Azərbaycanın 2011-2012-ci illərdə bağlanmış müqavilələr əsasında Rusiyadan almağa başladığı 1 milyard dollarlıq hərbi texnika düşməni lərzəyə salacaq gücə malikdir. Həmin silahların taktiki-texniki göstəricilərinə əsasən bu qənaətlə çıxış etmək mümkündür. Özü də söhbət təkcə Ermənistandan deyil, ondan daha güclü potensial düşməndən gedə bilər.
Xəbər verildiyi kimi, bu günlərdə milkavkaz.net internet resursu Rusiyadan Azərbaycana göndərilən T-90-C tanklarının və digər hərbi texnikanın Bakı limanında gəmidən boşaldıldığını əks etdirən kadrlar yayıb. “Vedemosti” həftəliyi Rusiyanın hərbi-sənaye kompleksindəki iki ayrı mənbədən bu kadrların həqiqi olduğunu dəqiqləşdirib.
Mənbələr deyiblər ki, fotolar həqiqidir və 2011-2012- ci illərdə Azərbaycanla bağlanmış müqavilə paketi üzrə quru qoşunları texnikasının göndərilməsi prosesini əks etdirir. Mənbənin məlumatına görə, söhbət T-90S tankı (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 hərbi piyada maşını (100-ə yaxın), “Mcta-C özüyeriyən artilleriya qurğusu divizionu (18), ”Smerç” yaylım atəşli reaktiv sistem divizionu (18), “Vena” özüyeriyən artilleriya silahları (18 ədəd), TOC-1A “Solnsepek” (“Buratino” sisteminin yeni modifikasiyası) ağır odsaçan sistemdən (6) gedir.
Bu silahların hərbi potensial baxımından nə demək olduğu barədə müəyyən təsəvvürlərə malik olmaq üçün “Yeni Müsavat” onların hər birinin taktiki-texniki göstəricilərinə dair Rusiya internet resurslarında yer alan məlumatları oxuculara çatdırır. Beləliklə:
Üç tank batalyonunu, yaxud Azərbaycan ordusunun bir tank briqadasını silahlandırmağa kifayət edəcək sayda -94 ədəd.
T-90S tankları
T-90 əsas Rusiya döyüş tankıdır. T-72B tanklarının modernləşdirilmiş variantı kimi 1980-ci illərin sonlarında yaradılıb. Sonradan dünyada ən güclü döyüş tankı statusunu alıb və zirehli texnika bazarında ən çox satılan tank olub. Azərbaycanın aldığı T-90 tanklarının ixrac üçün nəzərdə tutulmuş ən son variantlarından biridir. Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün elektron tank ballistik ayrıdecisi ilə təchiz olunub, kondisioneri var. Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəşi izləmək üçün elektron qurğuya malikdir. T-90S tankları istənilən hava şəraitində və sutkanın istənilən vaxtında hədəfi dəqiq vurmağa imkan verən elektron sistemlərlə təchiz olunub. Tankın əsas silahı 125 millimetrlik topdur, onun qülləsində 48 millimetrlik zenit pulemyotu və yüngül pulemyot quraşdırılıb. Tank dörd tip mərmidən atəş aça bilir, bura “asılı vəziyyətdə” dayanan vertolyota atəş açmaq imkanı verən mərmi də daxildir. T-90C tankları eyni zamanda tank əleyhinə idarəolunan raketlərlə də atəş açmaq qabiliyyətindədir. Tankın göstəricilərinə saatda 70 kilometrlə hərəkət edən hədəfi 5 min kilometrdən dayanmış, yaxud 30 km/saat sürətlə hərəkət edərkən vurmaq da daxildir. Zirehinin qoruma qabiliyyətinə görə bu tanklar dünyada ən öndə gedir. Əgər düşmən tankın yerini lazer şüalanması ilə aşkar etsə erkən xəbərdarlıq sistemi işə düşür və ekipaja bu barədə siqnal verir. Eyni zamanda avtomatik olaraq qoruyucu sistem işə düşür, tankın ətrafında tüstü buludu yaratmaq üçün aerozol qumbaraları atılır.
“MSTA-S” özüyeriyən artilleriya qurğuları
Məlumatdan göründüyü kimi, Azərbaycan 18 ədəd belə qurğu alıb, bu bir diviziyonu tam silahlandırmaq üçün kifayət edir. “Msta-S” Rusiyanın 152 mm-lik ən müasir özüyeriyən artilleriya qurğusudur. T-72 və T-80 tanklarının bazasında yığılır. Düşmənin taktiki nüvə vasitələrini, artilleriya və minomyot batareyalarını, tanklarını və digər zirehli texnikasını, HHM vasitələrini, canlı qüvvəsini, möhkəmləndirilmiş atəş nöqtələrini və digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Qapalı mövqedən və ya birbaşa müşahidə olunan və olunmayan hədəflərə atəş aça bilir. Qurğu atəşi avtomatik idarəetmə sistemləri ilə təchiz olunub, döyüş komplektinə 50 mərmi daxildir. Qəlpəli-fuqas mərmiləri ilə 24 kilometr məsafədən, qaz-generator mühərrikli mərmilərlə isə 29 kilometrdən hədəfi vura bilir. İlk dəfə 1992-ci ildə nümayiş olunub, Rusiya ordusunun bu silahlarla təchizatı 2000-ci ilin əvvəllərindən etibarən başlayıb.
