Mir Şahin: “Çingizin gördüyü işləri zamana köçürsək elə, 100 ildən də artıq yaşamış kimi var”
Hər il Qurtuluş günündə göz oxşayan atəşfəşanlıq əslində Azərbaycanın azadlığı uğrunda canını verən insanların xatirəsinə salam verir, o cümlədən, Milli Qəhrəman Çingiz Mustafayevin də. Dünən Çingizin əbədi yaşının 22-ci ilini qeyd etdik.
… Çingiz haqqında danışmaq hər il bir az daha çətin olur. Ona görə ki, zaman və yaddaş deyilən təbii anlayışlar da var, onlar heç vaxt xatirələrin lehinə işləmir.
…Yəni Çingiz bu gün bizim kimi yaşamır.
…Amma bu cümlədə bir vurğu kələyi də var. Yəni, mən Çingiz bizim kimi YAŞAMIR demirəm, mən deyirəm ki, bizim kimi yaşamır. Yəni, o, hər gün bizim kimi yuxudan durmur. İşə çıxmır. Evə qayıtmır. Ailəsinin yanında olmur, adi həyati proseslərə qatılmır, məsələn, nahar etmir, TV-yə baxmır,.. səs vermir və s. Bir sözlə, yeni hərəkətlər etmir. Biz isə ancaq onun etməkdə davam etdiyi yox, artıq çoxdan, 21 il əvvələ qədər etmiş olduğu barədə danışırıq, dicey başlanğıcından, anasının həkim arzusundan, atasının oğlunu zabit görmək arzusundan, 20 Yanvar araşdırmasından, Qarabağ davasından, Xocalı ağlartısından… və nəhayət, kamera kimi daşının bitməsindən, bir telereportyor canfədailiyindən…
Çingizin sevdiyi zarafatdan tutmuş sevdiyi paxla plova qədər, bir şərtlə ki, anası, anamız Naxış xala bişirsin, sevdiyi mahnıdan tutmuş sevmədiyi insanlara qədər çox şeyi bilirik. Biz bizim kimi yaşayırıq, o isə bizim kimi yaşamır, dayanıb. Amma bütün bəşəri özü kimilər kimi-artıq yaşayıb bitirdiyi balaca bir ömür parçası ilə hər gün ömür sürən, ömür sürüyən, gün daşıyan adi mövcudlara yaşamağı öyrədir.
…Çingiz haqqında belə də deyirlər. Dünyadan vaxtsız getdi. Bunu ona görə deyirlər ki, Çingiz cavan çağında, 32 yaşında şəhid oldu. Amma mən heç vaxt belə hesab etməmişəm, bunu ilk dəfə indi desəm də, həmişə belə düşünmüşəm: Çingiz vaxtsız vəfat etmədi. Ona görə ki, o zamanla yox, əməllə yaşayırdı.
Gördüyü işləri zamana köçürsək elə 100 ildən də artıq yaşamış kimi var.
Çingiz vaxtsız getmədi. O, Allahın verdiyi ömrü artıqlaması ilə vaxtından qabaq yaşadı….
Mən Çingizi ideallaşdırmaq istəmirəm. Amma görünən, kadrda, göz önündə olan ömrü ilə ideala ondan daha yaxın olan başqa birisini bu saat xatırlamıram. Özünü fəda etməyin Çingiz düstüru ilə ömür məsələsini həll etmək çox asandır. Bunun üçün adama nə lazımdır? Bir kamera, bir az cəsarət, bir də Xocalını qoyub qabağına ağlamaq, bir də Laçında döyüş meydanından qaçan adamların kim olduğunu onların sifətlərinə çırpmaq, bir də çoxlu başqa mürəkkəb işlər və bir də axırda ömrünün son anlarını belə kameranın saatına bağlamaq və onunla da bitirmək… vəssəlam. Vur-tut bu qədər! Amma elə vur-tut bu qədər şey də əslində bir neçə ömrün işidir. 32 yaşın içinə Çingiz bunları ona görə yerləşdirə bildi ki, o qənaətlə yaşadı… əməldə israfçılıq etdi.
…Dilimizdə hamının tez-tez müraciət etdiyi, bir sıra hallarda isə artıq şablonlaşmış bir ifadə var. Rəhmətə gedən insan haqqında belə də deyirlər: O GÖZLƏRİNİ ƏBƏDİ YUMDU! Amma bu saat bu sözləri deyirəm və ağlıma bilirsiniz nə gəlir? Təkzib etmək! Çingiz haqqında dünyasını dəyişdi də demək olar, əbədiyyətə qovuşdu da demək olar, şəhid oldu da… Amma gözlərini əbədi olaraq yumdu demək olmaz!
Operatorların gözləri əbədi yumulmur. Daha doğrusu operatorların gözü çəkdikləri baxılınca yumulmur. İndi gəlin sayaq, Çingiz gözlərini ildə neçə dəfə açır?
http://www.youtube.com/watch?v=CqxjlNVrQDU