Mətbuatda yayılan məlumatalara görə, Milli Şurada təmsil olunan müxalifət liderləri iyul ayının əvvəlində ABŞ-a səfər edəcək. Modern.az saytına danışan politoloq Zəfər Quliyev Amerika səfərinin iyulun 10-a planlaşdırıldığını bildirib. “ABŞ səfərinin vaxtı təxminən iyulun 10-a planlaşdırılır. Səfərdə Milli Şura sədri Rüstəm İbrahimbəyov və Milli Şurada təmsil olunan partiya rəhbərləri iştirak edəcəklər. Səfər ABŞ tərəfinin dəvəti ilə baş tutacaq. Orada Konqresdə görüşlər keçiriləcək”-deyə Zəfər Quliyev vurğulayıb.
Müsavat başqanı İsa Qəmbər “Deyerler.org”a açıqlamasında deyib ki, onda ABŞ-a səfərlə bağlı dəqiq bir məlumat yoxdur. “ABŞ-a səfərlə bağlı bizdə dəqiq bir məlumat yoxdur. Bilirəm ki, ABŞ-da Azərbaycandakı məsələlərlə bağlı ciddi toplantının keçirilməsi nəzərdə tutulub. Birincisi həmin tədbirlə bağlı, Müsavat partiyasına heç bir dəvət daxil olmayıb. İkincisi də, dəvət olsa belə, mənim yaxın vaxtlarda ABŞ-a səfərim nəzərdə tutulmayıb. Hər bir halda iyul ayında belə bir səfər nəzərdə tutulmayıb”
Qeyd edək ki, yayılmış məlumatlarda bildirilirdi ki, Milli Şura üzvlərinin ABŞ-a planlaşdırılan səfərində Milli Şura sədri Rüstəm İbrahimbəyov, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov və sabiq spiker ACP lideri Rəsul Quliyev iştirak edəcək.