Rəşid Hacılı: “Bəlkə aydın deyək ki, biz nə istəyirik?”
Rəsulzadə-Elçibəy yolu ifadəsi son vaxtlar siyasətçilərin dilindən ən çox səslənən ifadələrdən biridir. Milli demokratik düşərgəyə aid hər kəs özünü Rəsulzadə-Elçibəy yolunun davamçıları kimi təqdim edir. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı da məsələyə öz mövqeyini bu cür açıqlayıb: “Bir qrup şəxslər Rəsulzadə-Elçibəy yolu ifadəsini çox işlədirlər, özlərinin bu yolun davamçıları olduğunu deyirlər. Hətta Milli Şurada da özlərini bu ad altında fərqli görənlər var. Rəsulzadə yolunun nə olduğunu aşağı-yuxarı demək mümkündür. Amma çoxları üçün bu heç də tam aydın da deyil. Elçibəy yolu isə çoxları üçün qeyri-müəyyən kimi görünür. Yəni burada Rəsulzadə yolundan fərqli olan nədir sualı verirlər. Ümumiyyətlə bu yol məsələsindən bəlkə imtina edib aydın deyək ki, biz nə istəyirik?”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rəsulzadə-Elçibəy yolu məfhumunun nəyi nəzərdə tutduğu kifayət qədər aydındır və heç də burada qeyri-müəyyənlik yoxdur. Rəsulzadə-Elçibəy yolu müsavatçılıqdır: “Müsavatçılıq isə hər dövrün şəraitinə uyğun zənginləşən böyük bir ideologiyadır, nəzəriyyədir və praktikadır. Bu, 20-ci əsrin əvvəllərində işlənib hazırlanıb. Əsrin sonunda da Azərbaycanda müstəqillik uğrunda mübarizə dövrünün şəraitinə uyğun olaraq, həm onun praktikası, həm də nəzəriyyəsi ilə zənginləşib. Biz bunu Əbülfəz Elçibəyin adı ilə bağlayırıq. Əlbəttə ki, buna daim inkişaf eləyən milli ideologiya kimi baxılır. Rəsulzadə-Elçibəy yolu müsavatçılıqdan ibarətdir. Müsavatçılıq barədə isə Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin yazılarında, şərhlərində, əsərlərində, istərsə də digər tanınmış xadimlər tərəfindən əsərlərində kifayət qədər şərh verilib. İndi kimlərsə bu məsələdə nəyisə anlaşılmaz hesab edirsə, bu da onların fikridir”.
P.Hüseyn hesab edir ki, Rəsulzadə yolu ilə Elçibəy yolunun fərqli olduğunu düşünmək yanlışdır: “Əbülfəz Elçibəy özü müsavatçılıq məfkurəsində olduğunu və Rəsulzadənin qoyduğu ideologiyanı qəbul elədiyini dəfələrlə vurğulayıb. Əbülfəz Elçibəy müsavatçılığın ideoloji əsaslarına, nəzəriyyəsinə, istərsə də praktikasına elə mühüm töhfələr verib ki, Elçibəyi Rəsulzadə yolunun davamçısı hesab etməyə kifayət qədər əsas var”.
musavat.com