Vahid namizəd qeydə alınmasa….
Boykot bir halda uğur vəd edir – ölkədə inqilabi şərait yaransın və seçkinin taleyi starta qədər həll olunsun
Seçkilərə təxminən 3 ay qalıb. Maraqlıdır ki, nə iqtidar, nə də müxalifət seçkilərdə hansı namizədlə iştirak edə biləcəyi məsələsinə birmənalı aydınlıq gətirə bilməyib. Hakim Yeni Azərbaycan Partiyası hazırkı dövlət başçısının namizədliyini irəli sürsə də, bəzi hakimiyyətyönlü partiyalar millət vəkili Mehriban Əliyevanın namizədliyini təklif edir.Hər iki düşərgə “ehtiyat namizəd”in müəyyən edilməsində çətinlik çəkir. Son 20 ildə ilk dəfədir ki, nə iqtidar, nə də ki, müxalifət seçkilərlə bağlı mövqeyini birmənalı müəyyən etməyib. Bununla belə, hər iki düşərgədən “ehtiyat liman” yaradılması zərurətini anlayan az deyil. Bu isə son dərəcə vacibdir. Elə bu səbəbdən aylar öncə bu sətirlərin müəllifi seçkilərdə “ehtiyat namizəd” konsepsiyasını irəli sürmüşdü. Belə bir simanın da vahid namizəd kimi partiyalılığının olmaması, nüfuzlu ziyalı olması konsepsiyasını hələ aylar öncə ictimai müzakirəyə təqdim etmişdik.
Aylar öncə vurğulamışdıq ki, vahid namizəd elə bir ziyalı sima seçilməlidir ki, onun qeydiyyat məsələsində gələcəkdə heç bir problem yarana bilməsin (Bu ideyanın gerçəkləşməməsinin əsil səbəbləri barədə seçkidən sonrakı təhlillərimizdə geniş söz aşmaq fikrindəyik).
Milli Şura nüfuzlu bir simanı – Rüstəm İbrahimbəyovu özünə rəhbər seçə bildi. İqtidar bəyan edir ki, yazıçının namizədliyi qeydə alınmayacaq. Müxalifətin bir hissəsi belə olacağı halda boykotla hədələyir.
Bir sözlə, seçkilərdə yenidən boykot taktikasından istifadə oluna bilmək ehtimalı yaranır. Siyasi qüvvələr mümkün taktika və gedişlərini müəyyənləşdirirlər. Hakimiyyət böhranı, xarici təzyiqlər iqtidarı dalana sürükləsə də, seçkiqabağı mühitin dəyişə biləcəyi, seçki qanunvericiliyində hər hansı islahatların aparılacağı hələ real görünmür. Ölkədə seçki mühiti yoxdur, müxalifətin vahid namizədi qeydə alınmaya bilər və havadan yenidən boykot qoxusu gəlir. Buna baxmayaraq, ölkədə alternativsiz seçki keçirilməyəcəyi bəllidir. Əgər Milli Şura təmsilçiləri seçkilərdən kənarda qalacaqlarsa, o halda digər müxalifətçi (MŞ üzvü olmayan) seçkilərə qatılacaq və heç kəs onu müxalifət maraqlarına zərbə vurmaqda ittiham edə bilməyəcək. Ən azı ona görə ki, “ümumi müxalifət marağı” deyilən bir anlayış olduqca mücərrəddir. Siyasətdə şəxsi və partiya maraqlarının əsas element olmadığını söyləyənlər, yumşaq desək, yanlışlığa yol verirlər. Bu baxımdan, qarşıdakı seçkilər siyasi liderlərlə yanaşı, müxalifətin maraqlarının gələcəyini təxmin etmiş olacaq.
Əlbəttə ki, R.İbrahimbəyovun namizədliyi ilə seçkilərə qatılmaq ən məqbul variantdır. Lakin bununla yanaşı, “ehtiyat namizəd”in müəyyənləşməsi də son dərəcə vacibdir. Öncədən yazıçının özünün də dəstəkləyəcəyi Rafiq Əliyev və ya Cəmil Həsənlinin vahid namizəd kimi irəli sürülməməsi yanlış idi və düşünmək lazım idi ki, Əsas Qanunun 100-cü maddəsi hansı problemləri yarada bilər.
Bu mərhələ artıq arxada qalıb. Heç olmasa indi adıçəkilən simaların “ikinci namizəd” kimi adının vurğulanması son dərəcə vacib görünür. Bu gün bütün siyasəti R.İbrahimbəyovun ətrafında qurmaq yanlış olardı. Əgər yazıçının namizədliyi qeydə alınmazsa və yaxud özü seçkidə iştirakdan başqa səbəbə görə imtina edərsə (belə bir versiya mövcuddur), müxalifət seçkilərdən kənarda qala bilər.
Əgər Milli Şuranın vahid namizədi seçkidə iştirak etməyəcəksə, bu qurumdan başqa bir şəxsin namizədliyi irəli sürülə bilər, bu, ən doğru seçim olardı və qətiyyən “alternativlik fonu yaratmaq” anlamına gələ bilməz.
Ümumiyyətlə, boykota hesablanmış düşüncələri hazırkı mərhələdə gündəmə gətirməyin özü yanlışdır. Bəri başdan protest elektoratını məğlubiyyətə hazırlamağa xidmət edən boykot taktikası müxalifətin son şanslarını da dəfn edə bilər.
Xatırladaq ki, müxalifət boykot taktikasından dəfələrlə istifadə edib. Bunlar fərqli vəziyyətlərdə həyata keçirilsələr də, nəticə eyni dərəcədə uğursuz olub.
Əgər R.İbrahimbəyovun namizədliyi qeydə alınmazsa və müxalifət bu dəfə də boykot taktikasına üstünlük verərsə, bu, iki dəfə dalbadal prezident seçkilərində iştirakdan imtina demək olardı. Belə vəziyyət siyasi partiyaların daha da zəiflədilməsinə və sosial bazasının daralmasına gətirib çıxarardı.
Belə olan təqdirdə, yenidən boykot taktikası barədə fikirləşmək nə dərəcədə məqbul variantdır? Boykot nə verə bilər? Bir halda ki, beynəlxalq təşkilatlar müxalifətin iştirakı olmadan da keçirilən seçkiləri tanıyacaqlar, sözükeçən taktikaya üstünlük vermək gözlənilən effekti verə bilərmi? Qeyd edək ki, seçkinin boykot edilməsi yalnız bir halda məqbul hesab oluna bilərdi ki, ölkədə inqilabi şərait yaransın və seçkinin taleyi starta qədər həll olunsun. Güc qurumları, maliyyə və digər resursları kifayət qədər güclü olan sərt idarəçilik tərəfdarları xarici amil olmadan istənilən cəhdin qarşısını almağa hələ ki qadirdirlər. Bu baxımdan seçkidə iştiraka zərurət yaranır. Məhz seçki yolu ilə mövcud iqtidarı laxlatmaq mümkündür…
Azər RƏŞİDOĞLU
musavat.com