Bakıdakı erməni əriyi
Və ya kombayn gözləyən ağdamlı
Sizcə, bu gün Ağdam sakinlərinin ən ciddi problemi nə olsa yaxşıdır: kombayn. Mən də eşitsəydim, ya oxusaydım inanmazdım, amma ANS-də bu barədə reportajı görəndən sonra şübhəm qalmadı. Təsəvvür edin, ağdamlılar düşmən gülləsi altında arpa, buğda əkib, onu qurd-quşdan, beş addımlıqdakı erməninin yanğın törətməsindən qoruyublar, ancaq bu gün məhsul çöldə yanıb məhv olur, texnika yoxdur ki, onu biçib ortaya çıxartsınlar.
Bu fədakar insanlar düşmənin təhdidi altında 17 000 hektar sahədə taxıl yetişdirib, indiyədək isə onun cəmi 4 min ha-da biçin başa çatıb. Hamının gözü yolda kombayn gözləyir. Rayonda isə cəmi 25 kombayn var, onun da hamısı işlək halda deyil. Məmurların, səlahiyyət sahiblərinin bu laqeydliyinə nə ad vermək olar, sabotajmı, kəndli əməyinin düşməncəsinə istismarımı? Axı, söhbət kənlinin yeganə ümid yeri olan əkin-biçindən, özü də taxıldan gedir, niyə məhsul çöldə çürüyüb-məhv olmalı, yanıb getməlidir? Başqa vaxt deyirlər ki, dövlət əkinçiliyə stimul vermək üçün hektarına 40 manat dotasiya ayırır ki, kəndli taxıl əksin, məhsul bolluğu olsun. Yaxşı, məhsul biçilməyəcəkdisə, onu bişmək üçün imkan yaradılmayacaqdısa, biçarə kəndliyə niyə zülm edirdi?
Ağdamın cəbhə xəttində yerləşən Çəmənli kəndində yaşayan fermer deyir ki, kombayn olmadığından 6 ton məhsul gözlədiyi sahə gözünün qabağında məhv olub. Təmas xəttinin o üzündəki Ağdamı erməni məhv edir, insanlara dağ çəkir, bu üzündə də…Əslində fəlakətdir, həm də böyük biabırçılıqdır. Bölgənin lider ölkəsinin probleminə baxın. Bəs, hara baxır bu ölkənin kənd təsərrüfatı naziri?
Demə, İsmət Abbasov Lənkəran səfərindəymiş, 7 rayonun 200 sakini ilə görüşüb, onları dinləyib. Hə, nə olsun? Bu görüşdə bir kəndin kombayn problemi həllini tapıbmı? Mən şahidiyəm ki, Yardımlı və Lerikin onlarla kəndinin sakinləri yay girəndən gözlərini yollara dikib Cəlilabaddakı taxılın biçilib qurtarmasını, həmin kombaynların oralara da gedib çıxmasını gözləyir. Vay o gündən ki, yolda birinin dəmiri qırıla.. İsmət Abbasov deyir ki, ölkədə cəmi 3 min kombayn var, təbii ki, sınıq-salxaqı ilə birgə. Əgər nazir də probemi etiraf edirsə, niyə illər boyu bu məsələnin həlli üçün addımlar atmayıb? Ən uzunömürlü nazir olan cənab Abbasova bundan sonra neçə il bəs edər ki, adi kombayn məsələsini həll etsin? Hamı bilir ki, bu ölkədə kənd təsərrüfatı deyilən bir şey qalmayıb. Münbit torpaqların 20 faizini erməni zəbt eləyib, qalan yerlərin bir çoxu məmur-oliqarxların bağ-bağat zonası, qoyunları üçün otlaq yerləri, villa-saray məskənləridir, sadə kəndlinin əlində olan ərazilərdəki əkin də beləcə batıb gedir. Nə normal meyvəçilik var, nə əkinçilik, nə bostançılıq. İran xiyarı, Türkiyə pomidoru, daha nə bilim hara məhsulu bazarda at oynadır. Hətta dünən yarmarkada danışırdılar ki, Gürcüstan əriyi adı ilə Bakıda satılan məhsul əslində Ermənistandan (!) gətirilir…
Bizim kənd təsərrüfatı məhv olanda əlbəttə ki, məhsul Ermənistandan gələcək. Bəlkə də bir az sonra işğal altındakı ərazilərdə yetişdirilən məhsul da Gürcüstan yolu ilə Bakı bazarlarına gəlib çıxacaq. Kənd təsərrüfatının məhv olmasından yazarkən gəlin Qazaxıstanı da xatırlayaq. Nədən ki, bizdə kombayn olmaması ucbatından məhsulun məhv olmasının Nazarbayevin ölkəsinə xeyli faydası var. Nədən ki, hər ilin sonlarında kənd təsərrüfatı naziri taxıl üçün üz tutur Qazaxıstana və Ukraynaya. Bunun ardınca taxılın idxalına qoyulan ƏDV ləğv edilir…Görünür, burda da kimlərəsə taxılın məhv olması sərf edir, ən azı, hansısa taxıl monopolistinə. Yoxsa Ağdamın ermənidə olmayan ərazilərində mina, güllə qorxusu altında taxıl əkənlərin başına belə fəlakət gətirməzdilər. İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Qazaxıstanın 30 milyard dollarlıq büdcəsinin cəmi 9 milyardı neft, 21 milyardı isə qeyri-neft sektoru hesabına formalaşır. Azərbaycan büdcəsinin isə 73 faizi neftin belindədir. Ötən il Azərbaycanın neftsiz büdcəsi cəmi 5,2 milyard dollar olub, neft-qazsız Gürcüstanın büdcəsindən 15 faiz az…Kəndlini torpaqdan soyudanda, kəndindən qaçmağa vadar edəndə əlbət ki, sonuc belə olmalıydı. Bu da siyasi məhbus, söz, kütləvi toplaşma, seçki məsələsilə bağlı problemlər deyil ki, inkar edəsiniz. Problem ortadadır. Bəzən kombayn sürdüyü yerdə şəkilləri yayılan cənab Abbasov bir yolunu Ağdamdan da salsın. Görək sürməyə kombayn tapacaqmı?