“Sən kimsən?”
“Deputatam”!
“Yox bir!”
Pis çıxmasın, yaxşı ki, deputat Rüstəm Xəlilov qəzaya düşdü. Mağıl, onu tanıdıq. Yoxsa qonşularından və ali saraydakı seçicilərindən başqa bir kimsə onu tanımırdı. Hətta şübhələnirəm ki, spiker Oqtay Əsədov da onu hərdən iclas zalında görəndə əyilib Ziyafət Əsgərovdan soruşurmuş ki, o bığlı kişi kimdir, hansı nazirlikdən dəvət olunub. O da cavab verirmiş ki, bəs deputatdır, filankəsdir.
Hələ biz də şükür eləməliyik ki, buna qədər cənab deputatla yolda-rizdə, hansısa məclisdə-filanda üzbəüz gəlib ünsiyyətdə olmamışıq. Biabır olardıq. Məsələn, mübahsəli məsələdirsə, adam özünü belə təqdim edərdi, deyərdi, sən heç bilirsən ki, mən kiməm. Biz də elə bilərdik, rəis-zaddır, deyərdik kimsən, özünü təqdim et. O da deyərdi, mən deputatam, adım da filankəsdir. Bax, onda mat qalardıq, deyərdik, yox bir, belə deputat varmı. (Hətta şübhələnərdik ki, bu adam kimdirsə, özünü deputat kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə etmək istəyir). Bu yerdə əgər biz özümüzü jurnalist kimi təqdim etmişiksə, o, bizə deyərdi ki, siz necə jurnalistsiz ki, 8 ildən bəri Milli Məclisin üzvü olan adamı tanımırsan, ayıb olsun. (Yeri gəlmişkən, R.Xəlilov yeni deputatlardan deyil, ilk dəfə 2005-də deputat olub).
Ancaq xoşbəxt sonluqla bitən avtomobil qəzasından sonra artıq bu problem həll olmuş sayıla bilər. Deputatın adını öyrəndik, üstəlik, şəklini də gördük.
Düzdür, Rüstəm müəllim deputatdan çox, balıq vətəgəsi saxlayan, market, dükan işlədən iş adamına, canım sizə desin, rəisə, prokurora oxşayır, amma xarici görünüşün məsələyə dəxli yoxdur. Ona qalsa, 8-ci kilometr qəsəbəsinin dikindən Bakıxanov qəsəbəsinə enən yolun sağındakı avtomobil sexində V. adlı bir çilingər var, naxçıvanlıdır, üzündən İH başçılarına (məsələn, Abdin Fərzəliyevə) oxşayır. Ağ köynək geyib, qalstuk taxıb toyda çıxış eləsə, özünü sərbəstcə deputat kimi də təqdim edə bilər və bir adam şübhələnməz ki, əslində V. deputat deyil, amortizator dəyişir, əyləc sistemi sazlayır və s.
Əslində qədirbilən xalqımız özünü deputat kimi təqdim edən heç kəsdən şübhələnməz. Çünki xalq televizorda gördüyü beş-altı deputatdan savayı yerdə qalanlarını üzdən tanımır, şəkillərini isə yalnız seçkidən-seçkiyə dükanların vitrinində görür, ya görmür, səslərini isə heç vaxt eşitmir.
Hamı Binəqədinin deputatı Madər Musayev deyil ki, 20 illik deputatlıq karyerası ərzində 1 dəfə dərin məzmunlu çıxış eləsin, fəallıq göstərsin. Bax, onu hamımız tanıyırıq. Nədən? Çünki Madər müəllim də iş adamıdır, xeyriyyəçidir, hətta Həccə adam da yollayır.
Axtarsan, məlum olar ki, Rüstəm Xəlilov da Həccə gedənlərin cibinə pul qoyub, yaxud hansısa toyda dostları ilə birgə iştirak edərək 1000 manat nəmər salıb, kimisə müalicə etdirib, imkansız ailələrə əl tutub və sair. Ancaq adam neynəsin ki, bu ölkədə deputat vəzifəsinin faktiki funksiyaları bundan artıq deyil. Seçicilər də, namizədliklərini verənlərin böyük əksəriyyəti də elə bilirlər ki, deputat yol çəkdirməlidir, kənddə işıqlar sönəndə cibinin puluyla transformatoru düzəltdirməlidir, kanalizasiya tutulanda tədbir görməlidir, qəzaya, şərə düşənə, zərər çəkənə maddi köməkliklər etməlidir və s.
Bax, belə tələblərin üzündən 2010-cu il seçkilərində bəzi müxalifətçilər rayon yerindən deputat seçilmək istəmirdilər, çünki yanan transformatorları düzəltdirməyə və gecə saat 2-də gələn “bəy, təcili pul lazımdır” replikalı zənglərə adekvat cavab verməyə maddi vəsaitləri yox idi. Əvəzində elə dairələrdən Rüstəm Xəlilov kimi adamlar deputat seçildilər. “Seçildilər” deyəndə, yəni Elşad Abdullayev demişkən, mandatları onlara verdilər. Onlardan biri olan R.Xəlilov öz seçicilərinin etimadını doğrultmaqdaydı ki, talesiz qəza onu pis yerdə haqladı.
Xüləs, necə deyərlər, hər işdə bir xeyir var. Allah eləsin ki, millət öz vəkillərini qəzadan-qəzaya, boşanandan-boşanana, qeyri-münasib yerlərdə tutulandan-tutulana tanımasın.