Belçika Azərbaycanlıları Cəmiyyəti (BAC) və Almaniyada fəaliyyət göstərən Azərbaycan Evi yeni lahiyəyə başlayır, bu lahiyənin məhz BAC-la həyata keçirilməsinin önəmi budur ki, Belçika Almaniya ilə həmsərhəddir və Köln şəhəri Belçikaya yaxın olduğundan Almaniya ilə sərhəd şəhərlərdə yaşayan soydaşlarımızın da gələcəkdə bu məktəbdən istifadəsi mümkündür.
Qurucularımız hamısı Almaniya vətəndaşı olan azərbaycanlılardır. Azərbaycandakı daxili siyasi proseslərə qarışmırıq. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Mədəniyyət Evinin fəaliyyətinə öz tövhələrini vermək istəyən, özünü azərbaycanlı sayan hər kəsə açıqdır.
Azərbaycan Məktəbi lahiyəsini yaratmağın əsas məqsədi Almaniyada yaşayan soydaşlarımızın bizim dilə, mədəniyyətimizə yiyələnmələridir. Orada böyüyən uşaqlar bizim mədəni irsimizdən uzaq düşməsinlər deyə Kölndə bu cür məktəbin açılmasına ciddi ehtiyac var.
Lahiyə çərçivəsində nəzərdə tuturuq ki, həftəsonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarix, coğrafiya və mədəni irsimizlə baglı kurslar keçilsin. Dili bildikləri halda Azərbaycan dilindəki kitablara, internet səhifələrinə uzaq qalan güneyli soydaşlarımız üçünsə əlifba kursları nəzərdə tuturuq. Eyni zamanda həftə arası günlərdə isə uşaqlar üçün müxtəlif musiqi alətləri kursları planlaşdırmışıq. Əsas işlərimizdən biri Azərbaycanla bağlı sanballı əsərlərin – Qarabağ problemi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi, həmçinin erməni yalanları, rus talanları, Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası və s. barədə olan əsərlər, kitabların alman dilinə tərcüməsi, onların kitab şəklində çapı və həmin kitabların Almaniyada yayılmasını təşkil etməkdir.
publika.az