Böyük üçlüyün” muncuq siyasəti
Yaxud status-kvoya davammı?
Həmsədr dövlətlər “Qarabağ yükü”nü yerindən tərpətməyə yenə risk etmədilər. ABŞ, Rusiya və Fransanın prezidentləri “Böyük səkkizlər”in sammiti çərçivəsində verdikləri birgə Qarabağ bəyanatının yaratdığı ilk qənaət budur.
Bəyanatda münaqişə tərəflərinin problemin həllinə nail ola bilməməsindən “dərin təəssüf hissi” ifadə olunub. Sual olunur, ixtilafı Ermənistanla Azərbaycan özləri yoluna qoyacaqdılarsa, onda Minsk Qrupuna, vasitəçilərə, mamaçaya, mamaşaya nə ehtiyac vardı?
Ümumiyyətlə, tərəflər belə imkanlara malikdilərmi? Bəlkə BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsinin reallaşmasını da Azərbaycan, yaxud Ermənistan (xoşluqla) özləri təmin eləməlidir, nəinki həmin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçü olan ABŞ, Rusiya Fransa?!
“Üçlüyün” bəyanatında daha sonra belə deyilir: “Biz əminik ki, münaqişənin sülh yolu ilə həllinə aparacaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da gecikdirilməsi qəbuledilməzdir”. Yenə sual çıxır: kim razılaşmanı gecikdirir – Azərbaycan, yoxsa BMT qətnamələrini on illərdir kağız parçası sayan Ermənistan və onu ağası, vasitəçidən çox münaqişə tərəfi qismində çıxış edən Rusiya? Bəlkə Ermənistanı açıq şəkildə təcavüzkar adlandırmaqdan çəkinən və ona maliyyə-siyasi yardımları davam etdirən ABŞ, Fransa?!
Nəhayət, bəyanatın ən ekzotik, ən şablon sonluğu. Sitat: “Biz bütün tərəfləri Helsinki prinsiplərinə, xüsusən güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, bərabərlik və millətlərin öz müqəddəratlarını təyinetmə hüququna sadiqliklərini bir daha təsdiqləməyə qətiyyətlə çağırırıq”.
Helsinki prinsipləri, ərazi bütövlüyü, millətlərin öz müqəddəratlarını təyinetmə hüququ… Bu sözləri nə qədər eşitmək olar? Sualların davamı da var: dünyada ərazi bütövlüyü ilə öz müqəddəratlarını təyinetmə prinsiplərini eyni vaxtda təmin edən bir dövlət varmı, tanıyırsızmı? Axı bu iki beynəlxalq hüquq gecə-gündüz kimidir – biri varsa, o biri ola bilməz. Bir də erməni xalqı öz müqəddəratını təyin eləməyib ki? Balaca bir millətin neçə dövləti olmalıdır ki?
Kəsəsi, “xala xətrinə”, növbətçi bir bəyanat. Buna dalan situasiyasına, daha doğrusu, status-kvo vəziyyətinə davam və ya hərəyə bir muncuq siyasəti də demək olar. Halbuki, az öncə ABŞ dövlət katibi Con Kerri də, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da status-kvonun saxlanmasınə qeyri-məqbul saymışdılar.
İndi aydın olur ki, bu, sadəcə Azərbaycanı sakitləşdirmək niyyəti güdüb. Çünki durumun dəyişməz qalması hər halda ən çox Azərbaycanın ziyanınadır və bölgədə müharibə təhlükəsini ilbəil artırır.
Əslində siyasi analitiklər Qarabağ üçlüyündən fərqli ortaq bəyanat gözləmirdilər də. Hətta ortaq bəyanatın prezidentlər deyil, XİN başçıları səviyyəsində veriləcəyi təxmin edilirdi. Çünki budəfəki zirvə toplantısı sülh prosesinin dalana girdiyi, bölgədə, Yaxın və Orta Şərqdə (Suriya, İran ətrafında) vəziyyətin mürəkkəb olduğu, qlobal güclərin bu məsələlərdə maraqlarının kəskin toqquşduğu, İranda prezident seçkilərinin başa çatdığı, yeni müharibə risklərinin artdığı dövrə təsadüf edirdi. Üstəgəl, Türkiyədəki proseslər və Ərdoğan hökuməti ilə Qərb dövlətləri arasında münasibətlərdə yaranan sərinlik.
Müxtəsəri, “Qarabağ üçlüyü”nün münaqişə ilə bağlı budəfəki bəyanatı tam başqa geopolitik fona təsadüf elədiyindən möcüzə gözlənilmirdi də. Bu mənada ortaq açıqlama Qarabağ məsələsinin həmsədr dövlətlər üçün prioritet olmadığını bir daha ortaya qoydu. Nə olmalı idisə, o da oldu.