Dünyanın bir sıra ölkəsində ictimai yerlərdə siqaret çəkilməsinə rəsmən qadağa qoyulub.Dünyanın bir sıra ölkəsində ictimai yerlərdə siqaret çəkilməsinə rəsmən qadağa qoyulub. Azərbaycanda belə qadağa Bakı metrosunda tətbiq olunur. Metronun girişlərində, vestübüllərində siqaret çəkilməsini qadağan edən elanlar da vurulub.
Sayta müraciət edən Telman adlı oxucu “Koroğlu” stansiyasının girişində siqaret çəkilməsinə qadağa qoyulmasına baxmayaraq, buna əhəmiyyət verilmədiyini deyir: “Metronun “Koroğlu” stansiyasının çıxışında keçiddə divar boyunca “siqaret çəkmək qadağandır” işarəsinin qoyulmasına baxmayaraq, orada, düz işarənin yanında durub siqaret çəkirlər. Yayın qızmar vaxtlarında, onsuz da, keçidlərdə havasızlıqdan nəfəs almaq olmur, siqaret tüstüsü isə lap adamı boğur. Oradan yaşlı insanlar, hamilə qadınlar keçir. Siqaretli hava onlara çox pis təsir edir. Buna nəzarəti kim eləməlidir – metropoliten, yoxsa daxili işlər orqanlarınin nümayəndələri?”
Onu da əlavə edək ki, “Koroğlu” stansiyasının yeraltı keçidi yeni istifadəyə veriləndən sonra polis əməkdaşları siqaret çəkə-çəkə keçidə girən vətəndaşları saxlayır və onları siqareti atmadan içəri buraxmırdılar.
Metroda siqaret çəkmək qəti qadağandır. Bu qadağaları pozan şəxslərə qarşı metro polisi mübarizə aparır, rastlaşdıqda cərimələyir.
Bakı Metropoliteninin Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsindən Milli.Az-a verilən məlumata görə, metronun vestibülündən içəri girən şəxslər siqaret çəkərsə, polis tərəfindən saxlanılaraq cərimə olunurlar. Metroda siqaret çəkənlərə qanunvericilikdə 51 manat cərimə tətbiqi nəzərdə tutulub.
Xatırladaq ki, Milli Məclisin hər sessiyasında ictimai yerlərdə siqaretin qadağan olunması ilə bağlı qanun layihəsi təkilf olunsa da, hələlik gündəliyə daxil edilməyib.