Brüsselə yaxın sayt Azərbaycan rəhbərini Rusiya və İranla düşmən etdi
İlham Əliyev yenə gözlənilməz ifşa ilə üzləşib. Avropa Ittifaqının Genişlənmə və Təhlükəsizlik məsələləri üzrə komissarı Ştefan Füle alman deputat Elmar Broka məktubunda Azərbaycan rəhbərilə görüşünün detallarına toxunub və bu məktub mediaya sızıb. Fülenin məktubunun bir sızma, yoxsa ötürülmə olub-olmadığına dair bir qədər sonra arqumentlərimizi sadalayacağıq.
Hələlik isə əsas məsələ odur ki, Ilham Əliyev öz parlamentində topa tutdurduğu Avropadan Iran və Rusiyaya qarşı kömək istəyib. Bu da Fülenin qeydlərində olub və ictimailəşib. Bununla da Ilham Əliyev növbəti dəfə ciddi siyasi zədə aldı.
Şimon Peres də belə etmişdi…
Aprelin 22-də Israildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Israil prezidenti Şimon Peres demişdi ki, Azərbaycan Yaxın Şərqdə Iranın genişlənməsinə (siyasi baxımdan) mane olan tək dövlətdir. Bunu siyasi kompliment sayanlar da oldu. Amma daha ciddi analitiklər hesab elədilər ki, Israil bununla Ilham Əliyev hakimiyyətini Iranla üz-üzə qoymaq məqsədi güdüb. Bu versiya özünü çox gözlətmədi və sözügedən açıqlamadan bir neçə gün sonra Azərbaycanda faktiki ikinci şəxs kimi tanınan Ramiz Mehdiyev Irana gözlənilməz səfərə getdi, orada Iran haqqında çox dərin təriflər dedi. Buna baxmayaraq, Ramiz Mehdiyev protokola uyğun olmayan şəkildə qarşılandı və bu da “Israilin işi”nin nəticəsi sayılırdı.
Bu, təsadüf ola bilərmi?
Əslində, bu cür söhbətlərin ortaya çıxması özü ilə “təsadüfi sızma” versiyasını da gətirir. Çünki bu, sızdıranın ilk arqumentidir. Olaylar isə başqa məcralara yönəlir və işin əsl mahiyyəti ortaya çıxır. Əgər Şimon Peresin açıqlaması Azərbaycan hakimiyyətini Iranla üz-üzə qoymağa xidmət edirdisə, indi Fülenin sızan məktubu bu siyahıya Rusiyanı da əlavə edib. Kremllə onsuz da ciddi problemlər yaşayan Ilham Əliyev hökuməti bu dəfə açıq şəkildə qarşı tərəf kimi, ifşa olundu. Amma buradan o nəticə çıxmamalıdır ki, Avropa Ittifaqının rəsmisi təmsil etdiyi qurumun Ilham Əliyevə inandığını və ya kömək edəcəyini deyib. Məntiqlə, Ilham Əliyevi qorumaq maraqlar sırasında olsaydı, onun Rusiya və Iran əleyhinə dedikləri açıq tekstlə yayılmazdı. Deməli, məqsəd heç də Ilham Əliyevi Qərbin sadiq müttəfiqi kimi təqdim etmək deyil.
Nədir məqsəd?
Uzun illərdir ki, Ilham Əliyev administrasiyası Qərb dünyasına öz aləmində bir oyun qurmuşdu. Ölkənin bütün siyasətini planlayan Ramiz Mehdiyev Qərb dairələrinə Ilham Əliyevə islahatlar məsələsində mane olan şəxs kimi təqdim olunub və çox pis bir imici formalaşıb. Dövlət başçısı isə islahatçıların lideri kimi göstərilib. Dünya isə offşor zonalardakı hesabların və şirkətlərin sahibi haqqında təbii ki, daha çox öz bilgilərinə inanır. Amma Ilham Əliyev indi məcbur qalıb ki, dolayı mesajları özü versin, Qərbdən şəxsən xahiş eləsin. Onlar isə bu fürsətdən istifadə edərək, onu hamı ilə düşmən edirlər. Ola bilsin ki, məqsəd “düşmən etmək” deyil. Amma düşmənçiliyin olduğuna dair xəbərlər yayılanda başqa mənzərə yaranmır.