O, yeni eranın başlandığı mesajını da verib
“Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Xalqları Assambleyasının bu gün keçirilən 6-cı qurultayında Assambleya Şurası sədrinin müavini seçilib.
Bu gün keçirilən qurultayda Rusiyanın 80 subyektini təmsil edən 150 nümayəndə iştirak edib. Assamblyenın yeni sədri Svetlana Smirnova seçilib.
Qurumun yaradıcısı və rəhbəri olmuş Dağıstanın hazırkı rəhbəri Ramazan Abdulatipov isə Assambleyanın fəxri sədri seçilib.Çıxış edən Abdulatipov bildirib ki, milli siyasət ciddi məsələdir və bunun üçün cəmiyyətin nəzarəti lazımdır.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyaev isə Assambleyanın xalqlararası dostluq münasibətlərinin formalaşdırlmasında mühüm rol oynadığını bildirib.
Daha sonra prezident Vladimir Putinin qurultay iştirakçılarına təbriki oxunub. V.Putin təbrik məktubunda deyir: “Assambleya bu 15 ildə böyük işlər görüb. Dövlət bizim çoxmillətli xalqımızın birliyinin saxlanması üçün böyük diqqət ayırır”.
Ağsaqqallar Şurasının sədri Abbas Abbasov isə çıxışında hər kəsə təşəkkür edərək, uzaq yerlərdən gələn qonaqlara xüsusi minnətdarlığını bildirib. Qurultayın mühümlüyünü qeyd edən A.Abbasov “AzərRos”-un tarixində yeni era başladığını deyib. O, Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarına öz işlərində diqqətli olmağı və Rusiyada yaşayan azərbaycanlıların komfortlu yaşaması üçün əllərindən gələni etməli olduqlarını xatırladıb.
“Biz elə bir ölkədə yaşayırıq ki, burada azərbaycanlı və rusiyalı xalqlardan başqa digər xalqlar da yaşayır. Buna görə də biz təkcə özümüzü deyil, bütün xalqları düşünməli və maksimum dostluq əlaqələrini gücləndirməliyik”-deyə Abbas Abbasov diqqətə çatdırıb.
publika.az