“Smerç” reaktiv yaylım atəşi sistemləri
Dünyada öz sinfində ən dəhşətli və dağıdıcı silahdır. Azərbaycan ordusunun sərəncamında əvvəldən də bu sistemlər olub, yeni alınan 18 “Smerç” sistemi isə bir diviziyonu silahlandırmaq üçün kifayət edir. “Smerç” sistemləri 300 millimetrlik raketlərlə atəş açır, SSRİ hərbi konstruktorları tərəfindən hazırlanıb. Sistem bir neçə tip raketlərlə atəş aça bilir. Bunlardan biri döyüş başlığı kaset formasında olan raketlərdir. Bu raketin hər biri 7 minə yaxın ağır döyüş qəlpələri və 30 minə yaxın yüngül qəlpə daşıyan 72 döyüş elementinə malikdir. Ağır döyüş qəlpələri düşmənin zirehli olmayan texnikasını, yüngül qəlpələr isə canlı qüvvəsini məhv etmək üçündür. Bir “Smerç” sistemi 16 raket daşıya bilir, həmin raketlər ümumilikdə 522 mindən çox qəlpə daşıyır və bu da silahın nə dərəcədə dağıdıcı gücə malik olduğunu göstərir. “Smerç” sistemləri açıq ərazilərdə, səhrada və çöllükdə tətbiq olunmaq üçün daha əlverişlidir. 90 kilometr məsafədən hədəfi dəqiq vura bilir. Belə ki, “Smerç”lər hədəfi özü axtarıb tapan raketlər, habelə tank əleyhinə raketlərlə təchiz olunub. Bir “Smerç” sistemi tam döyüş komplekləşdirməsində 72 yaylım atəşi aça bilir ki, bu da orta ölçülü şəhəri darmadağın etmək üçün kifayətdir. Öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur. Cəmi 3 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilir, düşmən hədəflərinə dağıdıcı yaylım atəşi açdıqdan sonra cəmi bir neçə dəqiqə ərzində dayandığı mövqeni sürətlə tərk edə bilir və nəticədə düşmən onun yerini aşkar edib cavab zərbəsi endirə bilmir.
“Vena” özüyeriyən artilleriya qurğuları
Rusiyanın 120 mm-lik “Vena” özüyeriyən artilleriya qurğuları ilk dəfə İDEX-97 sərgisində nümayiş olunub. Bu qurğular 1 kilometr məsafədən düşmənin möhkəmləndirilmiş atəş nöqtələrini, zirehli texnikasını və canlı qüvvəsini, minomyot batareyalarını və digər hədəflərini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Mərmi hədəfdən yayınanda növbəti mərmini hədəf düz tuşlayan avtomatik sistemlə təchiz olunub. Əsas silahı 120 mm-lik silahdır, o özündə tırtıl-top və minomyot funksiyalarını birləşdirir. 120 mm-lik bütün növ mərmilərlə atəş aça bilir. Atəşi idarəetmə sistemi tamamilə avtomatlaşdırılıb. Bundan başqa hədəfi lazerlə aşkar etməyə imkan verən “Ştora-1″ qurğusu, 12 qumbaraatan və 81 mm-lik tüstü qumbaraları atan sistemə malikdir.
TOS-1A “Solntsepek” ağır odsaçan sistemləri
TOS-1A “Solntsepek” kifayət qədər dağıdıcı və Rusiya hərbi sənayesinin ən yeni silahlarından biridir. Rusiya silahlı qüvvələrinə bu silahlar ilk dəfə ötən il verilib. Lakin nə qədər belə sistem verildiyi məxfi saxlanılır. Ağır odsaçan sistemləri “Buratino” odsaçan sistemlərinin bazasında yığılıb, lakin taktiki-texniki göstəriciləri xeyli üstündür. Sistemin tərkibinə BM-1 döyüş maşını, 220 mm kalibrli 24 raket yönləndirici, nəqliyyat-doldurma maşını daxildir. “Solntsepek” 3.6 kilometrdən 6 kilometrədək məsafədən 2 hektardan 6 hektaradaək ərazini darmadağın etmək gücündədir. Düşmən piyadasının atəş dəstək nöqtələrini, canlı qüvvəsini, yüngül zirehli texnikasını hücum və müdafiə mövqeyində məhv etmək üçün nəzərdə tutulub. Xüsusən dağlıq şəraitdə tətbiq əlverişlidir. Belə ki, “Solntsepek” sistemlərinin açdığı yaylım atəşi nəticəsində dağlıq ərazilərdə güclü zərbə dalğası yaranır, yer-yerindən oynayır və qayalıqlar uçub dağılır, daş yığınları əmələ gəlir və bütün canlı məhv olur. Hədəfi 6 min metrdən dəqiq vurmağa imkan verən avtomatlaşdırılmış sistemlə təchiz olunub.
PDM-3 döyüş maşınları
Azərbaycan Rusiyadan 100 belə piyada döyüş maşını alıb ki, bu da bütöv motoatıcı briqadanı silahlandırmağa bəs edir. PDM-3 Rusiya hərbi sənayesinin piyadalar üçün nəzərdə tutulmuş ən yeni döyüş maşınlarından biridir. PDM-1 və PDM-2-lərdən zireh qabiliyyəti, atəşin idarəedilməsi sistemlərinin avtomatlaşdırılması və digər üstünlükləri ilə fərqlənir. Heyəti 3 nəfərdən ibarətdir. Eyni zamanda desant daşımaq üçün xüsusi bölməsi var. 100 mm-lik top və 3 mm-lik avtomatik topla təchiz olunub. Həmçinin 7.62 mm-lik pulemyota malikdir.
musavat.com