Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 61 faizi inkişaf etmiş, 39 faizi inkişaf edən ölkələrin dövriyyəsinin hesabına formalaşıb.
Bildirək ki, Azərbaycanın xarici ticarət dövriyyəsi yanvar-aprel aylarında statistik məlumatlara əsasən 14,2 milyard ABŞ dolları təşkil edib, onun 11,0 milyard dollarlıq hissəsi ixracın, 3,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.
Bu dövr ərzində dünyanın 132 ölkəsi ilə ticarət əlaqəsi aparılmış, 83 ölkəyə əmtəə ixrac olunmuş, 121 ölkədən idxal olunub.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16,3 faiz artıb.