazim Ağayevin xüsusi qəhrəmanlığı (Erməninin bir tankını vurdu, birini isə qənimət kimi ələ keçirdi) sayəsində bir neçə kəndi geri qaytardıq. Gecə Qarabala şəhid oldu! Muğanlı Xaspoladın cəsədini çıxardıq. Sonra bizim yerli uşaqları ön xətdən geri çəkdilər, yerinə bu gün utanıb-qızarmadan qəhrəmanlıqdan dəm vuran Surət Hüseynovun batalyonunun əsgərlərini yerləşdirdilər…
Sonrası da bəlli! Əvvəlcə kəndimiz, rayonumuz, sonra isə rayonlarımız işğal olundu! Heç torpaqlarımızı qoruya bilmədiyimiz üçün o vaxt kəndimizin mənə ümid bəsləyən ağsaqqallarından, qız-gəlinlərindən, uşaqlarından üzr istəyə bilmədim! Ağdam – küllü Qarabağ camaatından, xalqımızdan da üzr istəyə bilməmişəm. İndi hamınızdan, torpaqlarımızın işğal altında olmasından zərrə qədər narahat olan hər kəsdən üzr istəyirəm. Məni bağışlayın… Biz torpaqlarımızı qoruya bilmədik…
P.S. 29-30-cu yazılarda yaralanmağımı və xəstəxanada baş verənləri qələmə alanda bütün yaralarım, bədənimdə hələ də qalan qəlpələr gizildədi…
P.P.S. İnşallah, Lent.az da bu mövzularda yeni layihələrimiz olacaq, mütləq bizi izləyin.